"Sağlamlıq üçün deyil, trenddən geri qalmamaq üçün arıqlamağa çalışırlar" - Həkim-dietoloqla MÜSAHİBƏ - VİDEO

Hər kəs xəyalındakı ideal çəkiyə sahib olmaq istəyir. Lakin çox az insan bu hədəfinə çatır. Bəzən isə ideal çəki uğrunda öz sağlamlığımızı qurban verməkdən belə çəkinmirik. Bəs arıqlamaq üçün istifadə etdiyimiz vasitələrin və üsulların yanlış və ya doğru olduğunu müəyyən edə bilərik?
Həkim-dietoloq Leyla Zülfüqarlı Redaktor.az-a müsahibəsində sağlam şəkildə arıqlamağın üsullarından danışıb.
-Son dövrlərdə arıqlamaq bir növ dəb halını alıb. Hər kəs müxtəlif üsullarla arzuladığı çəkiyə çatmaq istəyir. Ümumiyyətlə, özbaşına hansısa metodlarla arıqlamaq riskli deyilmi?
- Təəssüf ki, insanlar son dövrlərdə sağlamlıq üçün deyil, trenddən qalmamaq üçün arıqlamağa çalışır. Hətta konkret rəqəmlərlə müraciət edənlər belə var. Əslində görürsən ki, bu insanın sağlamlığında və çəkisində problem yoxdur. İnsanlar başa düşməlidir ki. gözəllik üçün yox, sağlamlıq üçün arıqlamaq lazımdır. Əgər sizdə artıq çəki sindiromu yoxdursa, narahat olmağa əsas yoxdur. Sağlamlığınız yerindədirsə və xarici görünüşünüzdə ciddi problem yoxdursa, arıqlamağınıza bir səbəb yoxdur.
- Sağlamlıqdan danışırıqsa, qida rasionu önəmli faktordur. Qida rasionumuzu necə təşkil etməliyik?
- Hər mövsümün özünəməxsus bəslənmə tərzi var. Yay aylarında tər vasitəsilə toksinlər bədənimizdən ifraz olunur. İsti aylarda daha çox maye qəbul etmək lazımdır. Amma təəssüf ki, insanlar maye ehtiyacını səhv maye ilə ödəyir. Daha çox qazlı, energetik içkilərə üstünlük verilir. Bu çox ciddi səhvdir və orqanizmin zəhərlənməsidir. Yaxşı olar ki, maye tərkibli qidalara üstünlük verilsin. Rasionumuzda meyvə, tərəvəz üstünlük təşkil etməlidir.
- Bəs min bir zəhmətlə arıqladıqdan sonra əvvəlki çəkiyə qayıtmamaq üçün nə etmək lazımdır?
- Arıqlamaq biokimyəvi prosesdir. Əgər insan doğru qaydada çəki verirsə, əvvəlki çəki geri qayıtmır. Bundan əlavə olaraq insan arıqladıqdan sonra bəslənmə tərzinə də fikir verməlidir. Məsələ bu qədər bəsitdir.
- Bəzən gecələr iştahımıza yox deyə bilmirik. Gecə qida qəbulu həqiqətən kökəldir, yoxsa bu bir mifdir?
- Gecə yemək təbii ki, kökəldir. Lakin bu orqanizmdən asılı olaraq dəyişir. Gecələr adətən yağ yaranmasını sürətləndirən proses başlayır. Məhz bu baxımdan arıqlamaq istəyən şəxslərə gecə yeməklərinə məhdudiyyət qoyulur. Lakin gecə növbəsində çalışan minlərlə insan var. Belə çıxır ki, onlar hamısı piylənmədən əziyyət çəkir? Əgər insanın iş rejimi gecə saatlarında bitirsə, biz onun üçün xüsusi planlama edirik. Bəzi hormonları idarə etmək üçün günün birinci yarısı lazımi qidalar qəbul edilir. Bütün hallarda son yeməyimiz yuxudan üç saat öncə olmalıdır. Bu stabil bir qaydadır.
