Koronavirusdan qorunmaq üçün psixoloji məqamlar

 15:58 10.04.2020     2399

Koronavirusun pandemiya halını alaraq bütün dünyaya sürətlə yayıldığı üçün dövlət rəsmiləri, o cümlədən KİV və səhiyyə işçiləri üzləşdiyimiz təhlükə ilə bağlı ciddi xəbərdarlıqlar edir, əhalinin evdə qalmasını, zəruri hallarda küçəyə çıxarkən sosial məsafənin gözlənilməsini və qoruyucu davranışlara riayət etməyi tələb edirlər. Çünki bu cür qabaqlayıcı, qoruyucu tədbirlər və davranışlar virusun yayılmasının və xəstəliyə tutulmanın qarşısının alınmasına xidmət edir.

Pandemiyanın tüğyan etdiyi bir şəraitdə kiminsə yoluxucu xəstəliyə tutulmamaq üçün qoruyucu davranışlara əməl etməməsi, dövlətin “evdə qal” çağırışına məhəl qoymaması məsuliyyətsiz hərəkətdir və insanların ölümünə etinasız və laqeyd olmaq qədər xain davranışdır. Biz insanların nə düşündüyünü görə bilməsək də, onların davranış və hərəkətlərini müşahidə etməklə, onlar haqqında müəyyən qənaətə gələ bilirik. Deməli, üzləşdiyimiz pandemiyanın ölkəmizdə yayılmasının qarşısını almaq hər birimizdən, tövsiyə edilən qoruyucu davranışlara əməl etməyimizdən, fərd və millət olaraq inkişaf səviyyəmizdən asılıdır. İnsanın nizam-intizama, qadağalara eləcə də birgə yaşayış qaydalarına hansı səviyyədə əməl etməsi onun inkişafı ilə əlaqəli olan psixoloji məsələdir. Müşahidələr göstərir ki, bəzi adamlar sosial əlaqələrin məhdudlaşdırılması, ünsiyyət zamanı sosial məsafənin (2 metrdən ünsiyyət) saxlanılması ilə bağlı mütəxəssis çağırışlarına qarşı çıxaraq heç bir təhlükə yoxmuş kimi sərbəst gəzib-dolaşırlar. Bu cür davranışın səbəbi əsasən yalnış düşüncədən qaynaqlanır.

Bir qayda olaraq hər bir insan psixoloji cəhətdən inancına görə hərəkət edir. İnanc sistemi insanın düşüncə, hiss və hərəkət seçimlərinin nədənini təşkil edir, qəbul etdiyi qərarlara yön verir. İnanırıq ki, hər bir adamın sahib olduğu dəyərlər, inanclar o insanın qədəri olur. Əgər adam açıq şəkildə yalnış davranırsa və ya ağılsız hərəkət edirsə, deməli, problem onun inancı, o cümlədən düşüncəsiylə bağlıdır. Hər bir insanın fikri, hiss və hərəkəti onun inanclarına uyğun olur. Əgər fərdin davranış və hərəkətində, eləcə də hislərində uyğunsuzluq varsa, deməli, səbəbi düşüncədəki yanlışlıqda axtarmaq lazımdır. Koqnitiv psixologiyada fikirlərin belə yalnış axını “düşüncə xətaları” adlandırılır. Bu cür “düşüncə xətaları” hər yerdə və hər zaman özünü göstərə bilər, o cümlədən koronovirus kimi yolxucu xəstləyin sürətlə yayıldığı bir vaxtda da. Bu cür “düşüncə xətaları” hesabına adam yoluxucu xəstəliklə bağlı qoruyucu davranışlara əməl etmir, özünü sosial cəhətdən uzaqda (qarşı tərəfdən uzaqda) saxlaya bilmir. Bu cür düşüncə xətalarından biri səhv ümumiləşdirmədir. İnsan bir qayda olaraq hər hansı problemi, yeni bir cismi və ya hadisəni qavrayarkən özünün və tarixin keçmiş təcrübəsinə istinad edir.

Bəzi insanlar bu məntiqə əsaslanaraq hesab edirlər ki, koronavirus özünün əvvəlki “sələfləri” olan “donuz” və s. qriplərdən heç də qorxulu deyil. Bu cür yalnış qənaətə əsaslanaraq qoruyucu davranışlara, sosial uzaqlaşmaya əməl etmirlər. Ona görə də burada keçmiş təcrübə o qədər də faydalı deyil. Çünki keçmiş təcrübə yeni virusun fərqli xüsusiyyətlərə və fərqli yayılma sürətinə malik olduğunu qəbul etməyə mane olur. Daha yaxşı qorunmaq üçün əvvəlki təcrübəni bir kənara qoyub yeni virusun daha hiyləgər xüsusiyyətlərə malik olduğunu qəbul edib, ona qarşı mübarizə aparmaqdır. 

