"Azərbaycan artıq Sovet Sosialist Respublikası deyil" - Deputat Elman Məmmədov

 17:06 30.03.2022     19800

Xəbər verdiyimiz kimi, Azərbaycanı nüvə silahı ilə vurmağa çağıran Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Dumanın İqtisadi siyasət üzrə komitəsinin sədr müavini Delyagin Mixayıl Qennadyeviçin barəsində Azərbaycanın Baş Prokurorluğu tərəfindən cinayət işi başlanıb.

Prokurorluğun məlumatında bildirilir ki, Mixayıl Delyagin 2022-ci il 28 mart tarixində Rusiya Federasiyasının “Rossiya 1” telekanalında yayımlanan verilişdə Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibəni başlamağa açıq çağırışlar edərək ölkəmizin enerji infrastrukturu və neft sənayesinin məhv edilməsi üçün taktiki nüvə silahından istifadə olunması barədə təxribat xarakterli çıxış edərək, sosial media platformasında bu barədə kütləvi sorğu keçirmişdir. Rusiya Federasiyasının vətəndaşı Mixail Delyaginin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 101.2 (təcavüzkar müharibəni başlamağa açıq çağırışlar), 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədilməklə hədələdikdə), 283.2.1 və 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrinin tərkib əlamətləri olduğundan 29 mart 2022-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən həmin maddələrlə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub. İttiham üçün əsas verən kifayət qədər sübutlar toplandığından 29 mart 2022-ci il tarixdə Mixayıl Delyagin Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə İNTERPOL vasitəsilə beynəlxalq axtarışa elan edilib. Eyni zamanda bir sıra tərəfdaş dövlətlərin səlahiyyətli orqanlarına təqsirləndirilən şəxsin həmin ölkələrin ərazisinə daxil olduqda dərhal tutularaq istintaqa cəlb edilməsi üçün Azərbaycan Respublikasına verilməsinin təmin edilməsi məqsədilə müraciətlər göndərilib.

Baş Prokurorluğun bu addımı ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov hesab edir ki, M.Delyagin Azərbaycana qarşı təhdidləri ilə Rusiya dövlətinin siyasətinə qarşı çıxdı:

“O özünün çıxışı ilə ilk növbədə öz dövlətinin siyasətinə, dövlət rəhbərinə qarşı çıxmış oldu. 22 fevral 2022-ci ildə Rusiya və Azərbaycan arasında müttəfiqlik sazişi imzalanıb. O, orada olan müddəalara qarşı çıxır və düşmən mövqeyilə deyir ki, Azərbaycanı bombalamaq lazımdır. Bilmirəm siz mənim o gədə haqqında dediklərimi oxumusunuz, yoxsa yox. Mən ona demişdim ki, o Rusiyalı gədə ağzına gələni danışıb. Mən hesab edirəm ki, onun payını ermənilər bir az artıq verib. Onun iynəsini bir az bərk vurmuşdular. Ermənilər onu Ermənistanın milli qəhrəmanı adlandırıblar. Yaxşı ki, Rusiya Xarici İşlər Nazirliyi, həm də başqa səviyyələrdə onun o fikirlərinə qarşı çox ciddi təhdidlər, etirazlar etdilər. O da dediyi sözlərə görə, Azərbaycan xalqından üzr istəməyə məcbur oldu”.

Deputatın sözlərinə görə, Azərbaycan müstəqil dövlətdir və bu səbəbdən heç kimin ölkəmizi atdığı addımlara görə qınamağa və ya artıq söz deməyə ixtiyarı yoxdur.

“Delyagin yadından çıxarmışdı ki, 1991-ci ildən etibarən Azərbaycan müstəqil dövlətdir. Azərbaycan artıq Sovet Sosialist Respublikası deyil və Moskvaya tabeçiliyi yoxdur. 22 fevral 2022-ci il sazişində bildirilir ki, tərəflər qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşmalıdır. Eyni zamanda, tərəflər bir-birinin daxili işlərinə qarışmamalıdır. Bu adam yəqin bu sənədlə tanış deyil. 10 noyabr 2020-ci il razılaşmasında da göstərilir ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan ərazisinə daxil olandan sonra Azərbaycan ərazisində köç salmış qeyri-qanuni silahlı birləşmələri oradan çıxarmalıdır. Bunu etməyiblər. Azərbaycan da həmin qüvvələrə qarşı öz ərazisində tədbir görür, başqa dövlətin ərazisində yox. Ona görə də heç kimin haqqı, hüququ yoxdur bizi nə qınaya, nə irad tuta, nə də hədələyə” -  deyən Elman Məmmədov bu səbəbdən Baş Prokurorluğun rusiyalı deputatla bağlı addımını dəstəklədiyini bildirdi. Millət vəkili hesab edir ki, M.Delyagin həbs olunmalı və öz cəzasını çəkməlidir.

Zərif ÜLVİQIZI