- Son illər uşaqlarda da piylənmə müşahidə olunur. Uşaqlar niyə kökəlir?
- Uşaqların kökəlmə səbəbləri ciddi məqamlara söykənir. Uşaqlarda köklük problemi 8-14 yaş aralığında müşahidə edilir. Belə ki, ikincili cinsi yetişkənlik dövrü başlarkən orqanizmdə hormonların dəyişməsi nəticəsində stabillik pozulur. Uşaqların daha əvvəl qeyri-sağlam qidalanması bununla birbaşa bağlıdır. Uşaqlarda kökəlmə paralel olaraq digər xəstəliklərin yaranmasına da səbəb ola bilir.
- Valideynlər uşaqların qida rasionunu necə təşkil etməlidir?
- Bizim sovet dövründən öyrəşdiyimiz stereotiplər var. Uşaqları şirin çay, şirniyyat tərkibli qidalarla yükləyirik. İlk növbədə buna "stop" deməliyik. Əksər Azərbaycanlının səhər yeməyində şirin çay var. Buna son vermək lazımdır. Digər bir səhv isə uşaqları hazır yeməyə öyrətməyimizdir. Bəzən uşaqlarımızı mükafatlandırmaq üçün onları hansısa fast-food restoranına aparırıq. Bu çox ciddi səhvdir. Valideynlər səhv olduğunu bilir, amma bunu təkrar edir. Bəzən isə “bir dəfədən heç nə olmaz” deyirlər. Halbuki uşaqların dad reseptorları bu qidaları tanıdıqdan sonra onlarda asılılıq yaranır.
- Bəzən sosial şəbəkələrdə bu tip elanlar qarşımıza çıxır - "bir həftəyə on kiloqram arıqla. Bu nə dərəcədə düzgündür?
- Arıqlamaq üçün təbliğatı aparılan istənilən məhsulla arıqlamaq mifdir. Hər kəs bilir ki, yaxşı məhsul özünü bu qədər reklam etmir. Mənim konseptimdə pasientim qısa müddətdə ciddi kilolar verə bilir. Ən çox piylənmədən əziyyət çəkən insan bir aya 15-20 kq arıqlaya bilər. Amma 10 kq artıq çəkisi olan şəxs bir aya bunu ata bilməz. Bunlar yanlış və bəzədilmiş cümlələrdir.
- Artıq çəkidən azad olmaq üçün bəzən müxtəlif çaylardan, kofelərdən, həblərdən istifadə edilir. Bu üsulla arıqlamaq nə dərəcədə düzgünüdür?
- Arıqlamaq mütləq professional qaydada aparılmalıdır. İnsanların kökəlmə səbəbləri fərqlidir. Ona görə də kökəlməni yaradan faktor aradan götürülməlidir. Arıqladıcı vasitə kimi kofelər, həblər, çaylarla bağlı bir neçə məqam var. Əgər bir məhsul insanı iştahdan kəsirsə, deməli bu yanlış üsuldur. Qidalanma özü bir elmdir. Biz qidalanaraq arıqlamalıyıq. Lakin bu məhsulları sizi ac saxlayaraq arıqladır. Ac qalan zaman orqanizm öz enerji resurslarını parçalayaraq arıqlayır. Lakin sağlam qidalanma elmi bunun tam əksini söyləyir. Biz qidalanaraq arıqlamalıyıq. Biz millət olaraq çay içənik. Bəzilərimiz hətta çaysız qala bilmir. Lakin qara çayın orqanizmə zərərləri bəllidir. Mən özüm pasientlərimin doğru çay içməsi üçün “LZ detox çayları” hazırladım. Bu çayları mən Azərbaycan təbiətindən əldə olunmuş tam təbii otlardan hazırlamışam. 7 tərkibdən ibarətdir. Qeyd edim ki, bu çay orqanizmdən toksinləri qovmaqla yanaşı sizi iştahdan kəsmir. Beləliklə siz sağlam şəkildə çəki ata bilirsiz.
Şəbnəm Mehdizadə