“Topuq testi xəstəlikləri aşkarlamaq üçündür” - Müsahibə

 22:30 15.07.2022     9928

Redaktor.az Elmi-Təqiqat Mamalıq və Ginekologiya İnstitutunun dosenti, Neonatal şöbəsinin elmi rəhbəri Gülnarə Məmmədzadə ilə müsahibəni təqdim edir:

Azərbaycanda UNICEF-in dəstəyi ilə “Ana və uşaq sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2022-ci illər üçün Dövlət Proqramı”na  əsasən sizin xəstəxanada da topuq testi götürülür. Bu test sizin xəstəxanada da varmı?

- Bəli, bizim doğum evində bu testlər artıq 6 aydır həyata keçirilir.

-  Bu müddət ərzində uşaqlarda xəstəlik aşkarlanıbmı və bunlar hansılardır?

- Bu 3 ayda xəstə uşaq aşkarlanmayıb.

- Topuq testi nə üçün aparılır? Nə kimi faydaları var?

- Sinir sisteminin xəstəliklərini vaxtinda aşkarlamaq, uşağın sağlam gələcəyini təmin etmək üçün bu testləri həyata keçiririk. Bu testlər xəstəliklərin böyüməsinin qarşısını alır. Əgər biz bu testləri etməsək simptomatik olan xəstəlikləri vaxtında aşkarlaya bilmərik. Valideynlər də bilməyəcək ki, onların uşağı sağlam olacaq, ya yox. Bu testin keçirilməsi uşaqda hansı problemlərin olduğunu aşkarlamaq üçündür və uşaqda gizli gedən genetik xəstəlikləri vaxtında aşkarlamaq üçün keçirilir. Məqsədimiz xəstəliyi maksimal dərəcədə vaxtında aşkarlayıb, müalicəsini təmin etməkdir.

-  Xəstəlikləri vaxtında aşkarlamaqla müalicə etmək mümkündür? Söhbət ağır xəstəliklərdən gedir.

- Elə xəstəliklər var ki, müalicə olunur. Məsələn fenilketonuriya xəstəliyi - düzgün qidalanma ilə uşağın tam sağalması mümkündür. Əks halda isə uşaqlar əqli cəhətdən qüsurlu olur. Bu hal mukovissidoz, qalaktozemiya, hipotireoz  da olur. Bu çox vacib məqamdır ki, uşaqlar daha sağlam olsunlar. Əlbəttə bu təkcə ailələr üçün vacib deyil, həmçinin dövlət üçün də vacibdir. Çünki sabah bu uşaqlar bu dövlətin himayəsində yaşayacaq, pullar xərclənəcək, iqtisadiyyata təsir edəcək. Mən hələ mənəvi tərəfini demirəm.

- Topuq testini istisnasız bütün yeni doğulmuş uşaqlardan götürürsünüz?

- Bəli, bütün uşaqlardan mütləq bu test götürülür. Uşaqların valideynlərinin razılığı nəzərə alınaraq edilir.

- Bu test necə həyata keçirilir? Həyata keçirilməsində vacib şərtlər hansılardır?

- Həyata keçirilməsinin texnoloji ardıcıllığı belədir: uşağın topuğundan qan alınır. Ona görə də topuq testi adlanır. 5 irsi xəstəlik yoxlanılır. Bunlar fenilketonuriya, qalaktozemiya, hipotireoz, adrenogenital sindrom, mukovissidoz xəstəlikləridir. Mütləq zəruri şərtlər nəzərə alınmalıdır. Vaxtında doğulmuş uşaqlardan 3-cü, vaxtından əvvəl dünyaya gələnlərdən isə 7-ci günündə bu test götürülür. Tələb olunan şərt budur ki, uşaq heç olmasa 2 gün ərzində qidalanmalıdır. Əgər uşaq reanimasiyadadırsa, parenteral qidalanırsa, biz mənfi test əldə edə bilərik. Amma bu o demək deyil ki, uşaqda problem yoxdur.

- Topuq testinin uşaqlara hər hansı bir ziyanı ola bilər? Sağlamlığı üçün təhlükə yaradarmı?

- Xeyr. Təbii ki, bu testin uşağa heç bir mənfi təsiri yoxdur. Çünki uşaqdan 5-6 damcı qan götürülür. Uşağın ayağı hazırlanır. Soyuq olmamalıdır. Qızdırılmış olmalıdır. Orada həmçinin şərait yaradılır ki, doğmaları, anası yanında olsun ki, o haradasa tək olmasın. Sağlamlığa isə heç bir təsiri yoxdur.

Zərif Salmanlı