"İnanmağım gəlmirdi ki, 30 ildən sonra Şuşaya qayıdacam" - Şəhid oğlu ilə MÜSAHİBƏ - VİDEO

 09:00 28.09.2021     15038

O, sonuncu dəfə Şuşada 29 il əvvəl olmuşdu. 10 yaşındaykən erməni işğalı səbəbindən doğma şəhərindən köçkün düşmüşdü. Nəhayət uzun illər sonra müzəffər ordumuzun düşməndən azad etdiyi Şuşanı görmək ona da qismət oldu. Şəhərdə uşaqlıq xatirələrində qalan yollarla, xatirələrinin izi ilə yürüməyə başladı. İndi ona dar görünən, hər yeri böyürtkən kolu basmış küçələrlə gəzməyə başladı. Şəhid atasının, bacısının işlədiyi yerləri tapa bilsə də, yaşadıqları binanı, məktəb vaxtı həmişə böyük tənəffüslərdə qaçıb getdiyi xalası evini, həyətinə alma oğurluğuna getdiyi internat məktəbini, babasının ikimərtəbəli imarətini görə bilmədi...

Haqqında söhbət etdiyimiz şəxs şəhid oğlu, "Kaspi" qəzetinin əməkdaşı Bəxtiyar Məmmədlidir. Bu yaxınlarda göz açdığı şəhərdə olan həmkarımız səfər təəssüratını Redaktor.az-la bölüşüb.

- İllər sonra Şuşaya qayıtmaq necə hiss idi? 

- Şuşaya səfər edəcəyimizi eşidəndə çox təsirləndim. İnanmağım gəlmirdi ki, 30 ildən sonra Şuşaya qayıdacam. Biz müharibə vaxtı Şuşadan çıxmışdıq. Şükür ki, illər sonra doğma torpağımızı gedib görə bildik. Zəfər yolunun möhtəşəm görüntüsünü, Şuşanı görəndən sonra donmuşdum. Ata-baba yurduna, uşaqlıq xatirələrinin olduğu yerə geri qayıtmaq, yenidən görmək çox başqa bir hissdir. İnşallah, bərpa işləri başa çatdıqdan sonra Şuşaya geri qayıdıb dədə-babalarımızın ruhlarını sevindirəcəyik.

- Şuşada olarkən ilk diqqətini nə cəlb etdi?

- Diqqətimi ilk çəkən Daşaltıdan qalxanda yolun sol tərəfində dayanan Rusiya sülhmərmalıları oldu. Səmimi desəm bu görüntünü görmək heç də xoş deyildi. Bu yol bizim Laçına, Xankəndiyə, Ağdama gedib-gəldiyimiz yol idi. Diqqətimi çəkən ilk məqamlardan biri də Şorbulaq oldu. Ən təsiredici məqamlardan biri isə hər yerin xarabalığa çevrilməsi oldu. 30 il ərzində Ağdam, Füzuli, Cəbrayıl və digər işğal olunmuş ərazilər tamamilə dağıdılıb. Lakin Şuşanın bir hissəsi sağlam olsa da şəhər böyük bir xarabalığı xatırladır. Ermənilər Azərbaycanlılardan nəyin qisasını alırdı? Bunu başa düşmək çox çətindir. Şuşadakı xarabalıq təkcə daşın, divarın dağıdılması deyil. Ermənilər orada yaşayan insanların xatirələrini, izlərini silməyə çalışıb, vaxtilə orada yaşayan babalarımızın ruhunu təhqir edib. Bu həm də mənəvi terrordur.

- Bildiyim qədərilə Şuşaya vaxtilə bir neçə yol olub. Siz hansı yol ilə getdiniz?

- Vaxtilə Şuşaya bir neçə yol olub. Bunlardan Ağdam-Xankəndi yolu ən qısa yol idi. Bir də Laçın yolu var idi. Köhnə Şuşalılar bu yola "Akara yolu" deyirdi. Sovet dövründə Füzulidən Şuşaya yol çəkildi. Sadəcə olaraq bu yolun üzərində ermənilərin yaşadığı “Qırmızı bazar” qəsəbəsi var. Ora Rusiya sülhməramlılarının nəzarətində olan bir ərazidir. İndi Şuşaya çəkilən Zəfər yolunu Şuşa camaatı tanımırdı. Bu yolun çəkildiyi ərazini görəndə şəhidlərimizin, qazilərimizin bu əraziyə necə qalxdığını düşündüm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. O yolu getmək həqiqətən də böyük şücaət tələb edir. Qısa müddət ərzində dövlət başçımızın tapşırığı ilə möhtəşəm bir yol salınıb. İnsan həqiqətən də hiss edir ki, bu yol “Zəfər Yolu”dur. İnşallah 2024-cü ildə Şuşaya tunellərlə dördüncü yol da çəkiləcək.

- Ermənilər işğal zamanı bütün ərazilərimizi minalayıb. Bəs Şuşada vəziyyət necədir, təhlükəsizlik tədbirləri görülübmü?

