Deputat: "Naxçıvan Ali Məclisi bu məsələlərə ciddi fikir verməli idi" - MÜSAHİBƏ

 16:42 29.11.2022     12599

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bir neçə gün öncə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində əməliyyat keçirib. Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mənsur Əsgərov qabaqcadan əlbir olan bir qrup şəxs halında 132 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunaraq həbs olunub. Bundan başqa, Naxçıvan Dövlət Gömrük Komitəsinin sədri, general-leytenant Səhət Həbibbəylinin də saxlanılaraq Bakıya gətirilməsi barədə məlumatlar var.

Eyni zamanda, DTX 144 milyon manat dövlət vəsaitini mənimsəyən Naxçıvan Muxtar Respublikası maliyyə naziri Rafael Əliyevi də həbs edib.

Son olaraq DTX əməkdaşlarının Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində əməliyyat keçirməsi barədə də məlumat yayılıb.

Odur ki, Naxçıvanla bağlı hadisələr günün əsas mövzularından birinə çevrilib.

Milli Məclisin deputatı Aydın Hüseynovla söhbətimizdə Naxçıvanda baş verənləri müzakirə etdik.

Redaktor.az deputatla müsahibəni təqdim edir:

- Aydın müəllim, bildiyiniz kimi, DTX Naxçıvandakı dövlət qurumlarında əməliyyatlar keçirib və nəticədə yüksək vəzifəli məmurlar həbs olunub. Burada söhbət yüz milyonlarla yeyintidən gedir. Bu hadisələri necə qiymətləndirirsiniz?

- Korrupsiyaya qarşı mübarizənin arxasında siyasi iradə durur. Prezidentin hələ 2018-ci ildə ölkə iqtisadiyyatının perspektivləri və hədəfləri müəyyənləşərkən kölgə iqtisadiyyatının aradan qaldırılması, şəffaflığın qəbul olunması, korrupsiyaya qarşı mübarizə, aparılan islahatların tərkib hissəsi idi. Ölkə başçısı dəfələrlə korrupsiyaya qarşı mübarizənin kəskin olacağını, hər bir kəsin qanun qarşısında cavab verəcəyini vurğulayıb. Burada söhbət Naxçıvandan getmir. Məkan şərtidir. O mənada ki, fərqi yoxdur, korrupsioner Naxçıvanda, Bakıda, digər rayonlarda da ola bilər. Məsələ ondan ibarətdir ki, dövlət əmlakına, büdcəsinə qanundankənar müdaxilə, mənimsəmə varsa, onlar qanun qarşısında cavab verəcəklər. Mən hesab edirəm ki, bu kimi hallarla qarşılaşdıqca, əlbəttə, onlara qarşı kəskin mübarizə olacaq. 2023-cü ildə böyük hədəflərimiz var. Ən böyük hədəflərimizdən biri vətəndaşlarımızın sosial rifahının yüksəldilməsidir, xüsusilə də həssas təbəqənin. Digəri hədəf isə Qarabağda Böyük qayıdışa cəlb olunmadır. Bu iki məqsəd nəyin hesabına yerinə yetirilməlidir? Deməli, dövlət büdcəsinin gəlirləri artmalıdır ki, orada biz hədəflərimizə çataq. Bu gün qarşıda duran bu məqsədlər hər birimiz üçün milli məsələdir. Büdcə şəhidlərimiz, pensiyaçılar, təqaüdçülər, həssas təbəqə və digər vətəndaşların sosial rifahı, Qarabağ və müdafiəmiz üçündür. Gələn il müdafiəmiz üçün 5,3 milyard vəsait lazımdır. Bütün bunların hər biri də hər kəsin vicdanla öz vəzifəsini yerinə yetirməsi ilə əlaqəlidir. Qanun bunu tələb edir. Hər bir kəs dövlət büdcəsinə əl uzadarsa, bu vəsaitləri biz əldə edə bilmərik. Ona görə də, hesab edirəm ki, sosial tədbirlərimiz, müdafiə xərclərimiz, Qarabağa qayıdış üçün necə ki, vuruşduq, gənclərimizlə Ali Baş Komandan birlikdə döyüşdü, eləcə də korrupsiyaya qarşı birgə mübarizə aparmalıyıq. Elə kölgə iqtisadiyyatına əl atmamaq, korrupsiyaya qarşı mübarizə aparmaq da vətənpərvərliyin, milli təəssübkeşliyin göstəricisidir.

