İgid oğul dayısına bənzər – Vətən müharibəsi qazisi

 17:15 08.11.2022     11103

27 sentyabr 2020-ci ildə Azərbaycanın şanlı zəfər tarixi yazılmağa başladı. O gün ki, 44 günlük Vətən müharibəsində Azərbaycan əsgəri cəbhədə irəli doğru ilk addımlarını atırdı. Vətən savaşında Ordumuz 30 il ərzində işğalçı Ermənistanın torpaqlarımızda qurduğu istehkamlarını, silahlı hərbi qüvvələrini darmadağın etdi, qələbə qazandı.

Müharibə artıq 2 ildir ki,  başa çatıb, amma izləri bu gün də hiss edilir. Qəhrəman vətən müharibəsi iştirakçıları isə bu izi həm bədənlərində, həm də yaddaşlarında daima yaşadırlar.

Redaktor.az-ın bugünkü müsahibi Cəbrayıl, Füzuli, Xocavənd istiqamətlərində qaynar döyüşlərin iştirakçısı, müharibədən sonra isə Laçın keşikçisi minaatan komandiri, çavuş Altun Əlləz oğlu Qaracayevdir.

Altun Prezident İlham Əliyev tərəfindən “Laçının azad olunmasına görə” və “Şücaət” medalları ilə təltif edilib.

- Altun, müharibəyə hərbi çağırışçı olaraq çağrılmasasaydınız könüllü olaraq gedəcəkdinizmi?

- Müharibənin ilk günü çağırışçı olaraq aparılmasam, əlbəttə, mən də könüllü olaraq müharibəyə gedəcəkdim. Bu hər azərbaycanlı kimi mənim də ürəkdən – könüldən edəcəyim bir şey idi.

- Ailənizdə sizdən başqa müharibə iştirakçısı varmı?

- Bəli, 2 dayım və babam Birinci Qarabağ müharibəsinin iştirakçıları olub. Dayım – Bəhruz Yusif oğlu Sultanov Laçında gedən döyüşlərin iştirakçısı olub və  Murovda şəhidlik zirvəsinə yüksəlib.

- Döyüşdə nələri düşünürdüz? O anları necə xatırlayırsız?

- Düzünü desəm, həmin zamanlarda çox şey hiss etmirdim. Bunu sözlərlə izah etmək həqiqətən də, çox çətindir. Tək məqsədim var idi, o da sağ qalıb minaatanla daha çox düşmən öldürmək idi.

- Bir çox müharibə iştirakçılarının dilindən eşidirik ki, döyüş onların içindəki mərhəmət hissini öldürüb, daha soyuqqanlı olublar. Bəs sizdə necədir?

- Düşmənə qarşı mərhəmət hissim heç vaxt olmayıb. Daim aqressiya, içimdə bir qisas istəyi olub. Çünki uşaqlığım anamın, nənəmin, babamın, xalamın, dayımın Şəhidlər Xiyabanında Bəhruz dayımın məzarı üzərində necə ağlamaqlarına şahid olmaqla keçib. Eləcə də Xiyabandakı digər ailələrin nisgilini görə-görə, Xocalıdan, 20 yanvardan olan kadrların şahidi olaraq böyümüşük. Gözümüzün gördüyü bu kədəri yaradan düşmənə qarşı necə mərhəmət etmək olardı ki? Vətən müharibəsində qisasımızı aldıq, zəfər çaldıq, amma düşmənə mərhəmət hissi heç vaxt olmayacaq. Amma ümumilikdə götürəndə millətimə, vətənimə, canlılara qarşı mərhəmətli olduğumu düşünürəm. Axı, bir insan uğrunda savaşdığı torpaq, millət üçün necə mərhəmətsiz ola bilər?

-Qeyd etdiniz ki, dayınız da Laçın uğrunda qəhrəmancasına döyüşüb. Siz də Laçın azad edildikdən sonra həmin şəhərə ilk addımları atan Azərbaycan qoruyucuları olmusunuz. Həmin an hansı hissləri keçirtdiniz?

- Bilirdim ki, artıq o gün dayımın ruhu şaddır. Bəlkə də Birinci Qarabağ savaşında həmin torpaqlarda son addımı atan dayım və yoldaşları idi, həmin gün isə 30 il ayrılıqdan sonra ilk dəfə Laçında Azərbaycan əsgəri addımlayırdı. Laçında dayımın bir şəkli var idi, getdim, gördüm, həmin yerdə mən də qəhrəman ordunun əsgəri kimi şəkil çəkdirdim. Bu çox qürurverici idi. Bir də biz şəhərə daxil olanda orada hələ də erməni əhali var idi, onların mimikasındakı qorxunu görmək yaşadığımız bütün çətinliklərə dəyərdi. Çünki 30 il əvvəl bizə yaşatdıqlarını özləri yaşayırdılar. 

- Vətən müharibəsində bilirsiniz ki, xalqımız bir yumruq ətrafında birləşdi, siz ön cəbhədə vuruşarkən arxa cəbhədəkilər əsgərlərimizin rifahı üçün arxa cəbhədə əlindən gələni əsirgəmədi. Orta məktəb şagirdləri məktub yazır, böyüklər isə əsgərə sovqat göndərirdi. Bütün bunlar sizdə hansı hissləri yaradırdı?

- Uşaqların yazdığı məktublar gəlib bizə də çatırdı, oxuyurduq, necə deyərlər, o çətin anlarda bizə stimul, əlavə güc verirdi. Amma mənə ən təsir edən bu deyildi. Tam dəqiq xatırlamıram, döyüşə gedəndə hansısa qəsəbədən keçirdik.  Ərazidəki əhali bizə əllərinə keçən hər şeyi sovqat verirdi. Suyundan, siqaretindən tutmuş, çörəyin arasında kababına qədər... Həmin an bir uşaq yaxınlaşdı yanıma. 15-16 yaşı olardı. Mənə bir qutu siqaret uzatdı. Geyimindən görünürdü ki, maddi durumları elə də yaxşı deyil. Mən də siqareti götürmədim, dedim ki, çox sağ ol, varımızdı, amma sən də çəkmə, sağlamlığın üçün zərərlidir. Həmin zaman o uşaq mənə dedi ki, əmi, kimə verirəm götürmür xahiş edirəm, götür mənim də payım olsun. Uşağın bu sözlərinə görə siqareti götürdüm və onun necə sevindiyini gördüm, kaş siz də görərdiniz. Və yol boyu küçələrdə bizi yola salan yaşlı nənələr babalar.. Yəni bizim orda məğlub olmaq şansımız yox idi. Ölsək də məğlub ola bilməzdik.

- İndi hansı arzularınız var, xüsusən də, Qarabağla bağlı?

- Bu gün Qarabağ azaddır, yəqin ki bundan böyük arzum yoxdur.

Nərmin VÜQARQIZI

22222