- Müşahidələrimə əsasən deyə bilərəm ki, hələ də təhülkə var. Getdiyimiz yoldan kənara çıxmaq tövsiyə olunmur. Düzdür, Şuşanın özündə bu gün mina yoxdur. Amma bu o demək deyil ki, təhlükə yoxdur. Ehtiyat etmək lazımdır. 30 ildə ermənilər qəbristanlıqlarda belə mina basdırıb. Dərin basıdırılan minaları aşkar etmək daha çətindir. Ona görə də bu sahədə maarifləndirmə işinə ehtiyac var. Əsgər və polislərimiz öz sinələrini sipər çəkərək lazımi təhlükəsizlik tədbirlərini görür.

- Uşaqlıq illərinin xatirəsindəki Şuşa necə idi? Bu illər ərzində nələr dəyişib?

- Uşaqlıq illərimin Şuşası tamam başqadır. Mən Şuşadan 10 yaşında olanda çıxmışam. Səfər zamanı bizə sərbəst vaxt verilən kimi uşaqlıq xatirələrimdə qalan yollarla, xatirələrimin izi ilə  getməyə başladım. O vaxtki Azərbaycan kinoteatrına üz tutdum. Rəhmətlik atam orada işləyirdi.  Bu Bakıda yerləşən Azərbaycan kinoteatrının filialı idi. Oradan "Əmanət Bankı" olan “Sberkassa”nın yerləşdiyi yerə gəldim. Bacım orada işləyirdi. Bankın direktoru Əhməd müəllim yaddaşımda fərqli insan kimi qalıb. Bir az aralıda internat məktəbi var idi. Uşaq vaxtı onun həyətinə alma oğurluğuna gediridk. Amma bu məktəb indi yoxdur. Məşhur "Dördyol"a çıxıb tində yerləşən binaları xatırladım. O binalarda bizim evimiz var idi. İndi bu binalar yoxdur. Yolun sağında Qazança kilsəsi var idi. Bu kilsə hələ də qalmaqdadır. Məktəbdə oxuyanda böyük tənəffüsdə həmişə xalam gilə qaçırdım. Təəssüf ki, xalam gilin evi mayın 8-də Şuşanın işğal edildiyi gün top mərmiləri darmadağın edib.

- Bəs indi nələr dəyişib?

- Xatirələrimdə qalan Şuşa elə bil balacalaşıb, küçələr daralıb. Hər yeri böyürtkən kolu basıb. Tanıdığın yerləri indi tanımırsan. Dağıntılar o dərəcədədir ki, insanlar evlərini tapa, tanıya bilmir. Ermənilər xüsusilə azərbaycanlıların daha sıx yaşadığı aşağı məhəllələri, tarixi binaları, bəy evlərini tanınmaz hala gətirib. Evin köhnə daşını, divarını söküb nə etmək olar? Mən bu suala cavab tapa bilmədim. Bunun mahiyyətini mən dərk edə bilmirəm. Ermənilər Allahyar babamın evini bünövrəsinə qədər söküb, su quyusunu daşla doldurublar. Dayımgilin yaşadığı ikimərtəbəli hündür bina var idi. Halbuki indi o evdən quru bir divar qalıb. Bu çox dəhşətli mənzərə idi.

Biz Şuşada bina evində yaşamışıq. Həyət evləri aşağı hissədə idi. Orada olarkən söhbət əsnasında məlum oldu ki, yeni məhəllələr salınacaq və köhnə binalar ləğv olunacaq. Bizim evimizin yerində Zəfər məscidi tikiləcək. Yaşayış binaları, məktəblər, xəstəxanalar tikilib bərpa olduqdan sonra gedib Şuşada yaşayacağıq. Bu torpaqların neçə illərdi həsrətində olmuşuq. Şəxsən biz ailə olaraq bu şəhərin həsrətində olmuşuq. Şuşa bizə öz doğmalarımız qədər əzizdir. Mənim atam Birinci Qarabağ müharibəsində əsir düşüb, heç qəbri də yoxdur. Biz onu dəfn edə bilməmişik. Şuşa mənə həm də ona görə əzizdir. O, torpaqlara qayıdacağımız günü səbrsizliklə gözləyirik.

- Yəqin ki, səfərin ən çətin anı Şuşa ilə vidalaşmaq oldu. Sağollaşa bildinmi doğma şəhərinlə?

- Sağollaşmaq çox çətin oldu. Özlüyümdə fikirləşdim ki, imkan olsaydı heç qayıtmazdım. Amma buna məcburuq. Elə qaydalar var ki, hələlik onlara əməl etməliyik. Əvvəllər inciyirdim ki, məni Şuşaya niyə aparmırlar. Amma gedib görəndən sonra vəziyyəti başa düşdüm. Gələcəkdə hər birimiz o torpaqlara sərbəst şəkildə gedib gələcəyik. Biz Şuşadan qayıdanda həmkarım Hikmət Sabiroğlu ilə birlikdə idik. Şəhərdən çıxanda möhtəşəm görüntüyə baxanda onun gözləri doldu. O da  Şuşadan qayıtmaq istəmədiyini heç cür ifadə edə bilmirdi. Bircə onu deyə bildi ki, Pənahəli xan da şəhər tikməyə yer tapıb da. Bu hamımız üçün çox ağır idi. Şəhər gözdən itənə qədər baxa-baxa qaldıq. Hətta Bakıya qayıtdıqdan bir neçə gün sonra özümə gələ bildim.

Şəbnəm Mehdizadə