Çətin və şərəfli yolla

Azərbaycan təhlükəsizlik xidməti yaradılmasının 104-cü ildönümünü qeyd edir. 28 Mart təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günüdür. Ümummilli lider Heydər Əliyevin “Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında” 23 mart 1997-ci il tarixli sərəncamı ilə martın 28-i respublikamızda dövlət təhlükəsizliyi orqanlarının peşə bayramı günü elan olunmuşdur. Ötən dövrdə təhlükəsizlik orqanlarının yaranma tarixi və fəaliyyəti ilə bağlı tədqiqatlar aparılmış, bu mövzuda kitablar, məqalələr nəşr olunub.
Redaktor.az Azərbaycan təhlükəsizlik orqanlarının və Birinci Qarabağ müharibəsinin veteranı, fəxri əməkdaş, istefada olan polkovnik Elşad Qoca oğlu İsayevin müsahibəsini təqdim edir:
– Söhbətimizə Azərbaycan təhlükəsizlik orqanlarının yaranma tarixindən başlamaq istərdim. Bilirik ki, siz uzun illər təhlükəsizlik orqanlarımızın tarixi barədə araşdırmalar aparmısınız və neçə-neçə məqalənin, kitabların müəllifisiniz. İstərdim, bu barədə fikirlərinizi bölüşəsiniz...
– Şərəf və milli qürur tariximiz olan Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) haqqında tanınmış alimlər, tarixçilər tərəfindən xeyli sayda kitab, elmi araşdırmalar çap edilmiş, böyük maraq kəsb edən sənədli filmlər çəkilmişdir. Elə bu gün də həmin istiqamətdə mühüm işlər aparılır, elmi məqalələr yazılır.
Ötən əsrin 80-90-cı illərində bəzi qəzetlərdə az sayda, əsasən də, məlumat xarakterli məqalələr çap olunubmuşdur. Bu səbəbdən 1996-cı ildə Milli Təhlükəsizlik Nazirliyində Azərbaycan Xalq Cümhuriyyətinin təhlükəsizlik orqanlarının yaradılmasının və fəaliyyətinin daha geniş öyrənilməsi məqsədilə mütəxəssislərdən və nazirliyin əməkdaşlarından ibarət işçi qrupu yaradılmışdı. Mən də həmin qrupun üzvü idim. Nazirliyin rəhbərliyi işçi qrupunun səmərəli fəaliyyəti üçün hər cür şərait yaratmışdı. Müxtəlif dövlət arxivlərində, eyni zamanda, nazirliyin arxivində geniş tədqiqat işləri aparıldı, respublika qəzetlərində, jurnallarda məqalələr dərc olundu, televiziya və radio verilişlərində çıxışlar edildi, kitablar yazıldı. Orqanın tarixini və fəaliyyətini müəyyən qədər öyrənə bildik. Həmin materiallar ölkə rəhbərliyinə təqdim edildi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1997-ci il martın 23-də Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanı əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında sərəncam imzaladı. Sərəncamda göstərilirdi ki, 1919-cu ildə Azərbaycan Demokratik Respublikası Hərbi Nazirliyinin Baş Qərargahının tərkibində ilk xüsusi xidmət orqanı olan kəşfiyyat və əks-kəşfiyyat bölməsinin yaradıldığı gün – 28 mart Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanı əməkdaşlarının peşə bayramı günü elan olunsun. Beləliklə, zəhmətimiz hədər getmədi. Nəticədə maraqlı eksponatları olan muzey yaradıldı, sonra bu muzey ulu öndərin adını daşıyan akademiyamızın Şöhrət muzeyi ilə birləşdirildi. Araşdırmalar bu gün də davam etdirilir. Ümumilikdə, təhlükəsizlik orqanlarının fəaliyyətinin araşdırılması ilə əlaqədar altı kitabın müəllifiyəm. Bir neçə sənədli və çoxseriyalı televiziya filminin hazırlanmasında iştirak etmişəm. İki cildlik Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında təhlükəsizlik orqanlarının fəaliyyətinə həsr olunmuş məlumatların müəlliflərindən biri də mənəm.
– Azərbaycan Xalq Cümhuriyyətinin təhlükəsizlik orqanlarının fəaliyyətindən söz açmanızı istərdik...
