"Prezident qəlbində bizdən də radikaldır" - Deputat Razi Nurullayevlə MÜSAHİBƏ

 10:33 12.01.2022     18806

Redaktor.az-ın "Bizim müsahib" rubrikasının budəfəki qonağı Milli Məclisin deputatı Razi Nurullayevdir. 

- Razi müəllim, hazırda dünyanın gündəmində Qazaxıstanda baş verən proseslər dayanır. Siz bu prosesləri necə qiymətləndirirsiniz? Yanacağın qiymətinin artmasına etirazla başlayan proseslər sizcə nədən xəbər verir?

- Qazaxıstanda baş verənləri qiymətləndirmək hazırda çox çətindir. Hesab edirəm ki, xarici aqressiya və xarici qüvvələr bu prosesləri bir qədər şişirməyə çalışdı. Lakin bununla yanaşı baş verənlər uzun illər ərzində toplanan sosial narazılığın partlayışı idi. Qazaxıstanda 126 nəfərin ölməsi mənim üçün çox ağır idi. Təəssüf ki, Qazaxıstan kimi güclü bir dövlət dünyaya bu şəkildə təqdim olundu. Bu gün Qazaxısanta fərqli müstəvidən baxılır. Niyə Ermənistan və və digər KTMT dövlətlərinin hərbçiləri gəlib orada asayişi bərpa etməli idi? Qazaxıstanın 110 minlik ordusu var. İqtidar öz ordusunun gücündən istifadə etmək əvəzinə başqa dövlətlərin nümayəndələrini xarici aqresiya adı altında Qazaxıstana dəvət etdi. Bütün bunlar müxtəlif suallar və narazılıq doğurur. Bu hadisələr eynilə 1990-cı il yanvarın 20-də Azərbaycanda baş verən hadisələrin təkrarı kimi də nəzərdən keçirilə bilər. Qazaxıstanda baş verən bu hadisələr mənim üçün çox böyük şübhələr yaradır. Hesab edirəm ki, bundan sonrakı dövrdə Qazaxıstanın hazırki iqtidarı nə ölkəni əvvəlki kimi idarə edə biləcək, nə də insanların ona rəğbəti olacaq.

- Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya, Belarus, Qazaxıstan və Ukrayna arasında ittifaq yaradılacağını bildirib. Bu arada Rusiya SSRİ-ni yenidən bərpa etmək istəyi barədə açıqlamalar verilir. Sizcə, SSRİ-nin yenidən bərpası mümkündürmü?

- SSRİ-nin əvvəlki formatda bərpası mümkün deyil. Amma təbii ki, Rusiyanın SSRİ-ni bərpa etmək kimi ideyası hər zaman olub və indi də var. İndi müstəqilliyini elan etmiş dövlətlər gərək o imkanı yaratmasın ki, Rusiya da bu iddialara düşə bilsin. Qazaxıstanın bu hərəkəti SSRİ-nin bərpasına bir çağırış idi. Qazaxıtsan lazım olmadığı halda digər ölkələri də çətin vəziyyət qoydu. Hesab edirəm ki, heç bir ölkə SSRİ-nin bərpasına razılıq verməz. Biz müstəqil və suveren dövlətlərik. Müxtəlif beynəlxalq təşkilatlarda təmsil olunuruq və öhdəliklərimiz var. Əslində SSRİ-nin bərpa etmək o qədər də asan deyil. Belarus və Rusiya yaxın qardaş ölkələrdir. Lakin 30 il keçməsinə baxmayaraq hələ də ümumi dövlət prinsiplərinə heç yaxınlaşa bilməyiblər. Onların heç vahid valyutaları da yoxdur. Bu mənada SSRi-ni bərpa etmək heç də asan məsələ deyil. Nə də Rusiya o siyasi hərbi gücdə deyil ki, SSRİ-ni zor gücü ilə bərpa edə bilsin. Digər tərəfdən dünya da o dünya deyil ki, bu prosslərə göz yumsun. Rusiya ilə Ukrayna arasında baş verən hadisələr dünya ölkələri ilə Rusiyanı az qala müharibə həddinə çatdırıb. Buna yol vermək olmaz.

- Ötən ay Avrasiya İttifaqının toplantısında Nursultan Nazarbayev Azərbaycanı bu ittifaqa müşahidəçi qismində üzvlüyə dəvət edib. Sizcə, Rusiyanın yaratmaq istədiyi yeni ittifaqa Azərbaycanın da üzvlüyü tələb oluna bilərmi? Ümumiyyətlə, Azərbaycana təzyiqlər ola bilərmi?

