Azərbaycanda karantin hər an sərtləşdirilə bilər - "YOLUXMA DAHA DA ARTARSA..."
Son günlərdə Azərbaycanda COVID-19 virusuna yoluxanların sayının sürətlə artması insanlar arasında bir çox sualların yaranmasına səbəb olub.
Millət vəkili Fazil Mustafa Redaktor.az-a açıqlamasında maraqlı məqamlara toxunub.
Fazil müəllim karantin qaydalarının yenidən sərtləşdirilməsi və ya qapanma gözlənilir mi?
- İndidən praqnozlaşdırmaq biraz çətindir, burada tendensiyanın necə gedəcəyi maraqlıdır. Bəlkə insanlar qaydalara əməl edəcəklər, qarşıdakı günlərdə yoluxanların sayı azalacaq? Əgər çoxalarsa, təbii ki, qapanmalar qaçılmaz olacaq. Amma müəyyən dərəcədə yoluxmanın sayı azalarsa, indiki tempdə davam etmək olar”.
- Qapanmalar olarsa, bir çox iş yerləri bağlanacaq. Bəs vətəndaşların maddi baxımdan təminatı üçün hansı addımlar atılmalıdır?
- Əlbətdə ki, qapanmalar çətinliklər yaradacaq. Unutmaq lazım deyil ki, insanların sağlamlığı daha vacibdir. Hamı tələb olunan dərəcədə qaydalara riayət etmir. Xəstəxanaların imkanları o dərəcədə geniş deyil ki, kütləvi şəkildə yoluxma zamanı o qədər xəstələri qəbul edə bilsin. Vəziyyət ətraflı şəkildə təhlil edilməli, sonra qərar verilməlidir.
- Ötən qapanmalarda işsiz və pandemiya səbəbindən gəlirləri azalan şəxslərə birdəfəlik yardım - 190 manat ödənilmişdir. Əgər yenidən qapanma olarsa, 190 manatın ödənilməsi gözlənilirmi?
- Çox guman ki, indiki şərtlərdə 190 manatın ödənilməsi real görünmür. Ödənilsə belə, bu, insanların xeyli hissəsinə əl çatan olmur. Bu, çıxış yolu deyil. Mənim fikrimcə, artıq sərbəstlik vermək lazımdır. Ümumi yoluxma kütləsini tutmaq lazımdır. Başqa çıxış yolumuz yoxdur. Əhalini tam yoxsullaşdırmaqdansa, açıb buraxsınlar, insanlar özlərini müalicə edərək və yaxud müəyyən vəziyyətdən çıxaraq bu prosesi tənzimləməlidir.
Aysel Hacıyeva / Redaktor.az