– 28 may 1918-ci ildə Azərbaycanın dövlət müstəqilliyi haqqında İstiqlal Bəyannaməsinin qəbulundan sonra qısa müddət ərzində parlament fəaliyyətə başlamış, yeni hökumət təşkil olunmuşdu. Yeni hökumətin qarşısında çətin və mürəkkəb vəzifələr dururdu. İlk növbədə, ölkəni qoruya biləcək milli ordu təşkil edilməli, neft şəhəri Bakı bolşevik-daşnak və digər qüvvələrdən təmizlənməli, dövlətin təhlükəsizliyi təmin olunmalı idi. Daxili və xarici təhdidlərin, baş verə biləcək terror-təxribat aksiyalarının qarşısını almaq, pozucu qüvvələri zərərsizləşdirmək məqsədilə təhlükəsizlik orqanlarının yaradılmasına böyük ehtiyac yaranmışdı. Keçmiş çar ordusunun generalları Səməd bəy Mehmandarovun Hərbi nazir, Əliağa Şıxlinskinin nazir müavini, Məmməd bəy Sulkeviçin Baş Qərargah rəisi vəzifələrinə təyin olunması ölkədə gedən ordu quruculuğuna, eləcə də kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin formalaşdırılmasına xüsusi təkan vermişdi.
Azərbaycan hökuməti ölkənin təhlükəsizliyinə birbaşa cavabdehlik daşıyan yeni qurumun - kəşfiyyat və əks-kəşfiyyat bölməsinin Hərbi Nazirliyin tərkibində yaradılmasını məqsədəuyğun sayırdı. Ümumiyyətlə, Azərbaycan Xalq Cümhuriyyəti dönəmində ölkənin təhlükəsizlik orqanları üç mərhələdə fəaliyyət göstərmişdir. Birinci mərhələ 28 mart – 11 iyun 1919-cu ili əhatə edir. Bu mərhələdə kəşfiyyat və əks-kəşfiyyat bölməsi Baş Qərargahın General-kvartirmeyster idarəsinin tərkibində yaradılmışdı. Bölmənin rəisi vəzifəsinə Əfrasiyab bəy Ağalarov təyin olunmuşdu. Qeyd etmək lazımdır ki, xüsusi təhsil və bacarıq tələb edən sahədə peşəkar mütəxəssislər olmadığından bölmənin əməkdaşları keçmiş çar ordusunun hərbçiləri arasından seçilmişdi.
Bölmənin əks-kəşfiyyatçıları, ilk növbədə, denikinçilərə, bolşevik və erməni casuslarına qarşı mübarizə aparırdılar. Əldə olunmuş məlumatlar qurumun əməliyyat fəaliyyətini aydınlığı ilə göstərir. Özü də bu məlumatlar ölkənin müxtəlif ərazilərini, hərbi birləşmələrin dislokasiya yerlərini əhatə edirdi. Dövlət arxivində onlarca əməliyyat məlumatı, aylıq smeta xərcləri, uğurlu əməliyyat tədbirlərində iştirak etmiş əməkdaşların mükafatlandırılması barədə rəhbərliyin ünvanına yazılmış çoxsaylı raportlar da saxlanılır. Maliyyə hesabatına əlavə olunmuş arayış xarakterli sənəddən aydın olur ki, kəşfiyyat və əks-kəşfiyyat bölməsinin rəisi Əfrasiyab Ağalarovun rəhbərliyi ilə xüsusi əməliyyat nəticəsində gənc ölkənin əleyhinə casusluq edən 16 nəfərdən ibarət qrup ifşa olunmuşdur. Həbs edilənlər əsasən Azərbaycan Ordusunda xidmət edən denikinçi zabitlər idi. Axtarış zamanı Azərbaycanda ictimai-siyasi və iqtisadi vəziyyətlə bağlı, gizli bolşevik təşkilatının işi, Azərbaycan Ordusunun durumu barədə Denikin qərargahına ünvanlanmış çoxlu sayda agentura məlumatları tapılmışdı.
