“Ordumuzun harada dayanmağına Ali Baş Komandan qərar verir, Moskvada oturan kimsə yox!” - Elman Məmmədov

 11:47 29.03.2022     18845

Redaktor.az 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən Milli Məclisin deputatı Elman Məmmədovla müsahibəni təqdim edir:

- Bildiyiniz kimi, bir neçə gün öncə ordumuz Xocalı rayonunun Fərrux kəndini düşməndən azad etdi. Sizcə Fərrux zirvəsinin ordumuz üçün hansı əhəmiyyəti var?

- Xocalı rayon sakini, o yerlərə bələd olan bir şəxs kimi deyə bilərəm ki, Azərbaycan ordusunun yeni mövqeləri o ərazidə çox mühüm hərbi, strateji dəyərə malikdir. O ərazilər Fərrux, Daşbaşı yüksəklikləridir. Pirlər kəndi bir az aşağıda, dağın döşündədir, ancaq Fərrux və Daşbaşı tam yüksəklikdə, dağın üstündədir. O ərazilərdə mövqe tutan Azərbaycan hərbçiləri çox geniş əraziyə oradan nəzarət edə bilirlər.

- Xocalı sakini olaraq bu ərazilərin azad edilməsini necə qiymətləndirirsiniz?

- Biz sevinirik. Sevinməliyik də. Ərazilərimiz seperatçılardan, qeyri-qanuni birləşmələrdən, düşməndən təmizlənir. Bu bizim növbəti uğurumuz olmaqla yanaşı, eyni zamanda qarşımızda duran çox ciddi, məsuliyyətli müqəddəs vəzifələrdən biridir. Uzun illər ərazimizdə köç salmış seperatçıların, qeyri-qanuni silahlı birləşmələrin, terrorçuların, cinayətkarların təmizlənməsi, ərazimizdən çıxarılması üçün tədbirlər görürük və hesab edirəm ki, bu proses davam edəcək, etməlidir də.

- Sizcə Fərruxun davamı gələcəkmi? Xocalı rayonunu da azad edə biləcəyik?

- Fərrux kəndi Xocalı rayonunun kəndlərindən biridir. Oradan Xocalıya çox az bir məsafə qalır. İnşaallah cənab prezidentimizin dediyi kimi bizim ərazilərimizdə qanunlarımızla yaşamayan, qanunlarımızı pozan, bizim dövlətimizə və xalqımıza qarşı cinayət törədən arzuolunmaz heç kim qalmamalıdır, qalmayacaq da. Biz bu prosesi axıra qədər davam etdirəcəyik. Bu gün Fərruxda, Daşbaşında dalğalanan üçrəngli bayrağımız İnşaallah Xocalıda da, Xankəndidə də, Ağdərədə də, Xocavənddə də, bütün yaşayış məntəqələrimizdə dalğalanacaq.

- Bəzi ölkələrdən, beynəlxalq qurumlardan ordumuzun separatçı erməni dəstələrini öz suveren ərazimizdən çıxarmasını qəbul etməyən açıqlamalar eşitdik. Bununla bağlı nə deyə bilərsiniz?

- Əgər bununla bağlı kimlərsə, hər hansı dövlət və ya beynəlxalq qurumlar əgər narahatdılarsa, onda özləri-özlərinə sual versinlər ki, onların dövlətlərinin ərazisində uzun illərdir belə bir seperatçı, cinayətkar, terrorçu qurum köç salsa, onlar bununla barışar, razılaşarlarmı? Təbii ki, xeyr, razılaşmazlar. Onda bizə niyə belə xoşagəlməz tövsiyələr verməyə çalışırlar? Bizim bu məsələdə heç kimin tövsiyəsinə ehtiyacımız yoxdur. Biz müstəqil, suverən dövlətik və öz ərazimizdə ordumuz harada mövqe tutacaq, necə hərəkət edəcək, hansı mövqelərdə möhkəmlənəcək, hansı əməliyyatları keçirəcək, ona ordunun Ali Baş Komandanı - ölkə başçısı qərar verir. Kimlərsə kənardan nəsə deməklə bu məsələlər həll olmur. Burada biz beynəlxalq hüquqa da, öz hüquqlarımıza da qarşı heç bir qeyri-qanuni hərəkət etməmişik. Silah tətbiq etmədən ordumuz yeni mövqələrə çıxıb. Müdafiəni, təhlükəsizliyi möhkəmləndirmək, müəyyən qeyri-qanuni birləşmələrdən, seperatçılardan, cinayətkarlardan, terrorçulardan təminatlı müdafiə olunmaq üçün təbii ki, mühüm yüksəklikləri tutmalı, eyni zamanda, ərazimizi təmizləməklə məşğul olmalıyıq. Biz öz ərazimizdəyik, heç bir dövlətin ərazisində deyilik. Öz ərazimizdə də o səlahiyyəti, hüququ özümüzdə saxlayırıq, ərazilərimizdə əmin-amanlıq, təhlükəsizlik yaratmağa, qanunlarımızı bərpa etməyə çalışırıq.   

