Keçmiş xarici işlər naziri Rusiya və Fransanın Qarabağdakı planlarını AÇIQLADI - MÜSAHİBƏ

 16:59 24.11.2022     15156

Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Redaktor.az-ın suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Tofiq bəy, ötən gün Prezident İlham Əliyev Serbiyaya səfər edib. Səfər çərçivəsində dövlətlər arasında Strateji Tərəfdaşlığa dair sənəd imzalanıb. Amma xatırlayırsınızsa, 2 il öncə - Vətən müharibəsi dövründə Serbiya ermənilərə silah satırdı. Bu baxımdan iki ölkə arasında yeni əlaqələrin qurulmasını necə dəyərləndirirsiniz?

- Strateji tərəfdaşlıq barədə sənəd imzalanıb. Bu yaxşı bir şeydir. Bu sənəddə tərəflər öz mövqelərini göstərirlər ki, bir-biri ilə əlaqələri məhz bu səviyyədə inkişaf edəcək. Serblərin bizimlə hər zaman dostluq münasibəti var idi. Sadəcə olaraq bəzi şirkətləri var idi ki, silah satışı ilə məşğuldur. Bu baxımdan, onlar istənilən ölkəyə silah sata bilərdilər. Vaxtında onlara göstərilməli idi ki, bu bizim münasibətlərə xələl gətirən addımdır. Bu baxımdan, onun qarşısı alınmalı idi, amma bəzi səbəblərə görə alınmadı.

- Bildiyiniz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bəyannaməsini imzalamaqdan imtina edib. Sizcə, bunun səbəbi nədir?

- Paşinyan KTMT sənədini imzalamadı, çünki Ermənistanın yanaşması bu mövzuda fərqlidir. Ermənilərin mövqeyi ondan ibarətdir ki, təşkilat bu məsələ ilə məşğul olmur. Rusiya bu işlə məşğuldur və orada vasitəçilik edir. Sadəcə olaraq, Ermənistana çağırış ediblər ki, bu vasitəçilik çərçivəsində onların mövqeyi daha beynəlxalq normalara uyğun şəkildə olsun. Bu cavab da erməniləri qane etmir. Onlar istəyirlər ki, KTMT-nin üzvləri Ermənistanın işğalçı siyasətinə dəstək versinlər. Söhbət bundan gedir. Əslinə qalsa, Qarabağa iddiaları indi də Ermənistanda fərqli formada - anneksiyanis siyasəti davam edir. Azərbaycan ərazisində öz büdcəsi ilə qurumlar, silahlılar maliyyələşdirir. Və deyir ki, bunlar cavab tədbirləridir, KTMT məni müdafiə etsin. Məntiqsiz bir müraciətdir və təbii ki, Belarus Prezidenti Lukaşenko Paşinyana tam şəkildə cavab verdi ki, sülh istəyirsinizsə, danışıqlar zamanı sülhpərvər mövqeyi ortaya qoymalısınız. Bununla Lukaşenko işarə edib ki, biz işğalçı dövlətə niyə dəstək verməliyik?

- Sizcə, Rusiya bu səbəblə Paşinyanı cəzalandıra bilərmi?

- Bu, gözlənilən addımdır. Çünki Paşinyan mənə elə gəlir ki, Rusiya Prezidentinə bu şəkildə izah edib ki, ictimai rəy bu məsələyə çox tənqidi yanaşır. Və ümumiyyətlə gündəmdə belə bir məsələ var ki, Ermənistan bu təşkilatdan tamamilə çıxsın və Rusiya ilə əməkdaşlığı Qərb ilə əvəzləsin. Siyasi dairələrdə belə istəklər çox populyardır. Paşinyan deyəcək ki, mən bunun qarşısını almaq üçün bu addımı atıram, amma sizin vasitəçilik daxilində olan proseslərdə daha fəal iştirak edəcəm.

- Necə düşünürsünüz, Nikol Paşinyanın bu addımı KTMT-nin dağılması ilə nəticələnə bilərmi?

- Əslində belə təəssürat yaranıb ki, bu təşkilat ümumiyyətlə dağılmış formadadır. Siyasi tədbir və bəyanatlardan başqa heç bir real fəaliyyəti yoxdur. Bu baxımdan, sadəcə təbliğat üçün istifadə olunan bir siyasi layihədir. Bu təşkilat gələcəkdə də təbliğat məqsədi ilə istifadə ediləcək, xüsusən də, Rusiya tərəfindən. Yəni bu təşkilatın varlığı bir növ Qərbə mesajdır ki, mənim tərəfdaşlarım var.

- Son günlər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdəki qanunsuz erməni hərbi birləşmələri Azərbaycan Ordusunun Şuşa, Xocalı, Xocavənd, Füzuli və Tərtər rayonları istiqamətindəki mövqelərini atəşə tutur. Sülhməramlılar nə üçün vəzifələrini yerinə yetirərək separatçıların qarşısını almır?

- Çünki bölgədə həm Rusiyanın, həm də Fransanın mövqeyi demək olar ki, eynidir. Onlar istəyirlər ki, indiki mərhələdə hansısa danışıqlar formatı yaransın və Azərbaycan hökuməti orada qondarma qurumların nümayəndələri ilə danışıqlar aparsın. Və o danışıqların gündəmə gətirilməsi məhz bu təxribatlar nəticəsində həyata keçirilir. Sərhəddə də bu cür hadisələr baş verirdi. Bunun nəticəsində də Rusiya sərhədçilərindən əlavə ora Avropa İttifaqı missiyası gəlib. İndi isə ermənilərin və havadarlarının məqsədi odur ki, həmin situasiyanı Qarabağ bölgəsində də həyata keçirsinlər. Burada həm Rusiyanın, həm də Fransanın mövqeyi üst-üstə düşür. Təxribatlar da beləcə davam edəcək.

Nərmin VÜQARQIZI