Ordu quruculuğu axarına düşdükcə kəşfiyyat məsələlərinə də xüsusi diqqət yetirilirdi. Lakin bu istiqamətdə də kadr qıtlığı, peşəkar zabitlərin olmaması özünü göstərirdi. Hərbi topoqraf olan Məmməd bəy Əliyev Tiflisdə Azərbaycan diplomatik missiyasında hərbi attaşe vəzifəsinə təyinat almışdı. Hərbi attaşe kimi işini vicdanla yerinə yetirən Məmməd bəy kəşfiyyat işlərinə də cəlb edilmişdi. Əməliyyat-müşahidə işlərindən tutmuş, əməliyyat-kəşfiyyat məlumatlarının əldə edilməsinə qədər mürəkkəb tapşırıqlar yerinə yetirən polkovnik M.Əliyevin əldə etdiyi məlumatların böyük əhəmiyyəti vardı. Ermənistan qoşunları barədə məlumatların toplanılması üçün də ona Gürcüstan Ordusunun Baş Qərargahı ilə birlikdə gizli kəşfiyyat fəaliyyətini təşkil etmək tapşırılmışdı.
1919-cu ilin mayında Denikinin ordusunun Petrovsk və Dərbəndi tutması, Azərbaycan və Gürcüstanın sərhədlərinə doğru irəliləməsi Bakıda vəziyyəti daha da kəskinləşdirmişdi. Azərbaycan hökuməti dövlətin müdafiəsi ilə məşğul olacaq yeni bir qurumun – Dövlət Müdafiə Komitəsinin yaradılması barədə qərar qəbul etmiş və hərbi vəziyyət elan olunmuşdu. Ölkədə əks-kəşfiyyat funksiyasını yerinə yetirə biləcək müstəqil xüsusi xidmət orqanının yaradılmasına da ehtiyac vardı. Dəyişiklik nəticəsində kəşfiyyat fəaliyyəti Hərbi Nazirliyin tərkibində saxlanıldı. Həmçinin 11 iyun 1919-cu ildə sırf əks-kəşfiyyat fəaliyyəti ilə məşğul olacaq yeni qurum – Əks-inqilabla Mübarizə Təşkilatı yaradıldı. Bu təşkilatın fəaliyyəti ikinci mərhələni, 11 iyun 1919 - 6 mart 1920-ci illəri əhatə edir.
– Yeni təhlükəsizlik təşkilatının fəaliyyətindəki əsas fərqləndirici cəhətlərə aydınlıq gətirə bilərsinizmi?
– Əks-inqilabla Mübarizə Təşkilatı hökuməti, Dövlət Müdafiə Komitəsini ən mühüm informasiyalarla təmin etməli və ölkə ərazisində əks-kəşfiyyat işini həyata keçirməli idi. Yeni qurum öz fəaliyyətini “Azərbaycan Xalq Cümhuriyyətinin əks-kəşfiyyat xidməti vəzifəlilərinin hüquq və vəzifələri haqqında” 22 maddədən ibarət olan əsasnaməyə uyğun qurmuşdu. Bakıda təşkilatın 8 ərazi bölməsi yaradılmışdı. Bu bölmələrə Məmmədtağı Dadaşov, Seyfulla Əzimzadə, Məmməd Hacızadə, Qasım İsmayılov, Aleksandr Şengeliya, Qəmbər Tahirov, Əbdüləziz Tağıyev və İslam Əliyev rəhbərlik edirdilər. Senzura işlərinə Lavrenti Beriya, agentura işlərinə isə Aleksandr Qoberidze, sonra Allahverdi Sultanov cavabdeh idilər.
Lakin qurumun fəaliyyətində ilk günlərdən etibarən müəyyən problemlər yaranmağa başlamışdı. Belə ki, “Hümmət”çi bolşeviklərin təzyiqi ilə məcburi olaraq əməkdaşların xidmətə qəbulunda partiya prinsipi əsas götürülürdü. Belə ki, həmin prinsipə əsasən təşkilatın əməkdaşlarının üçdə ikisi “Müsavat”, üçdə biri isə “Hümmət” partiyalarından olmalı idi. Eyni zamanda, təşkilatın rəhbərinin “Müsavat”dan, müavininin isə “Hümmət”dən təyin edilməsi nəzərdə tutulmuşdu. Hökumətin və Dövlət Müdafiə Komitəsinin sədri Nəsib bəy Yusifbəylinin sərəncamı ilə “Müsavat” Partiyasının üzvü, millət vəkili Məmmədbağır bəy Şeyxzamanlı təşkilatın rəisi vəzifəsinə təyin olunmuşdu. Rəis müavini vəzifəsinə isə “Hümmət” Partiyasının üzvü Mirfəttah Musəvi təyin edilmişdi. Onun öldürülməsindən sonra isə bu vəzifəni Mahmud bəy Səfikürdski icra etməyə başladı.
