“Prezident Güney Azərbaycana aşkar mesaj yolladı” - Tənzilə Rüstəmxanlı

 18:03 11.11.2022     11987

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının keçmiş baş katibi Bağdad Amreyevlə görüşündə öz yurdunun hüdudlarından kənarda yaşayan azərbaycanlıların hüquqlarının qorunması məsələsini xüsusi şəkildə vurğulayıb.

Bu gün Özbəkistanın Səmərqənd şəhərində baş tutan Türk Dünyası Təşkilatının IX Zirvə Görüşündə çıxış edərkən dövlət başçımız bu məsələni yenidən gündəmə gətirdi.

"Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur",- deyən Prezident onu da vurğuladı ki, acı taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi vətənləri ilə əlaqələrinin kəsilməməsi üçün bütün səylərdən istifadə olunacaq.

Bu mənada xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsi üçün Türk Dövlətləri Təşkilatının, türk dövlətlərinin daha da sıx əməkdaşlığının hansı töfhələri olacaq?

Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı ilə söhbətimiz bu mövzuda oldu.

Redaktor.az sözügedən müsahibəni təqdim edir:

-Tənzilə xanım, bildiyiniz kimi, Prezident İlham Əliyev Səmərqənddə Türk Dövlətləri Təşkilatının növbəti Zirvə görüşündə çıxış etdi. Bu çıxışı zamanı dövlət başçısı Azərbaycandan kənarda yaşayan soydaşlarımız barədə önəmli mesajlar verdi. Ümumiyyətlə, siz bu görüşü necə dəyərləndirirsiniz? Bu görüşün türk dövlətlərinin əməkdaşlığına hansı töhfələri olacaq?

- Əlbəttə, bu görüşü çox yüksək qiymətləndirirəm. Həm türk dövlətlərinin liderləri ilə görüşündəki, həm də Zəfər bayramındakı çıxışında Prezident hər cümləsində dünyaya, Azərbaycan əleyhdarlarına və dost ölkələrə təyinatı üzrə çox ciddi mesajlar verdi. Səmərqənd görüşü konkret olaraq yol xəritəsindən bəhs edir. Cənab Prezidentin orada verdiyi mesajlar çox önəmlidir. Xüsusilə, Azərbaycan türkünün taleyi, gələcəyi ilə bağlı, soydaşlarımıza zülm çəkdirən, ana dilindən məhrum edən, öz dilində təhsil almasına yasaq gətirən İran ilə əlaqədar çox ciddi xəbərdarlıqlar var idi. İranın molla rejimi ən xırda, normal, insani, mədəni haqları soydaşlarımıza çox görür. Prezidentimiz də verdiyi mesajlarda onlara demək istəyir ki, ana dilində danışmaq, təhsil almaq, oxumaq İrandakı soydaşlarımızın da haqqıdır. İlham Əliyev harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının prezidenti olaraq müraciət etdi.

İllərlə bizim ailənin - Sabir müəllimin də (Sabir Rüstəmxanlı-red.), mənim də apardığımız mübarizənin bəhrələrini bu gün prezident dövlət səviyyəsində, siyasi iradə nümayiş etdirərək həyata keçirir. Milli şüuru olan, dövlətin milli maraqlarını hər şeydən üstün tutan azərbaycanlı kimi atılan addımların önünü açmaq, onlara dəstək durmaq, həyata keçirtmək üçün dövlətimizə və ölkə başçımıza yardım etmək hamımızın borcudur.

- İranda vəziyyət o yerə gəlib ki, güneydəki qardaşlarımızın üçün tarixi şans yaranıb. Sizcə, Azərbaycan dövləti olaraq nə etməliyik?

- Mənə elə gəlir ki, güneydəki qardaşlarımnızın öz müqəddaratlarını həll etməyin zamanı  çoxdan yetişib. Sabir müəllim Dünya Azərbaycanlıları Konqresinin həmsədrlərindən biri, mən də türk dünyası məsələləri üzrə müşaviri olmuşam. İllərlə İranda yaşayan azərbaycanlıların haqlarını, hüquqlarını müdafiə edən, onların yaşadıqlarını bilən, dünyanın gündəminə çəkmək istəyən birisi kimi düşünürəm ki, bu məsələni kökündən həll etməyin zamanı gəlib.

