Fəzail İbrahimli: “Azərbaycan dövlətinin təhlükəsizliyi etibarlı əllərdədir” - MÜSAHİBƏ

 15:58 02.11.2022     12307

İranın Azərbaycana qarşı təbliğatları son dövrlər daha da artıb. Qonşu ölkənin Araz çayı boyunca Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi, Ermənistanın Qafan şəhərində tələm-tələsik yarımtikili binada konsulluq açması və Azərbaycan türklərinin mənəvi paytaxtı sayılan Təbriz şəhərində Ermənistana baş konsulluq açmağa icazə verməsi bu təxribatların göstəriciləridir.

Ötən gün isə Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı açıqlamadan məlum oldu ki, İran xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası vətəndaşları gizli şəkildə ölkə hüdudlarından kənarda hərbi təlimlərə cəlb olunub, onlar Azərbaycanda aksiyalara, təxribatlara hazırlanıb. Hətta İranın Azərbaycandakı səfirliyinə məxsus avtomaşın da bu işlərə cəlb olunub.

DTX-nın İranda xüsusi təlim keçmiş silahlı dəstə ilə bağlı keçirdiyi əməliyyat bir daha göstərdi ki, İran Azərbaycanda qarışıqlıq yaratmaq niyyətindədir.

Milli Məclisin sədr müavini, professor Fəzail İbrahimli İranın Azərbaycana qarşı həyata keçirdiyi təxribatlar və digər məsələlərlə bağlı suallarımızı cavablandırıb.

Redaktor.az vitse-spikerlə müsahibəni təqdim edir:  

- Fəzail müəllim, bildiyiniz kimi, DTX İranda xüsusi təlim keçmiş silahlı dəstəni ifşa edib və Azərbaycanda təxribatlara hazırlaşan həmin qanunsuz silahlı birləşmə üzvləri həbs edilib. İranın Azərbaycanda təxribat aparmaqda məqsədi nədir? İran bizdən nə istəyir? 

- “İran bizdən nə istəyir?” sualına birmənalı cavab vermək olar. İran içindəki o narahatlıqlarla yaşayır. Azərbaycanı ikiyə bölən və Cənubi Azərbaycana sahib olan İran vaxtilə Azərbaycanın tarixində törətdiyi əməllərin bu günlərdəki əzabları ilə bağlı narahatdır. Cənubi Azərbaycanda baş verən tarixi məqamlar - Xiyabani hərəkatı, Seyid Cəfər Pişəvəri hərəkatı İranın yadından çıxmayıb. Bu gün dünya həmin dünya deyil ki, millətin hamısını məhv etsin. İran narahatdır ki, İranda xalq hərəkatı olsa, bir anlıq Cənubi Azərbaycan bütöv ayağa qalxsa, o molların bu hakimiyyəti devrilə bilər. İran narahatdır ki, Şimali Azərbaycan müstəqildir, ərazisi və əhalisi dünya dövlətləri ilə müqayisədə kiçik olan bu dövlət dünya dövlətlərinin boy sırasında uca görünür - iqtisadi qüdrəti yüksəlib, müharibə edib zəfər çaldı, İranın dostuna qalib gəldi. Buna görə də, din bayrağı altında nə mümkündürsə, hamısını edir. İran təkcə bu gün deyil, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarananda ən çox narahat olan ölkə elə İran oldu. Onun Paris sülh konfransında təqdim etdiyi sənəddə belə bir qırmızı xətt var idi: vaxtilə çar Rusiyası ilə vuruşduq, məğlub olduq, ərazimizin bir hissəsini - Şimali Azərbaycanı götürüb, indi çar Rusiyası dağılıb və biz öz ərazimizə sahib olmalıyıq. Hətta iddiası var idi ki, oranı Cənubi Azərbaycana birləşdirsin. Azərbaycan hökuməti bu məsələlərdə o qədər narahat oldu ki, bu İranı sakit etmək üçün “Qafqaz Azərbaycanı” ifadəsini işlətməyə məcbur oldu. Bu, dünən də belə olub, bu gün də belədir. Bir ölkəni parçalayan, bölən, bu məsələdə iştirak edən adam necə rahat ola bilər? İndi İranın narahatlığı budur. İran müsəlman bayrağı altında dünyada bütün problemləri öz üzərinə çəkən bir dövlətdir. Fikir verin, hansı müsəlman ölkəsi ilə düzgün münasibəti var? Əgər o dövlət erməni kimi bir soyqırım törədən, məsciddə biabırçılıq edən, islam əxlaqına hücuma keçən bir dövlətlə münasibət yaradırsa, artıq burada İslam dəyərləri onların düşüncəsində deyil, yalnız qəbul  etdiyi bir addadır. İranın narahatlığı budur. Amma Azərbaycan dövləti qüdrətlidir, milli təhlükəsizliyimiz çox etibarlı əllərdədir. Azərbaycana uzanan hər bir əl, barmaq Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən görülür, o barmağın kəsilməsi üçün dövlətin qüdrəti var. DTX öz işini görür. Azərbaycan dövlətinin təhlükəsizliyi etibarlı əllərdədir. Güman edirəm ki, din bayrağı altında mürtəce ideyalarını yeridən bu dövlət heç bir şeyə nail ola bilməyəcək. Elə bunların cəzası dinə qarşı bu qədər təcavüzkar mövqedə olduğuna görə, Tanrı tərəfindən veriləcək.

