Vitse-spiker: "Fransanın qərarları Ermənistan sevgisindən doğmur, burada başqa siyasət yatır" - MÜSAHİBƏ

 17:25 02.12.2022     13684

Məlum olduğu kimi, noyabrın 15-da Fransa Senatı Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan bədnam qətnamə qəbul edib.

Qətnamə layihəsində "Azərbaycanın Ermənistan ərazisindən və Laçın dəhlizindən çəkilməsi" tələb olunub.

Noyabrın 30-da isə Fransa parlamentinin aşağı palatası - Milli Assambleyada “Azərbaycanın Ermənistana təcavüzünün dayandırılması”nı tələb edən daha bir anti-Azərbaycan qətnaməsi qəbul edildi.

Milli Məclisin sədr müavini, professor Fəzail İbrahimli mövzu ilə bağlı suallarımızı cavablandırıb.

Redaktor.az vitse-spikerlə müsahibəni təqdim edir: 

- Fəzail müəllim, sizcə, Fransanın anti-Azərbaycan siyasətində əsas məqsədi nədir?

Fransada Azərbaycan ilə bağlı atılan addımların heç biri bizdə təəccüb doğurmamalıdır. Zatən bu ölkə Azərbaycana qarşı daim qərəzli mövqedə durub, durur və bundan sonra da duracaq. Qurdu nə qədər əhilləşdirsən də, gözü yenə meşəyə baxacaq. Onların xisləti anti-türkdür. Azərbaycan Fransaya nə qədər mənəvi dəstək verdi, ölkəmizdə fransız məktəbi, universiteti açıldı. Bu münasibətlərin hər biri bir anın içində Fransa tərəfindən yerlə-yeksan edildi. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan Vətən müharibəsində qalib gəlib. Təsəvvür edin ki, müharibə başlamazdan bir neçə gün sonra Fransa Makronun təşəbbüsü ilə Təhlükəsizlik Şurasını çağırıb Azərbaycana qarşı qərar qəbul etmək istəyinə düşdü. Bu, baş tutmadı. Çünki Qoşulmama Hərəkətının üzvləri ədalətli mövqe tutdular, Azərbaycanı dəstəklədilər və nəticədə onların istəyi boşa çıxdı. Müharibə dövründə dəfələrlə dövlət başçısına zənglər olundu. Müxtəlif formada köməkləri özü etiraf edir, demir ki, qardaşımdı, deyir "Ermənistan bizim kiçik bacımızdır". Onların arasında "böyük bacı", "kiçik bacı" münasibətləri var. Digər bir tərəfdən, bu gün Azərbaycan və Türkiyə münasibətləri kifayət qədər istiqrarlıdır və qardaşlıq münasibətləri səviyyəsinə yüksəlib. Bu gün Türk Dövlətləri Təşkilatının birliyi günü-gündən güclənir. Yəni türk dövlətlərinin birliyi, gücü digər dövlətləri də narahat etməyə bilməz. Amma bu məsələdə Fransa öndə gedir. İki böyük dövlətin bu məsələdə içi göynəyir. Biri İrandır, biri də Fransa. Məhz Fransa Senatının, Assambleyasının qəbul etdiyi qərarlar sanki kənardan elə görünür ki, bu Ermənistan sevgisindən doğan qərarlardır. Yox. Fransanın sevgisinin hüdudları, bu qədər istiqanlılığı Ermənistan üçün ola bilməz. Burada başqa siyasət yatır. Bu məsələdə anti-türk siyasəti var. Artıq anti-türk, anti-islam siyasəti Fransanın dövlət siyasətinə çevrilib. Məsələn, qəribə şeylər görünür. Fransanın xarici işlər naziri bəyanat verir ki, onlar ayrıca qurumdur və mövqeyi Fransa dövlətinin mövqeyi deyil. Qanunverici orqanın qəbul etdiyi qərarı xarici siyasət strukturu tamam başqa yerə yozur. Ona görə də, Fransanın öz tarixinə fikir versək, görərik ki, onun qanla yoğrulmuş bir tarixi var. Bu, bütöv müstəmləkəçilik tarixidir. Fransa burjua inqilabından sonra o, ayrı-ayrı ölkələrdə - Afrika qitəsində və digər yerlərdə xalqlara qarşı amansız olub. Onların vaxtilə babalarının Əlcəzairdə törətdiyi müsibətləri bu gün övladları, nəvələri törədir.

Bütövlükdə isə Fransa çox pərt olub. Hörmətsiz duruma düşdüyünü özü də hiss edir. Həm erməni lobbisi qarşısında, həm də özünün xarici siyasətində hörmətsiz olub. Vətən müharibəsində Azərbaycan qələbə çaldı, Ermənistana dəstək verə bilmədi, haqq sözümüzü dedik. Baxın, bu əhval-ruhiyyəni hansısa yol ilə balanslaşdırmaq istəyir, ermənilərin xoşuna gəlmək üçün qərar qəbul edir. Kağız üzərindəki bu qərarlar ilə Azərbaycanın nə siyasi, nə iqtisadi, nə də digər sahələrdə Fransadan heç bir asılılığı yoxdur. Əksinə Avropa dövlətlərinin Azərbaycan ilə bağlı bu saat enerjiyə ehtiyacları var. Buna görə də, bu gün bizim xarici siyasətimizdə ciddi addımlar atmağın zamanı gəlib. Dövlətimiz, Prezidentimiz bunları çox gözəl bilir. Təbii ki, Azərbaycan parlamenti də öz sözünü deyib. Bu gün də parlamentarlar bu məsələni bəyanatla kifayət qədər gündəmə gətirdi və hesab edirik ki, Türkiyə ilə bağlı genosidi qəbul edən dövlət bu gün heç Türkiyənin tükünü də tərpədə bilmir. Eynilə Azərbaycana qarşı atılan bu addımlar bizim əhvalımızı korlamayacaq. Sadəcə olaraq, özünü demokratiyanın beşiyi adlandıran Fransa demokratiyasının qara üzünü, boz sifətini və mundar düşüncəsini üzə çıxarır. Vəziyyət budur.

- Bildiyiniz kimi, Milli Məclis ötən dəfə Fransa ilə münasibətlərinə yenidən baxılması üçün Azərbaycan hökumətinə müraciət etdi. Siz necə düşünürsünüz, Azərbaycan Fransa ilə bağlı hansı addımları atmalıdır?

- Bu, artıq dövlətin xarici siyasət funksiyasıdır. Xarici siyasət idarəsi, strukturları var və bu məsələləri ölçüb biçmək lazımdır. Azərbaycan tərəfi tələm-tələsik, hay-küylə Fransa Senatının atdığı addımları ata bilməz. Çünki dövlətimiz daha ağıllı, düşüncəli, səbrli xarici siyasət yeridir.

 -Eyni zamanda Milli Məclis bu hadisələrin fonunda Fransanın Əlcəzairdə törətdiyi soyqırımı tanıya bilərmi?

- Bu məsələ ilə bağlı cavab vermək bu gün üçün tezdir. Bu, hansısa bir deputatın, insanın düşüncəsinin məhsulu ola bilməz. Dövlətin balansdırılmış siyasəti, strateji kursu var. Atılan addımlar bu strateji kursa aid olmalıdır.

Nərmin VÜQARQIZI