- Bildiyiniz kimi, Rusiya Müdafiə Nazirliyi Azərbaycana qarşı bəyanat vermişdi. Sizcə Rusiya bu addımla nə demək istəyir?

- Mən hesab edirəm ki, Rusiya Müdafiə Nazirliyi və 2020-ci ilin noyabrından bizim ərazilərimizin müəyyən hissəsində müvəqqəti yerləşmiş Rusiya hərbi kontingenti ilk növbədə öz prezidentlərinin imzasına hörmətlə yanaşmalıdırlar. Rusiya Müdafiə Nazirliyinin bəyanatı birbaşa Rusiya Prezidenti Vladimir Putinin imzasına,onun iştirak etdiyi və razılaşdığı üçtərəfli bəyannaməyə qarşı hörmətsizlikdir. Demək onlar bu hərəkətləri ilə öz prezidentlərinə qarşı hörmətsizlik edirlər. Ancaq bizə qarşı hörmətsizlik edə bilməzlər. Biz Rusiya ərazisində deyilik ki, onlar bizə tapşırıq versinlər ki, biz harada durmalıyıq, harada yox. Biz öz ərazimizdəyik. Nə vaxt biz rus ordusunun hərbi birləşmələrinə desək ki, sən burada durma, orada dur, onda onlar da o haqqı qazanarlar bizə o sözü deməyə. Azərbaycan ordusu Azərbaycan dövlətinin ərazisindədir. Harada, nə zaman dayanmaq lazım olduğunun qərarını ordunun Ali Baş Komandanı verir, Moskvada oturan kimsə yox. 

- Rusiya sülhməramlıları Fərruxun alınmasına etiraz edir. Bəs sizcə, onlar öz vəzifələrini düzgün yerinə yetirə bilirlər?

- Mən onlara sülhməramlı demirəm, mənim üçün onlar hərbi kontingentdir. 10 noyabr 2020-ci il üçtərəfli razılaşmasının dördüncü bəndində göstərilir ki, ərazimizə daxil olan hərbi kontingent gəldiyi gündən yerləşdiyi ərazidəki qeyri-qanuni silahlı birləşmələri, seperatçıları, Ermənistan dövlətinə məxsus silahlı birləşmələri ərazimizdən təmizləməli, çıxartmalı idi. Onun qarşısında bu vəzifə dururdu. Edibmi bunu? Etməyibdir. Onlar ərazimizə gəldiyi ilk gündən ərazimizdə uzun illərdir kök salmış seperatçılarla, cinayətkarlarla, qeyri-qanuni hərbi birləşmələrlə əməkdaşlıq edir, onları himayə, müdafiə edir, onların təminatı, dirçəlməsi, güclənməsi ilə məşğul olur, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edə-edə, Azərbaycan qanunlarını poza-poza. Ona görə də onlar ilk növbədə özlərinin kiminlə əməkdaşlıq etdiklərini fikirləşsinlər. Bizdə atalar sözü var: “Yoldaşını, dostunu mənə göstər, sənə kim olduğunu deyim”. Əgər Rusiya hərbi kontingenti ərazimizə daxil olan gündən Xocalı soyqırımının törədilməsində rəhbərlik etmiş 3-5 nəfərdən biri olan şəxslərlə, quldur, cinayətkarlarla əməkdaşlıq edir, onları himayə edirsə, onda onlar özləri fikirləşsinlər ki, onlar kimdirlər?

- Bəs öz vəzifəsini bilməyən Rusiya hərbi qüvvələrinin ölkəmizdə qalması nə dərəcədə doğrudur?

- Onlar üzərlərinə düşən missiyanı, götürdükləri öhdəliyi əgər yarıtmırlarsa, yerinə yetirmirlərsə, əksinə Azərbaycan qanunlarına zidd hərəkət edirlərsə, özlərinin fəaliyyəti ilə ölkədə gərginliyin daha da artmasına, təhlükənin daha da çoxalmasına səbəb olurlarsa, artıq onların ərazidə qalıb-qalmaması məsələsi müzakirə obyekti olmalıdır.       

Zərif ÜLVİQIZI