- İranda baş verən aksiyalar, əhalinin ayağa qalxması nəticəsində Cənubi Azərbaycandan yaxşı xəbərlər gözləmək olar?

İran hakimiyyəti çox qəddar hakimiyyətdir. Hətta hakimiyyətini qoruyub saxlamaq üçün axırıncı iranlını da öldürməyə qadirdir. Amma onu tək-tək öldürə bilər, kütləni bütöv məhv etməyə qadir deyil. Bu, ola bilməz, mümkün deyil ki, 7-ci əsr qaydaları ilə 21-ci əsrdə dövləti idarə etsin. İran axı tək müsəlman ölkəsi deyil, orada müsəlmanlıq sonradan yaranıb. İslam dini Ərəbistanda yaranıb. Ərəb dövlətlərinin inkişafına fikir verin, islam qaydalarını da qoruyurlar, müasir demokratik prinsiplərə də yiyələnə biliblər, dünya siyasi proseslərini də dərk edirlər. İran isə tamamilə qəribə ifrat bir düşüncə, ideologiya ilə ancaq hakimiyyətini qoruyub saxlamaq məqsədi güdür. Bunun üçünsə ətrafı ilan kimi çalır. Deyir, sirkə tünd olanda qabını yandırır. Çox bilmiş bir quş dimdiyindən ilişir. İran ya qabını yandıracaq, ya da dimdiyindən ilişəcək. Hər iki formada məğlub olacaq.

- Ötən gün Prezident İlham Əliyevin Əlcəzairə səfəri zamanı söylədiyi “Fransanın Əlcəzair xalqına qarşı törətdiyi qətliam dünyanın heç vaxt unutmamalı olduğu bir hadisədir” fikirlərini necə dəyərləndirirsiniz?

