""Park Bulvar"a yığışanlar, hələ bir az ağıllı təbəqədir" - Fazil Mustafa

Redaktor.az Milli Məclisin deputatı Fazil Mustafa ilə müsahibəni təqdim edir:
- Bildiyiniz kimi, dünən Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənovun Bakıda “Park Bulvar” Ticarət Mərkəzində fanatları ilə görüşü və oradakı rəzalət böyük səs-küyə səbəb olub. Bu görüşün hətta Rusiya tərəfindən təşkil oluna biləcəyi ilə bağlı fikirlər səsləndirilir...
- Xeyr, Rusiya ilə heç bir bağlantısı yoxdur. Orada krasofka paylansaydı da yığışacaqdılar, tort paylasaydılar da başqa bir təbəqə izdiham edəcəkdi. Hələ bunlar bir az ağıllı təbəqədir ki, “Ayfon” istəyirlər. Orada bir şeyx gəlsə idi, çıxış etsəydi, moizə oxusaydı nolacaqdı? Bir-birinin başını yaracaqdılar? Nə gözləyirsiniz ki? Necə olmalı idi? Bu məsələdə nəsə bir möcüzə baş verməyib ki? Əksinə, cavan uşaqlar fikirləşib ki, pulsuz “Ayfon” tapım, müasir dünyanın texnologiyasını öyrənim, bu kimi məsələlərdə bir araşdırım. Bəlkə ona görə daha çox həvəslə gəliblər. İndi blogerdir gəlib. Bizə ingilis də, erməni də gəlsə, orada bir sirk göstərsə, onun da tamaşaçısı çıxacaq. Ona görə bu bütün cəmiyyətlərdə olur. Sosial şəbəkələrdə lağlağıya, qeyri-ciddiliyə axın-axın gedən insanların çoxusu da həmin kateqoriya deyil? Bunlar hələ daha passivdirlər. Evdə oturub həmin düşüncənin daşıyıcısıdırlar. Ona görə də problem Rusiyadan gələn olduğuna görə deyil. İrandan gəlsəydi yenə həmin kütlə yığışacaqdı. Ya bir müğənni çıxsaydı? Filip Kirkorov da gələndə özlərini çırpırdılar yerə. Ya Türkiyədən bir ara müğənnisi gəlsin, yenə çıxacaqlar ora. Təbii ki, bir alimi çıxarsaydın, nəsə fikir, söz desin, o mümkün deyil. Bunlar cəmiyyətimizin reallıqlarıdır. Bundan heç narahat olmağa da dəyməz.
- Bloger Hüseyn Həsənov şəxsi korteci və qorumalar ilə müşayiət olunsa da, polis tərəfindən də qorunduğu diqqətdən qaçmadı. Sizin bu məsələyə münasibətiniz necədir?
- Mən bilmirəm onu hansı formada müşayət ediblər. Bəlkə pul ödəyib mühafizə üçün. Adətən belə olur. Bütün hallarda məsələ bura gələn adamla bağlı deyil. Bu olmasın, başqası olsun. Sabah bir mərkəzdə ərzaq paylayın, yenə həmin məsələ olacaq. Bu xalqı, cəmiyyəti həmişə iki yerə bölmək lazımdır. Birinci xüsusi təyinatlı insanlar, yəni vətəni sevən, vətənə dəyər verən, onun üçün fədakarlıq edən, hər şeyini ortaya qoyan, vətəndən küsməyən insanlardır. Biri də var ki, sıradan insanlardır. Sıradan insanlar da belə. Cəmiyyət də xüsusi təyinatlıların çiynində gedir. Bunlar cəmiyyəti önə aparırlar. Ona görə buradan bədgüman olmağa dəyməz. Yəni kim olsaydı, orada başqa formada izdiham olacaqdı. Yarıçılpaq müğənnini də çıxartsaydılar, orada yenə on min adam olacaqdı. Hələ orada bir az yaşlılar da olacaqdı.
- Polis maşınının bloqerin otelinin qarşısında gözləməsini necə başa düşmək olar? Bu görüş hökumət tərəfindən təşkil olunmuşdu?
- Ola bilər gözləyiblər, polis təhlükəsizliyi təmin edib. Ola bilər düşünüblər orada hansısa bir insident baş verməsin deyə polis onu qorumalıdır. Bəlkə o həmin tədbirin keçirildiyi yerdən rəsmi icazə alıb? Rəsmi icazə olanda həm də polisin orada iştirakı xahiş olunub və ya tələb olunub. Bunlar bilmədiyim məsələlərdir. Hər halda bütün hallarda mən tədbiri keçirənlərdə hər hansı bir günah görmürəm. Bu, cəmiyyətin problemidir. Tək bu hadisə olsa başa düşərik. Digər hadisələrdə də belədir. Bir dələduz da, əyyaş da çıxıb lağlağı edir, dalınca ziyalısı, qalstuklu, qalstuksuz, papaqlı, papaqsız hamı düzülüb getmir? Araşdırmır ki, bu kimdir, nədir, bunu dalınca niyə gedim. Gedirlərsə, deməli həmin təbəqədir də. Bunu neyləmək olar?
- Yayılan görüntülərdə də gördük ki, oraya yığışanların əksəriyyəti yeniyetmə və gənc nəslin nümayəndələri idi. Belə bir söz də var ki, “Gənclər bizim gələcəyimizdir”. Sizcə gələcək bu insanların üzərindədir?
- Gələcəyimiz bu insanların üzərində deyil ki. Gələcəyimiz düşünən insanların üzərindədir. Onun sayını çoxaltmaq lazımdır. Düşünən insanlar müəyyən dərəcədə ciddi dəyərlərini təftiş edən və onu yeniləşdirməyə çalışan insanlar dəyişəcək bu cəmiyyəti. Yoxsa o 7-8 milyon dəyişmir ki. Adətən cəmiyyətdə ziyalı və düşünən insanlar 3-5 faiz olur. Onlar doğru yönləndirirlər. İndi doğru yönləndirən insan təbəqəsi də yoxdur. Məsələn, hansı alim, düşüncə adamı bir həmrəylik fonunda bir şeyləri dəyişməyə çalışdı? Bu yoxdur axı. Olmayanda yerini bir bloqer, ya fırıldaqçı tutur. Ona görə bu proses hələ bizdə davam edəcək.
- Deyirsiniz düşünən beyinləri artırmalıyıq. Bəs bunu necə edə bilərik?
- Artıra bilərik deyəndə birinci növbədə insanların düşüncəsini söyləməyə imkan yaradılmalıdır. İnsanlar öz düşüncələrini açıq söyləyə bilməlidirlər. Yəni demokratik inkişaf ilə bağlı məsələlər var. Sonra düşüncə həyatının müəyyən dərəcədə qarşısını alan bütün maneələri götürmək lazımdır. Bir yazar bir əsər yazır, qorxur ki, cəmiyyət, qaragüruh buna nə deyəcək? Nə deyir desin də. Avropada düşündüyünü yazan bir cəmiyyət var. Noolub onlara? Ona görə də bu şeylər hamısı digər sahələrdə olan boşluqlarla bsğlıdır. Bunu da bir faciə kimi götürmək olmaz. Nəyiksə buyuq da.
Zərif Ülviqızı