Qarabağda önümüzdəki günlərdə nə baş verəcək? - MÜSAHİBƏ

 09:44 20.11.2020     15788

Politoloq Tofiq Abbasov Redaktor.az-a müsahibə verib.

- Tofiq bəy, ATƏT-in Minsk qrupunun həmsədrləri Moskvaya səfər ediblər. Bu səfər haqqında nə deyə bilərsiniz?

- ATƏT-in Minsk qrupunun həmsədrlərinin Moskvaya səfər etməsinin əsas səbəbi Azərbaycanla Ermənistan arasında başa çatmış 44 günlük müharibə ilə bağlıdır. Rusiya həmsədr dövləti kimi digər həmsədr dövlətləri – Fransa və ABŞ-ı məlumatlandırmalı, sülhməramlı qüvvələrin yerinə yetirdiyi missiyanın ilkin təfərüatları ilə onları tanış etməli, Türkiyənin də monitorniq proseslərindəki iştirakını onlarla danışmalı idi. Çünki Türkiyə həmsədr olmasa da, Minsk qrupunun üzvüdür və Dağlıq Qarabağ məsələsində xüsusi mövqeyi var. Bu baxımdan, Minsk qrupunun Moskva səfərini əldə olunan razılaşma ilə tanışlıq kimi qiymətləndirmək olar.

- Fransa Prezidenti Emmanuel Makron Dağlıq Qarabağla bağlı məsələnin Minsk qrupu formatında müzakirəsi üçün əlindən gələni edəcəyini bildirib. Makronun burda marağı nədir? O, nəyə nail olmaq istəyir?

- Emmanuel Makron ilk gündən ermənipərəst mövqeyini qabardaraq göstərdi ki, o, tərəfsiz münasibət bildirə bilmir. Hətta, onun diktəsi ilə Fransa senatında, siyasi dairələrdə, Parisin meriyasında Azərbaycana qarşı sərt mövqe sərgiləndi. Lakin onların qondarma Dağlıq Qarabağa müstəqillik tanıma niyyətləri bölgəyə yeni bədbəxtçilik gətirə bilər. Çünki Ermənistan müharibəni uduzub. Özü də təkcə hərbi yox, həm də siyasi baxımdan uduzub. İndi Makron lazımsız fəallığını gücləndirəcəksə, ümumi işə zərər vermiş olacaq. Ona görə də Makronun fəaliyyətindən hər hansı bir müsbət nəticə gözləmək mənasızdır. Bəlli ki, o, münaqişənin yenidən alovlanmasının marağındadır.

- Tofiq bəy, Paşinyan öz çıxışlarında Dağlıq Qarabağ münaqişəsinin yenidən Minsk qrupu formatında həll olunmasını istədiyini bildirib. Qeyd edək ki, bu, Makronun mövqeyi ilə üst-üsə düşür.

- Makron və Paşinyan həqiqətəndə münaqişənin sülh yolu ilə həll olunmasını istəyirdilərsə, bəs onda sentyabrın 27-nə qədər onları nə saxlayırdı? Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk gündən xarici havadarlarının, o cümlədən Makronun dəstəyini alaraq, Azərbaycana qarşı mənfur, dağıdıcı mövqe nümayiş etdirirdi. Bunun da qarşılığında Azərbaycan əks-hücum həyata keçirərək, öz torpaqlarını hərbi yolla işğaldan azad etdi. Düşünürəm ki, bu, Paşinyan və havadarlarına yaxşı dərs oldu. Artıq onların nə istəmələrinin önəmi yoxdur. Vaxında münaqişənin sülh yolu ilə həllinə çalışmalı idilər. Lakin bunu etmədilər.

- Azərbaycan uğurlu hərbi əməliyyatlar həyata keçirərək, Ermənistan üzərində qələbə qazandı. Düşmən üzərində hərbi üstünlüyümüz açıq şəkildə görünür. Maraqlıdır, bəs siyasi üstünlüyümüz necədir?

- Hərbi qələbələr hər zaman siyasi imkanları gücləndirir, qələbəni təminatlı edir. Artıq siyasi tərəfdən də sözü deyən Azərbaycandır. Prezidentin, “Dağlıq Qarabağın status məsələsi birdəfəlik gündəmdən çıxdı” deməsi ondan xəbər verir ki, mövcud vəziyyətə təsir göstərən məhz Azərbaycandır. Çünki Azərbaycan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin həyata keçməsinə imkan yaratdı, digər tərəfdən, beynəlxalq qanunlara uyğun olaraq öz torpaqlarını işğaldan azad etdi. Bu da ondan xəbər verir ki, Azərbaycan dünyada qəbul olunan qanunlardan kənara çıxmayıb. Ona görə də bir çox siyasətçilər, o cümlədən Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın haqlı mübarizəsini dəstəklədiyini bildirib.

Mahir Xəttab \ Redaktor.az