- Bu günləri Azərbaycan kifayət qədər öz yerində, durumunda olan bir dövlətdir. Azərbaycan beynəlxalq münasibətlər sistemində söz sahibidir, regionun qüdrətli ölkəsidir, dünya dövlətlərinin boy sırasında durmağı bacaran bir dövlətdir. Zəfərdən sonra Azərbaycan 200 illik nisgilinə son qoydu və 100 ildən artıq davam edən erməni ideologiyasının tabutuna axırıncı mismarı vurdu. Axı, bu tabut təkcə Ermənistanın deyildi, Fransa, Avropa ölkələrinin bəziləri, dünya erməni lobbiləri bu tabutun sahibi idi. Tək erməni məğlub olmadı, bunun arxasında duran böyük bacısı da - Fransa da bu prosesdən təsirləndi. Kiçik bacı məğlub oldu, böyük bacı göz yaşları tökür. Bütün dünyaya demokratiyanın beşiyi kimi özünü elan edən Fransa tarixində böyük ləkələr var. Bəli, Əlcəzairdə qan töküb, soyqırım həyata keçirib. Ancaq necə etmək olar ki, demokratiyanın sükanı arxasında Avropa oturubsa, öz tarixinin hamısını malalayır, yeni bir tarix yaradır. Fransa, Əlcəzairdə həqiqətən tarixən böyük bir soyqırım törədib. Qeyd olunduğu kimi, 1 milyon yarım insanı qətlə yetirib. Ona görə də, soyqırım törədən erməni kimi bir millətin bunlarla görünür, genetik kodunda bir uyğunluq var – insan öldürmək, qətl, soyqırım törətmək. Cənab Prezidenti çox qısa bir fikri ilə xristian təəssübkeşliyinə demək olar ki, bu proseslərə tam aydınlıq gətirən mesaj verdi: Ey dünyanın vaxtıikən qatili rolunu oynayan Fransa, yerində otur və tarixini unut.

- Bu günlərdə Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşü və qəbul olunan bəyanatı necə qiymətləndirirsiniz? 

İndiyədək keçirilmiş bütün görüşlərin gündəliyinə çıxarılan və müzakirə olunan məsələlər göstərir ki, Azərbaycan İkinci Qarabağ müharibəsindəki Qələbəni postmüharibə dövründə də inamla qoruyub saxlayır. Soçidə keçirilən görüş də bunu bir daha təsdiqlədi. Əvvəlki görüşlərdə olduğu kimi, Prezident İlham Əliyev Soçidə növbəti dəfə Azərbaycanın maraq və mənafelərini qətiyyətlə təmin etdi.

Soçi görüşünədək Ermənistan baş nazirinin təxribatçı bəyanatları, az qala Rusiyaya yalvarış tonunda olan fikirləri siyasi gündəmi zəbt etmişdi. Rusiya Prezidenti Vladimir Putinin “Valday”da birbaşa Ermənistana ünvanlanan mesajlarından sonra Paşinyanın bir sutka ərzində Ermənistanda zəlzələ effekti yarada biləcək ardıcıl açıqlamaları – Rusiyanın təklif etdiyi sülh sənədini imzalamağa, Qarabağdakı sülhməramlılarının mandatını uzatmağa və Ermənistan Sərhəd Xidmətinin səlahiyyətlərini Rusiya Federal Təhlükəsizlik Xidmətinə verməyə hazır olduğunu deməsi təkcə öz əhalisini razılaşmalardan xəbərdar etmək istəyindən yox, həm də canına düşmüş qorxu hissindən qaynaqlanırdı. Əslində isə Nikol Paşinyan və onun Qərbdəki himayədarları daha çox istəyir və çalışırdılar ki, bu görüş baş tutmasın, pozulsun. Çünki indiyədək üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınan, Ukrayna üzərindəki Qərb-Rusiya savaşının nəticəsini gözləyən Paşinyan üçün budəfəki Soçi görüşünün çox ağır keçəcəyi və onun siyasi qədərini müəyyənləşdirəcəyi öncədən bəlli idi.