- Ötən gün Prezident İlham Əliyevin fərmanı ilə Naxçıvan Dövlət Gömrük Komitəsi ləğv olunaraq, Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb və həmin idarə Dövlət Gömrük Komitəsinin strukturuna daxil edilib.  Sizcə, Naxçıvan Dövlət Gömrük Komitəsi hansı zərurətdən ləğv olundu?

- Dövlət Gömrük Komitəsi hesab edirsə ki, orada birbaşa tabeçilik olsa, oraya daha çox nəzarət etmək olar, yaxud da işi daha aktual yerinə yetirmək olar, mən hesab edirəm ki, bu, Dövlət Gömrük Komitəsinin Naxçıvanda bu işlərə daha operativ yanaşılmasının perspektivliyi görülürsə, bu, daha yaxşıdır.

- Bu qədər sayda yüksək vəzifəli məmur həbs olunduğu halda niyə ölkəmizdə korrupsiyanın kökü kəsilmir?

- Bu hallara qarşı kəskin mübarizə var və yaxşı mənada özünü göstərir. Digər tərəfdən isə elə korrupsiyaya qarşı mübarizənin kəskinliyi onu üzə çıxarır. Əgər korrupsiyaya qarşı kəskin yanaşma, siyasi iradə olmasa, onları üzə çıxarmaq qeyri-mümkün olar. Yəni əslində bu onu göstərir ki, buradakı mübarizə də kəskindir. Bu siyasətin həyata keçirilməsi konkret hədəf, məqsəddir. Ona görə də, bu kimi məmurların korrupsiya əməlləri aşkar olunur. Əlbəttə, biz DTX əməkdaşlarının bu sahədəki qətiyyətini də dəyərləndirməliyik.

- Prezidentin Naxçıvan Dövlət Gömrük Komitəsinin ləğv edilməsi ilə bağlı fərmanından sonra cəmiyyətdə Naxçıvan Muxtar Respublikanın statusunun ləğv ediləcəyi barədə söhbətlər gəzir. Bu barədə siz nə düşünürsünüz?

- Bir var ayrı-ayrı nazirliklərin yerdəki qurumlara tabe olunması, bir də var Naxçıvanın statusu. Bunlar fərqli şeylərdir. Naxçıvana status veriləndə orada hansısa bir gömrük, ya nazirlik var idimi? Bunlar ayrı-ayrı məsələlərdir. Naxçıvanın Muxtar Respublika olması siyasi bəyandır. Birinci növbədə, Naxçıvanın statusu bizim konstitusiyamızda əksini tapıb. Digər tərəfdən isə Naxçıvanın muxtar respublika olması ölkələr arasında olan razılaşma nəticəsində olan qərardır. Buna görə də, düşünürəm ki, ayrı-ayrı komitələrin, qurumların tabeçiliyi fərqli, status isə tam fərqli məsələdir.

- Həbs olunanlara diqqət yetirsək, onlar son dövrlərdə Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun təqdimatı ilə vəzifəyə qoyulan insanlardır. Bu həbslərin Vasif Talıbova mənfi təsiri ola bilərmi?

- DTX dəlillərə əsaslanaraq o şəxsləri həbs edib. Sonra da məhkəmə prosesində kim hansı dərəcədə günahkardır, hansı məsuliyyəti daşıyır, artıq sonrakı proseslərin nəticələridir. Biz o proseslərə qədər qiymət verə bilmərik. Məhkəmə gedişində cinayətin tərkibi nədir, nədən ibarətdir bilinəcək. Əlbəttə, Muxtar Respublikanın rəhbəri bu məsələlərə vaxtında ciddi fikir verməli idi. Muxtar respublikanın müvafiq rəhbərlərinin bu kimi məsələlərə vaxtında nəzarətinin güclü olması gərəkli idi. Rəhbərin yerdəki nəzarəti güclü olmalıdır. Ali Məclis tərəfindən Naxçıvandakı proseslərə, əlbəttə, ciddi nəzarət olunmalıdır.

Nərmin VÜQARQIZI