Təşkilatın ilk rəisi M.Şeyxzamanlı 1919-cu ilin avqust aynın 20-də öz ərizəsinə əsasən vəzifədən azad edilmişdi. O, fəaliyyətini millət vəkili kimi parlamentin aqrar komissiyasında davam etdirməyə başladı. Elə həmin gün onun qardaşı Nağı bəy Şeyxzamanlı şəxsi heyətə təqdim edilmişdi.
Təşkilat fəaliyyət göstərdiyi müddət ərzində ölkə rəhbərliyini mühüm əhəmiyyətli məlumatlarla təmin etməyə çalışırdı. Xeyli sayda uğurlu əməliyyat tədbirləri həyata keçirilmişdi. Erməni casuslarına qarşı aparılan əməliyyat işlərindən biri olduqca maraqlıdır. Bakıda erməni diplomatik missiyasının üzvü A.Sarkisovun casusluq fəaliyyəti müəyyənləşdirilmiş və o, respublikadan çıxarılmışdı.
Ancaq qurumun fəaliyyətində ciddi problemlər də vardı. “Hümmət”çi bolşeviklər gizlincə öz partiyalarının tapşırıqlarını yerinə yetirir, faktiki olaraq ölkənin əleyhinə işləyirdilər. Ölkənin təhlükəsizliyinə birbaşa cavabdeh olan xüsusi xidmət orqanı kimi strateji qurumda iki, bir-birinə zidd ideoloji cəbhədə dayanmış əməkdaşların fəaliyyətinin nəticəsi nə ola bilərdi? Xidməti vəzifələrin yerinə yetirilməsi zamanı bəzən eyni təşkilatın nümayəndələri əqidələrinə görə üzbəüz gəlməyə məcbur olurdular. Göründüyü kimi, böyük ümidlərlə yaradılmış yeni təhlükəsizlik orqanı belə bir şəraitdə işini davam etdirirdi.
Nazirlər Şurasının 6 mart 1920-ci il tarixli iclasında Daxili işlər nazirinin çıxışı dinlənilmiş, təşkilatın əməkdaşları tərəfindən bolşevik Nikolay Çikalonun həbsi zamanı onun döyülməsi insidenti şişirdilmiş və bolşeviklərin təzyiqi ilə Əks-inqilabla Mübarizə Təşkilatının fəaliyyəti dayandırılmışdır.
1920-ci ilin mart ayında qeydə alınmış hadisələrlə, xüsusən Qarabağ bölgəsində ermənilərin silahlı qiyamı və Azərbaycan ərazisində bolşeviklərin fəaliyyətinin intensivləşməsi ilə Əks-inqilabla Mübarizə Təşkilatının fəaliyyətinin dayandırılmasının arasındakı əlaqə də danılmazdır. Sonradan minlərlə dinc azərbaycanlını qətlə yetirən və zorakılığa məruz qoyan bolşeviklər öz tərəfdarları olan N.Çikalonun, guya, fiziki təzyiqlə üzləşməsi mövzusundakı spekulyasiyalarla ölkənin əks-kəşfiyyat qurumunun fəaliyyətini iflic edərək onun ləğvinə nail olmuş, ölkənin təhlükəsizlik sisteminə ciddi zərbə vurmuşlar.
– Əks-inqilabla Mübarizə Təşkilatı fəaliyyətini dayandırdıqdan sonra bu funksiyanı hansı qurum həyata keçirmişdir?
– Qeyd etdiyiniz dövr təhlükəsizlik orqanlarının fəaliyyətinin üçüncü mərhələsini – 6 mart – 28 aprel 1920-ci il tarixini əhatə edir. Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalına iki aya yaxın vaxt qalmış ölkədə əks-kəşfiyyat təminatını İnformasiya şöbəsi adlı qurum yerinə yetirmişdir. Yeni qurum Nazirlər Şurasının sədrinə və Daxili işlər nazirinə tabe idi. Əks-inqilabla Mübarizə Təşkilatının texniki funksiyaları, o cümlədən təhqiqat, müşahidə, axtarış və s. İnformasiya şöbəsinə təhvil verilmişdi. Şöbəyə rəhbərlik Ələkbər xan Şahsuvarova tapşırılmışdı. Ələkbər xan əvvəlki sələflərindən fərqli olaraq ali təhsilli hüquqşünas idi. O, Moskva Dövlət Universitetini bitirmişdi. Qurumda azərbaycanlılarla yanaşı, Osmanlı türkləri, ukraynalılar, gürcülər və ruslar da xidmət edirdilər.