İkinci yanlışlıq insanda psixoloji müdafiə mexamizmindən qaynaqlanan problemi kiçiltməkdən ibarətdir. Koronavirus haqqında bir çox təsəvvürlər onun nə qədər riskli olduğunu azaldır. Bəzi insanlar “Koronavirus da əslində qripin bir növüdür” fikrini daha çox paylaşırlar. Amma statistika koronavirusun yayılma və öldürcü qabiliyyətinin nə qədər güclü olduğunu göstərir. Əgər belə olmasaydı bütün dövlət strukturları bu qədər ciddi narahatlıq keçirməz, vətəndaşları evdə qalmağa çağırmazdılar. 

Başqa bir düşüncə səhvi bu virusa yalnız yaşlıların yoluxması ilə əlaqədardır. Belə demək mümkünsə, koronavirus heç kimin şəxsiyyət vəsiqəsini yoxlamır. Ölkədə elan edilmiş karantin rejiminin pozulmasına yol açan amillərdən biri də KİV-də yayılan “Bu əsasən yaşlılara daha çox təsir edir” fikridir. Bu fikir doğru olsa da, o qənaətə gəlmək üçün əsas vermir ki, gənclər ona yoluxa bilməz. Yenə də qoruyucu davranışlara əməl etmək hamının borcdur.

Yanlış psixoloji qənaətdə olmaq

Adam özünün hisləri, eləcə də fəhmilə də baş verə biləcək hadisə, yaxud gözləntilərin doğru və yalan olacağı ilə bağlı müəyyən qənaətə gələ bilir.

Bəzən elə olur ki, insan hansısa pis bir hadisənin baş verəcəyindən qorxur, ehtiyatlanır. Amma təcrübə bunu əksini göstərir və heç bir pis hadisə baş vermir. Deməli, hiss və qənaətimiz yanlış olur. Bunun əksi də baş verir. İmtahana hazırlaşmayıb, “Mən elə hiss edirəm ki, qiymət alacam” deyib, lakin imtahanda uğursuzluqla üzləşən tələbələr də çox olur. Bu mənada bəzi adamların “alnıma nə yazılıbsa onu da görəcəm, koronovirus mənə heç nə edə bilməz” deyib arxayınlıqla küçədə dolaşması düzgün deyil. Ona görə belə düşünən adamlara tövsiyəmiz budur ki, sizin virusdan qorxmamağınız virusun olması faktını inkar edə bilməz. 

Falçılıq edənlər 

Bəzi insanlar təcrübə və ümumiləşdirmələrə əsaslanaraq sanki falçılıq edirlərmiş kimi heç bir pis hadisənin olmayacağı qənaətinə gəlirlər. Onlar bu cür yoluxucu xətəliklərlə bağlı keçmiş təcrübəyə, tarixi faktlara, ayrı-ayrı insanların, o cümlədən bəzi həkimlərin və elm adamlarının söylədikləri və yazdıqlarına, eləcə də şəxsi təcrübələrinə əsaslanırlar. Bu cür nikbinlik əslində yaxşı haldır. Əgər söhbət virusdan gedirsə, onda biz bu sahədə çalışan və zəngin iş təcrübəsi olan mütəxəssislərin - epidemoloqların məsləhətlərinə əməl  etməliyik.

Özünü haqlı bilənlər

Nəhayət, “Mən azad insanam və istədiyimi etməyə haqqım var” düşüncəsi ilə yaşayan bəzi insanlar sosial yöndən özlərini insanlardan uzaqda tutmağa, sosial məsafəni gözləməyə meyilli olmurlar. Onlar ortaq bir problemi həll etmək üçün bir araya gəlməyin vacibliyini qeyd etsələr də, sosial uzaqlaşmanı soyuq münasibət kimi dəyərləndirir və bu işin daha çox kollektivçi mədəniyyətə sahib olan Azərbaycan mədəniyyəti üçün səciyyəvi olmadığını qeyd edirlər. Belələri salamlaşarkən məsafədən salamlaşmağı özünə yad bir davranış tərzi hesab edir, aid olduğu mədəniyyətin təsirindən çıxa bilmədiyi üçün yenə də görüşərək salamlaşırlar. Onlar belə hərəkət etmələrini təhlükəsizlik kəmərindən istifadə etməməklə yalnız özünə zərəri olan şəxsi seçim kimi qiymətləndirirlər. Ancaq əslində təhlükəsizlik kəmərini taxmamaq özündən daha çox yaxınlarını, körpə uşağınızı risk altına qoymağa bənzəyir. Bu inanclardan birini özünüzdə görürsünüzsə, onda inancınızı yeniləməyə çalışın və davranışınızı dəyişdirin. Düşüncə səhvlərinə yol verdiyinizi dərk edirsinizsə, bu da yaxşıdır. Ən azından fərqli hərəkət edəcəyinizə ümid etmək olar. İnanclarımızı həqiqətə uyğunlaşdıraq və qoy həqiqət hərəkətlərimizə rəhbərlik etsin. 

Bu gün bütün dünya çətin bir sınaqla üz-üzə qalıb. Bu ağır sınaqdan sağ və salamat çıxmağımız millətimiz və dövlətimiz üçün taleyüklü məsələ olduğu üçün hər birimiz əlimizdən gələnin ən yaxşısını edərək bir-birimizi qorumaq üçün “biz” şüuruna köklənməliyik.

Psixologiya üzrə fəlsəfə doktoru, dosent CEYHUN ALIYEV