- Hesab edirəm ki, Azərbaycanın Avrasiya İttifaqına üzvlüyünün nəzərdən keçirilməsi mümkün olmayacaq. Bəlkə də Qazaxıstan hadisələri olmasaydı cəmiyyət buna liberal yanaşa bilərdi. Azərbaycan Avrasiya İttifaqına nə müşahidəçi qismində, nə də  başqa formada üzv olmamalıdır. KTMT-yə də üzvlükdən söhbət gedə bilməz. Azərbaycanın özünün apardığı balanslaşdırılmış siyasət var və bu siyasəti davam etdirəcək. Azərbaycan Türk Dövlətləri Təşkilatının üzvüdür. Onu inkişaf etdirmək üçün müəyyən yol xəritəsi də var. Təəssüf ki, Qazaxıstanda baş verən hadisələr bu təşkilatı da zəiflətmiş oldu. 

- Qarabağda Rusiya sülhmərmalılarının fəaliyyəti ilə bağlı Azərbaycan cəmiyyətində müəyyən narazılıqlar var. Belə fikirlər var ki, Rusiya öz qoşunlarını Qarabağda daimi saxlamaq niyyətindədir. Bəs, Azərbaycan Xankəndidə sülhməramlılarla bağlı nə etməlidir?

- O sülhməramlıların adı sülhməramlıdır. Əlində silah, tankla gələn ordu sülhməramlı ola bilməz. Əgər bir əsgərin əlində silah varsa, o hərbi aksiyanı yerinə yetirən bir elementdir. Bu mənada Rusiyanın Qarabağdakı iştirakı da bəyənilən deyil. Hesab edirəm ki, beş ilin tamamında rus sülhməramlıları Azərbaycan ərazisini tərk etməlidir. O vaxta qədər Azərbaycan artıq Ermənistan üçün təkliflərini verib, şərtlərini açıqlayıb. Ermənistan bunu qəbul etmirsə və onilliklər boyu da qəbul etməzsə, Rusiya ordusu orada kökmü salmalıdır? Rusiya ordusu Qarabağda kök saldıqca onu sonradan o ərazilərdən çıxarmaq ümumiyyətlə mümkün olmaz. Beş ildən sonra biz sülhməramlılara yox deməliyik. Rus qoşunları Azərbaycan ərazisini tərk etməlidir. Bu, birmənalıdır. Azərbaycan iqtidarının da apardığı siyasət məhz bu yöndədir. Xalq öz torpaqlarını öz canı-qanı bahasına işğaldan azad edib. Bundan sonra rusların gəlib ermənilərə qahmar çıxması, rus əsgərinə heykəl qoyması qəbul edilən deyil. Rus sülhməramlılarının Qarabağda öz doğma evindəki kimi aparması və ermənilərə birtərəfli qaydada kömək etməsi, Azərbaycana qarşı öz qərəzini nümayiş etdirməsi bizim tərəfdən qəbul olunmur.

- Zəngəzur dəhlizinin açılmasına hansı dövlətlər mane olur?

- Zəngəzur dəhlizinin açılmasına hazırda mane törədən yoxdur. Onlar buna nə cür mane törədə bilər axı? Bir zamanlar İranın bu məsələ ilə bağlı bəzi cavab verilməmiş sualları və şübhələri var idi. İndi artıq İranın da şübhələri aradan qalxıb və İran da Zəngəzur dəhlizinin açılmasına əks tərəf deyil. Erməni lobbisinin təsiri altında Fransa bu məsələni şübhə altına almaq və məsələni Qarabağın statusuna bağlamaq istəyirdi. Hesab edirəm ki, artıq bu məsələlər də aradan qalxır. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən son iki görüşdə Zəngəzur dəhlizinin mütləq şəkildə açılacağı təsdiq edildi. Paşinyan bununla bağlı qərarını açıqlayıb. Azərbaycan tərəfindən artıq dəmir və avtomobil yolları çəkilir. Yəni Zəngəzur dəhlizi ilə bağlı prinsipial və strateji məsələr həll olunub. İndi məsələlərin əməli şəkildə həyata keçirilməsi qalıb. Hansısa dövlətin buna qarşı çıxması belə layihəni dayandıra bilməz. Layihənin əleyhinə olan ölkələr də özlərini pis vəziyyətdə qoymamaq, Azərbaycan və Türkiyə ilə münasibətlərini korlamamaq üçün bu dəhlizin açılmasına mane olmayacaqlar.

- Sizcə  Xankəndi, Xocalı və keçmiş Ağdərə rayonunun taleyi necə olacaq?