Ələkbər xan Şahsuvarov fəaliyyətinin ilk günlərindən artıq yaxınlaşmaqda olan bolşevik təhlükəsinə qarşı yorulmadan və qətiyyətlə mübarizə aparmışdır. Az və çətin vaxtda bir sıra uğurlu əməliyyat tədbirləri həyata keçirmişdir. Bolşeviklərin gizlətdikləri partlayıcı maddələrin yerinin və Balaxanıda gizli iş aparan 22 nəfərin müəyyən edilməsi, məşhur bolşevik Çurayevin həbsi ustalıqla hazırlanmış xüsusi əməliyyat tədbirləri nəticəsində mümkün olmuşdu. Qurum fəaliyyətini bolşevik Rusiyasının Azərbaycanı işğalı nəticəsində dayandırmaq məcburiyyətində qalmışdır.
– Bəs təhlükəsizlik orqanlarının rəhbərlərinin sonrakı aqibəti necə olmuşdur?
– 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti bolşevik Rusiyası tərəfindən işğal edildikdən sonra respublikanın rəhbərlərinə, tanınmış ziyalılarına, dövlət xadimlərinə, hərbçilərə və təhlükəsizlik orqanlarının əməkdaşlarına qarşı əsl repressiya başlanmışdı. Müxtəlif vaxtlarda Azərbaycan təhlükəsizlik orqanlarına rəhbərlik etmiş Əfrasiyab bəy Ağalarov, Məmmədbağır bəy Şeyxzamanlı və Ələkbər xan Şahsuvarov müstəqil Azərbaycan Respublikasına xidmət etdiklərinə görə sorğusuz-sualsız güllələnmiş, bu orqanlarda işləmiş onlarca əməkdaşın bir qismi həbs edilmiş, bir qismi isə o cümlədən, Nağı bəy Şeyxzamanlı, Mahmud bəy Səfikürdski və digərləri mühacirətə getməyə məcbur olmuşlar.
Azərbaycan Xalq Cümhuriyyəti naminə çalışmış bu fədakar insanları unutmağa haqqımız yoxdur. Onların tarixi fəaliyyəti daha geniş araşdırılmalı və istiqlal tariximizdə öz layiqli yerini tutmalıdır. Hamımız onları tanımağa və tanıtdırmağa borcluyuq.
– Dövlət Təhlükəsizliyi Xidmətinin hazırkı fəaliyyətini necə qiymətləndirirsiniz?
– Dövlət Təhlükəsizliyi Xidməti ölkənin əsas təhlükəsizlik strukturlarından biridir. Milli və dövlət maraqlarını həmişə üstün tutan qurumun gördüyü iş göz qabağındadır. Yüksək səviyyəli peşəkarlardan təşkil edilmiş DTX-nin şəxsi heyətinin fəaliyyəti cəmiyyət arasında rəğbət doğurur. Xalqımız Dövlət Təhlükəsizliyi Xidmətinə, onun rəisi general-polkovnik Əli Nağıyevə xüsusi inam, etimad göstərir. Bu, təhlükəsizlik orqanlarının veteranı kimi, məni də sevindirir. Uzun illər birlikdə çalışdığım, savadlarına, bacarıqlarına inandığım, vətənpərvər, gecə-gündüz Vətəni, xalqı göz bəbəyi kimi qoruyan çiyindaşlarıma, fədakar insanlara fəaliyyətlərində davamlı uğurlar arzulayıram.
Əlbəttə ki, Dövlət Təhlükəsizliyi Xidmətinin son dövrlərdəki uğurlarından danışırıqsa, qurumun şəxsi heyətinin Vətən müharibəsində qazanılan Qələbəyə verdiyi töhfələri xüsusi qeyd etməliyik. Döyüş meydanında ardıcıl zəfərlər qazanan Azərbaycan Ordusunun mühüm kəşfiyyat məlumatları ilə təmin olunmasında, o cümlədən düşmənin terror-təxribat planlarının və niyyətlərinin, kiberhücum cəhdlərinin və informasiya mübarizəsi çərçivəsində həyata keçirdiyi fəaliyyətin qarşısının alınmasında Dövlət Təhlükəsizliyi Xidmətinin müstəsna rolu vardır.