Bəli, onların milli şüurunun inkişaf etməsi, öz haqları uğrunda mübarizə etməyə hazırlanması üçün bir xeyli iş görülüb. Amma dövlət qurmaq məsələsinə gələndə güneydə yaşayan azərbaycanlıların boynuna tarixi bir məsuliyyət düşür. Onlar bu gün təcili hərəkətə keçməlidirlər. Sadəcə "Traxtur" komandasının oyunlarında şüarlar səsləndirməkdən əl çəkib, artıq öz haqları uğrunda konkret mübarizə aparmalıdırlar. Onu da küçələrə enərək özlərini öldürdərək yox, ağıllı, təşkilatlanmış bir şəkildə öz mədəni haqları uğrunda mübarizəyə qalxmalıdırlar. Kənarda olan, Avropada yaşayan Azərbaycan türklərinin apardığı işlərə arxayın olaraq etməməlidirlər. İkinci Qarabağ Müharibəsi başlayan gündən bu günə qədər hər zaman düşünürdüm ki, İran Azərbaycana bu günlərdə göz dağı vermək üçün sərhədə topunu, tüfəngini yığmışdı. Bizim orada yaşayan 40 milyona yaxın azərbaycanlı türkü var, gərək onların yarısı sərhəddə canlı sərhəd, divar olaydılar ki, İran bizə göz dağı verməsin. Vətən müharibəsi zamanı və ondan sonra İrandan Ermənistana silah - sursat, yanacaq, ərzaq daşınırdı. Azərbaycanlılar canlı divar olub onların önünü kəsməli idi. Düşünməsin ki, onların əvəzinə biz orada savaşacağıq. Onlar öz haqları üçün orada özləri vuruşmalıdırlar. Biz yetərincə ideoloji və siyasi baxımdan onlara dəstək veririk. Yəni İran bu gün öz içini, simasını Qarabağ müharibəsi dönəmində ermənidən daha betər şəkildə ortaya qoydu. Biz artıq İranın gerçək üzünü görmüşük. Güneydə yaşayan qardaşlarımızın bunu görməsi lazımdır. Azərbaycanımızın bu gün onların mənəvi dəstəyinə ehtiyacı var. İranın hər bir təhdidinə qarşı durmağı bacarmalıdırlar. Əgər onlar “biz Azərbaycan türküyük” deyirsə, o zaman Azərbaycan dövlətinə qarşı İranın açıq təhdidinin qarşısına çıxmalı, ciddi şəkildə buna etiraz etməlidirlər.

 İran qadınları bir qızın baş örtüsünə görə öldürüldüyü üçün küçələrə töküldü. Azərbaycan türkləri də bunu etməlidir. Onlar öz mövqelərini ortaya qoymasalar, deməli tarixi şəraitin hədiyyə etdiyi bu fürsəti qaçırmış olacaqlar.

- İran mətbuatında yayılan xəbərlərə əsasən, İranın xarici işlər naziri Azərbaycan səfirliyinə çağrılıb. Sizcə, bu nə ilə bağlıdır?

- Bununla bağlı fikir yürütmək bir az çətindir. Yəqin bu barədə açıqlama olacaq. Amma hər halda İran artıq Azərbaycana qarşı aranı düzəltmək, havanı yumşaltmaq üçün nəsə etsə də, biz onların gerçək üzünü görmüşük. O bütün dünyanın gözü önündə Azərbaycana göz dağı verdi.

- Necə düşüqnürsünüz, İham Əliyevin TDT-nin Zirvə görüşündəki çıxışı güneyli qardaşlarımıza açıq mesajdırmı?

- Bəli, Prezident həmin çıxışında Güney Azərbaycana aşkar mesaj yolladı. Bunu həm də Azərbaycan dövlətinin içində etmək lazımdır. Sabir müəllim illərlə bunun mübarizəsini aparıb ki, güneydən gələnləri yetişdirməliyik, onlara bəzi imtiyazlar verilməlidir. Biz oradan gələn uşaqların oxumasına yardım etmişik, amma bu, dövlət səviyyəsində olarsa, çox gözəl olar. Güneyli gənclərə bəzi güzəştlər mütləq tətbiq olunmalıdır ki, Azərbaycan, Türkiyə, Özbəkistan və digər türk dövlətlərində təhsil ala bilsinlər.

Nərmin VÜQARQIZI