Əslində isə Soçi görüşünədək durumun izahı çox sadə idi. Azərbaycan atəşkəs olandan sonra üzərinə düşənləri yerinə yetirib: Laçın koridoruna alternativ yol açılıb, əsirlər təhvil verilib. Ermənistan isə öhdəlikləri icra etmir - nə Qarabağdan silahlılar çıxır, nə də nəqliyyat xətlərinin bərpasına başlayır. Son dövrlər Qərbdən fəallaşma müşahidə olunur və Ermənistanı qızışdırırlar, ona siyasi dəstək verirlər. Fransa aşkar qərəzli mövqe tutmaqdadır, Amerika Birləşmiş Ştatlarının Prezidenti Paşinyana məktubunda “Dağlıq Qarabağ xalqı” ifadəsini işlədir. Bu cür mövqe Ermənistanı qızışdırır ki, sülh sazişi ilə bağlı təşəbbüsləri rədd etsin. Bu səbəbdən rəsmi İrəvan Qərbin himayəsinə arxalanaraq 10 noyabr sazişinin müddəalarını icra etmir. Amma Prezident Vladimir Putin öz imzasına sahib çıxmaq üçün bu məsələləri gündəmə gətirməyə məcburdur. Məhz bu amilləri düzgün qiymətləndirərək Azərbaycan tərəfi görüş ərəfəsində təmkinli davranır və Paşinyanın ritorik bəyanatlarına cavab verilmirdi. Soçidə üçtərəfli görüşdən öncə Azərbaycan və Rusiya prezidentlərinin görüşündə İlham Əliyevin “Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib” mesajı erməni liderinin neçə gündür apardığı təbliğatını alt-üst etdi. Azərbaycan Prezidenti bir daha diplomatiya dərsi keçərək sübut etdi ki, siyasət populizm deyil, praqmatizm sənətidir.

Soçi görüşünün nəticəsi olaraq Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatların həyata keçirilməsinin gedişatının müzakirəsi fonunda birgə bəyanat imzaladılar. Bu proses zamanı Ermənistan növbəti dəfə Rusiyaya nümayiş etdirdi ki, öz strateji tərəfdaşına qarşı satqınlıq və riyakarlıq siyasətini davam etdirir. Onun Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə çağırışları və Avropa vasitəçiliyini gündəmə gətirməsi Moskvaya növbəti siqnal oldu. Paşinyanın ABŞ-ın təşkil etdiyi “demokratiya sammiti”nə dəvət alması ilə lovğalanması da Moskvanın diqqətindən yayınmayacaq. Çünki bu sammit “soyuq müharibə”dən sonra Rusiyaya qarşı yaradılan yeni koalisiyadır və bu koalisiyada yer alan yeganə KTMT və Avrasiya İttifaqı üzvü Ermənistandır. Bütün bunlara görə isə Ermənistan geosiyasi zərbələr alacaq, nəticəsi isə heç də yaxşı olmayacaq.

Soçi görüşü Ermənistanın kapitulyasiyasının növbəti təzahürü oldu, Azərbaycanın sülh, əməkdaşlıq çağırışlarına hərbi təxribatlarla cavab vermək siyasətinin üstündən xətt çəkdi. Bu görüş Ermənistanın şovinist siyasətinin iflası kimi qiymətləndirilməlidir. Soçi görüşü, eyni zamanda, həm Ermənistan tərəfinin, həm də erməni ruporlarından qidalanan radikal müxalifətin iddialarını da alt-üst etdi, onların, sadəcə, bleflə məşğul olduqlarını isbatladı. Məsələn, onların Soçi görüşündən əvvəl müxtəlif uydurma fikirlər tirajlamaq niyyətlərinə əks olaraq, sənəddə hər hansı bir “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinə rast gəlinmədi. Bu da o deməkdir ki, söhbət artıq postmünaqişə dövründən gedir. Həmçinin sənəddə ATƏT-in Minsk qrupuna dair heç bir bənd olmadı. Yəni, bəyanatda ATƏT-in Minsk qrupunun adının çəkilməməsi diqqəti sülh danışıqlarının daha çox ikitərəfli formatına yönəldir. Bununla da yenidən qaldırılmağa çalışılan status məsələsinin də artıq Azərbaycan, Rusiya və Ermənistanın gündəliyindən çıxarıldığı sübut olundu. Bir sözlə, hər hansı bir şərt qoyulmadan Azərbaycan Prezidentinin mövqeyi sənəddə öz əksini tapdı, dövlətimizin qətiyyətli mövqeyi bir daha nümayiş etdirildi. 

Nərmin VÜQARQIZI