Bununla yanaşı, Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlılarının müharibə müddətində və ondan sonrakı dövrdə reallaşdırdığı uğurlu əməliyyatlar da bu qurumun fəaliyyətinin ictimaiyyətə bəlli olan kiçik bir hissəsidir.
Göstərdikləri şücaətə görə müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Dövlət Təhlükəsizliyi Xidmətinin xeyli sayda əməkdaşının yüksək adlara, orden və medallara layiq görülmələri şəxsi heyətə olan etimadın əyani təzahürüdür.
– Dövlət Təhlükəsizliyi Xidmətində çalışan gənc əməkdaşlara nələri tövsiyə edərdiniz?
– Bu gün Dövlət Təhlükəsizliyi Xidmətində çox sayda gənc kadr çalışır. Təbiidir, əməkdaşlar müəyyən yaş həddini keçdikdən sonra ehtiyata buraxılır. Onların yerinə daha savadlı, hazırlıqlı, xüsusi təhsil almış, bir neçə xarici dil bilən, müasir informasiya-kommunikasiya texnologiyaları sahəsi üzrə zəruri biliklərə yiyələnmiş, Vətənini, dövlətini sevən gənclər gəlir. Biz bunu İkinci Qarabağ müharibəsində də gördük. Bu, şəxsən məni sevindirir. Ancaq gənclərə öz tövsiyəmi də demək istəyirəm. Xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev üç dəfə dövlət təhlükəsizliyi orqanlarının əməkdaşları ilə görüşmüşdür.
İlk görüş 1997-ci il iyun ayının 28-də milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsisinə həsr edilmiş təntənəli mərasimdə olmuşdur. 1999-cu il martın 27-də Azərbaycan milli təhlükəsizlik orqanlarının yaradılmasının 80 illiyinə həsr edilmiş təntənəli yubiley tədbirində ikinci görüş olmuşdur. Sonuncu görüş isə 2000-ci il mayın 16-na təsadüf edir. Həmin gün Milli Təhlükəsizlik Nazirliyinin İdman-Sağlamlıq Kompleksinin istifadəyə verilməsi ilə bağlı nazirliyin əməkdaşları ilə görüş keçirilmişdir. Hər üç görüşdə ulu öndər geniş nitq söyləmişdir. Böyük önəm daşıyan bu tarixi nitqlərdə Heydər Əliyev təhlükəsizlik orqanlarının keçdiyi yol və qarşıda duran vəzifələr barədə danışmışdır. Çox istərdim ki, gənc əməkdaşlarımız bu tarixi nitqləri dərindən oxusunlar. Çünki həmin çıxışlarda son yüz ildə fəaliyyət göstərmiş təhlükəsizlik və dövlət orqanlarının işi, ictimai-siyasi vəziyyət böyük peşəkar tərəfindən təhlil edilir. Bu gün də aktual olan o tarixi çıxışlar sanki təhlükəsizlik orqanlarının əməkdaşları üçün tərtib olunmuş xüsusi proqramdır. Məncə, ulu öndər Heydər Əliyevin nitqləri hər bir təhlükəsizlik orqanı əməkdaşının stolüstü kitabı olmalı və dərindən öyrənilməlidir.
– Bu gün Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 104-cü ildönümü qeyd olunur. Peşə bayramı ilə əlaqədar təbriklərinizi eşitmək xoş olardı...
– Azərbaycan təhlükəsizlik orqanlarının bütün əməkdaşlarını, veteranlarını bu əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinə möhkəm cansağlığı və xoşbəxtlik arzulayır, Vətən yolunda çətin və məsuliyyətli fəaliyyətlərində müvəffəqiyyətlər diləyirəm. Qətiyyətlə inanıram ki, ulu öndərin təhlükəsizlik orqanlarında yaratdığı peşəkarlıq məktəbi gələcək nəsillər tərəfindən də uğurla davam etdirələcək, xalqımızın, dövlətimizin təhlükəsizliyi bundan sonra da etibarlı qorunacaqdır.
Əziz həmkarlar, peşə bayramımız mübarək!
Müsahibəni apardı:
Samirə ABDULƏLİZADƏ