- Bu suala ancaq ritorik cavab verə bilərəm. Mən danışıqlar prosesinin içində deyiləm. Mən nə xarici işlər naziri deyiləm, nə də prezident və hökumətlə bu məsələni müzakirə etmirəm. Lakin Azərbaycan xalqı o ərazilərə mütləq şəkildə qayıtmalıdır. O ərazilərdəki ermənilər Azərbaycanda yaşamaq istəyirsə yaşasın, istəmirlərsə yolları açıqdır, Ermənistana gedə bilərlər. Biz heç kimi məcbur orada tutub saxlamamışıq. Mən öz torpağımda uzun müddət onlara loyallıq gösətərə bilmərəm. Mən uzun müddət ermənilərin başına sığal çəkə bilmərəm. Mən uzun müddət Xocalıda ölənlərin yaxınlarına təsəlli verə bilmərəm. Mən onlara izah edə bilmərəm ki, siz niyə hələ də öz torpağınıza qayıtmırsınız? Niyə görə orada Araik Arutunyanın mundar ayağı bizim torpağımıza dəyir? Bu uzun müddət davam edə bilməz. Azərbaycan hökumətinin apardığı siyasət və atdığı addımlar qənaətbəxşdir. Bütün bunlar üçün zaman lazımdır. Mən müxalifyönlü partiya sədriyəm. Bu mövzuda öz fikirlərimi daha sərbəst, qətiyyətli, radikal şəkildə ifadə edə bilirəm. Azərbaycan Prezidenti bunu bu şəkildə ifadə edə bilməz. O, müxtəlif beynəlxalq təşkilatları, danışıqlar prosesini nəzərə alaraq daha diplomatik şəkildə danışmalıdır. Lakin qəlbində o bizdən də radikaldır. Bu məsələdən Azərbaycan xalqının da vahid mövqeyi var. O ərazilər Azərbaycana məxsusdur. O ərazilərdə Azərbaycan qanunları hökm sürməlidir. 

- Bu yaxınlarda Moskvada azərbaycanlı və erməni ziyalıları arasında görüş keçirilib. Sizcə bu formada görüşlərin təşkili iki cəmiyyəti barışdıra bilərmi?

- Cəmiyyətlər arasında barışıq mümkündür və bu olmalıdır. Biz ömür boyu düşmən olaraq qaldıqca, Qarabağdakı erməniləri öz tərəfimizə çəkə bilməyəcəyik. Belə təmasların olması lazımdır. Dünya ictimaiyyəti bizi günahlandırmasın ki, ermənilər sizdən qorxur, siz ermənilərlə danışmaq istəmirsiniz, onları qovmaq və öldürmək istəyirsiniz. Bu həm də onu göstərir ki, Azərbaycan ermənilərlə barışmağa və sülh müqaviləsi imzalamağa hazırdır. Ziyalılar səviyyəsində də danışmağa hər zaman hazırıq. Gəlin barışaq, normal yaşayaq. Lakin siz ərazi iddiaları və məkrli planlarınızı geri çəkin. Biz ermənilərlə nə qədər danışsaq da, görüşsək də Azərbaycan xalqının qan yaddaşı var. Onların bizə etdiklərini unutsaq, gələcək nəsil bizi bağışlamaz. Biz qan yaddaşımızı unutmamlıyıq. Ermənilərlə birgə yaşaya bilərik. Lakin elə addımlar atmalıyıq ki, ermənilər bizim başımıza gətirdikləri bəlaları yenidən gətirməsin.

- Milli Məclisdə yas mərasİmlərinin təşkilinə icazə verilməsi bağlı təkliflə çıxış etmişdiniz. Soruşmaq istəyirdim ki, Operativ Qərargah bu təklifinizə cavab verdimi? Yeri gəlmişkən, bu yaxınlarda siz seçicilərinizlə görüşə gedərkən, yas mərasimində iştirak etmisiniz. Bu, sosial şəbəkələrdə qınağa da səbəb oldu...

- Operativ Qərargah birbaşa mənə istinad etməsə də, bu suala cavab verdi. Səbəb göstərilir ki, yaslarda insanların gəlişinin axınına və COVİD-19 pasportuna nəzarət etmək imkanı məhduddur. Lakin hesab edirəm ki, bunu toylarda və müxtəlif toplantılarda da etmək mümkündürsə, niyə yaslarda mümkün olmasın? Xarici müğənnilər Azərbaycanda minlərlə insana konsertlər verir. Konsertlərdən başqa digər siyasi və iqtisadi toplantılar da keçirilir. Belə bir sual yaranır, nəyə görə onlara olar bizə olmaz? Əgər ədalət tərəzisi varsa, hər kəsə bərabər formada şamil olunmalıdır. Pandemiyanın qarşısının alınmasının tərəfdarıyam. Lakin insanlara doğru şəkildə izah etmək lazımdır. Yas məclisi mənəviyyat məsələsidir. İnsan atasını, anasını hörmətlə torpağın altına qoymaq istəyir. İnsanın atası bir gün ölür. Kütləvi şəkildə olmasa da, ən az 50-100 nəfərlik məclisə icazə verilməlidir. Buna nəzarət oluna bilər. Onsuz da yasını keçirmək istəyən şəxs bunu bir şəkildə edir. Hər kəsin kənd yerlərində böyük evi var. Kimsə həyətdə gizlin şəkildə, kimisi balkonda, həyətdə, qarajda məclis verir. Adətən qadınlar mərasim zallarına gəlmir və evlərdə toplaşır. Bunun qarşısını almaq mümkün deyil. Müəyyən qaydalar çərçivəsində yaslara icazə verilməlidir.

