Meyxanaçılar niyə gənc yaşında ölür? - "Bu sənətdə sağlamlığı qorumaq çətindir"

 20:14 26.09.2020     7568

Şair, ssenarist, meyxanaçı Pərviz Arifin Redaktor.az müsahibəsi:

- Pərviz bəy, necə bir mühitdə doğulub, boya-başa çatmısınız?

- Əgər valideynlərin ali təhsilli olmağı ziyalı ailə sayılırsa, ziyalı ailədə doğulmuşam. Sonra da ortastatistik azərbaycanlı kimi böyümüşəm.

- Sözə marağınız nə zamandan bəri var?

- Söz hər şeyin əvvəlidir, ilkidir. Sözə bağlılığım güman edirəm ki, fitrətdən olub. Özümükəşfim isə məktəb illərinə təsadüf edir.

- Cəmiyyətlə uyğunlaşmağı bacarırsınızmı?

- Cəmiyyəti onun qələm sahibləri, ictimai xadimləri formalaşdırır və ya formalaşdırmalıdır. Bizim "zamanla ayaqlaşmaq" prinsipimiz sadəcə mənəvi yüksəlişin qarşısını kəsir. Əsasən cəmiyyətin bizə uyğunlaşmasını təmin etmək lazımdır.

- İşiniz sözlədi, sözü üzə deməyi bacarırsınızmı?

- Söz dəyərli məfhumdur. Onu xəlvətdə israf etmək olmaz. Yerində və qaydasında deyilməyi arzuolunandır.

- Həm şair, həm ssenarist, həm də meyxanaçı - hansı sizə daha yaxındı?

- Zahirdə bu sahələr fərqli görünsə də, nəticədə hər birinin kökü sözdür. Məndə hər şey şairlikdən başladı və düşünürəm ki, şeir daha alidir.

- Meyxana ilə şeir camiası nə qədər eyni olsa da, bir o qədər də fərqlidi. Hər ikisinin içində olmaq sizi yormur? Necə idarə edirsiniz?

- Təbii ki, fərq yetərincədir. Bu fərqlilik isə özünü biixtiyar biruzə verir. Şairlərin çevrəsində meyxana mənim əlavə statusum, meyxanaçıların əhatəsində şairlik fərdi qazancımdır

- Bildiyimiz qədəri ilə “De gəlsin” verilişində də naliyyətləriniz olub. Yenidən elə bir veriliş olsa qatılarsınız?

- 2014-cü il "De gəlsin" yarışmasının qalibi olmuşam. Nə vaxtsa ondan daha titullu yarış olsa iştirak edərəm.

- Təəssüf ki, meyxanaçıların çoxu cavan yaşda vəfat edir. Bu haqda nə fikirləşirsiniz? Onlar səhhətlərinə yetərincə diqqət yetirmir?

- Allah dünyasını dəyişən bütün söz əhlinə rəhmət eləsin. Məni ən çox sarsıdan Vüqar Biləcərinin vəfatı oldu. Bu camiədə sağlamlığa nəzarət etmək çox çətindir. Ümumi rejimsizlik bütün xəstəliklərin baisidir.

- Hazırda nə ilə məşğulsunuz, gələcək planlarınız nədir?

- Toy mərasimlərinə qadağa qoyulduğu üçün meyxana fəaliyyəti bir qədər səngiyib. Şairlik ruh halına uyğun davam edir. Ssenarist olaraq hazırda dörd yumorstik serialda imzam var.

- Müsahibəyə görə təşəkkür edir.

- Mən də sizə ayırdığınız zamana görə təşəkkür edirəm.