Qaldı ki, mənim yas mərasimində iştirakıma, mən yasda iştirak eməmişəm. Adətən ölən şəxsin yeddisi çıxdıqdan sonra baş sağlığı verirəm. Bilirəm ki, bu olmaz. Sosial şəbəkələrdə də insanlar məni müdafiə edir. Danışanlar isə qəlbində qaranlıq olan, ölüsünə-dirisinə hörmət qoymayan adamlardı. Mənəviyyatı kasad insan ölüsünə də gəlir mənbəyi kimi baxır. Mən dinə inancı olan mənəviyyatlı insanlar üçün bu təklifi vermişdim. Onlar da bu fikrimi yüksək qiymətləndirir. Qiymətləndirməyənlər kasad, mənəviyyatsız insanların isə yolları açıq olsun.

- Son günlər ölkəmizdə qiymət artımları müşahidə olunmaqdadır. Ərzaq və qeyri-ərzaq məshullarının bahalaşması sosial narazılıqlara səbəb olur. Sizcə, hökumət bu istiqamətdə hansı addımlar atmalıdır?

- Hazırda hökumətin ortaya qoyduğu ideya belədir ki, bütün dünyada ərzağın, enerji daşyıcılarının qiyməti artır. Hətta belə bir fikir var ki, bütün bunların günahkarı Çindir. Çünki Çin dünyanın ərzaq ehtiyatının 50 faizini alıb və öz anbarlarına yığıb. Bu fikirdə müəyyən həqiqət payı ola bilər. Amma bu, o demək deyil ki, biz öz ərzaq təhülkəsizliyimizi təmin edə və neftdən olan asılılığımızı aradan qaldıra bilməyək. Təəssüflər olsun ki, Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi, yeni iş yerlərinin açılması, daxili istehsalın inkişafına təkan vermək üçün atılan addımlar kifayət etmir. Azərbaycanda iqtisadi inkişaf və qiymət artımının qarşısının alınması, qeyri-neft sektorunun inkişafı ilə bağlı verilən qərarları və bütün sənədləri araşdırsaq görərik ki, onlarla belə sənəd var. Amma bu sənədlərin nəticəsini də moniotorinq etmək lazımdır. Görək bu müddətdə nələrə nail ola bilmişik? Nəyə görə Azərbaycanda rəqabətli məhsullar istehsal edilə bilmir? Niyə biz xarici faktorlardan asılı qalmışıq? 30 il  ərzində Azərbaycan neftdən 200 milyarddan çox pul qazanıb. Bəs nəyə görə biz öz istehsalımızı bərpa edə bilməmişik? Düzdür, biz indi diqqətimizi Qarabağa yönəltmişik. Qarabağın bərpası üçün çox ciddi xərc çəkilib. İndiki bahalaşmanı buna bağlasaq, hardasa başa düşmək olar. Çünki bir mərmi belə pulsuz atılmır. Bunların hamısı böyük xərclərə başa gəlir. Azərbaycan müharibədən sonra öz tarixində görmədiyi maliyyə yükü ilə üzləşdi. Bütün bunların yeri doldurulmalıdır. Lakin zəfər çalan xalq daha yaxşı yaşamaq istəyir. Təəssüf ki, müharibədən sonra bizim çətinliklərimiz artdı. Əgər bu müharibə ilə bağlıdırsa, qoy açıq şəkildə etiraf edilsin ki, biz 44 günlük müharibədə çəkdiyimiz maliyyə yükündən dolayı insanlarımıza ləyaqətli həyat verə bilmirik, iki-üç ildən sonra iqtisadiyatımızı bərpa edəcəyik və insanlarımız ləyaqətli şəkildə yaşayacaq. Bütün bunları açıq şəkildə etiraf etmək lazımdır ki, insanlarımızın qəlbində şübhə qalmasın. Digər tərəfdən, pandemiya da iqtisadiyyatımıza ağır zərbələr vurdu. İnsanlara vaxt deyilməlidir ki, nə vaxt xalqımız daha yaxşı şəraitdə yaşayacaq. Vətəndaş bilməlidir ki, nəyə ümid etsin, nəyə ümid etməsin.

Şəbnəm Mehdizadə