"Hədəf Fazil Mustafadır, amma..." - Vitse-spiker

 16:51 29.03.2023     13418

Xəbər verdiyimiz kimi, 28 mart 2023-cü il tarixdə Milli Məclisin deputatı Fazil Mustafaya yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Millət vəkili əməliyyat olunub və həyati təhlükəsi yoxdur.

Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Qeyd edək ki, millət vəkilinə qarşı terror aktı cəmiyyətdə ciddi narahatlıqla qarşılanır. İranın anti-Azərbaycan təbliğatına qarşı fəal mübarizə aparan Fazil Mustafanın güllələnməsi müəyyən ehtimallar yaradır. Bu hadisə həmçinin deputatların silahla təmin olunması məsələsini də gündəmə gətirib.

Milli Məclisin sədr müavini, professor Fəzail İbrahimli mövzu ilə bağlı suallarımızı cavablandırıb.

Redaktor.az vitse-spikerlə müsahibəni təqdim edir: 

- Fəzail müəllim, bildiyimiz kimi, Fazil Mustafaya qarşı silahlı hücum olunub. Bu hadisənin arxasında hansı qüvvələr dura bilər?

- Azərbaycanın millət vəkili Fazil Mustafaya qarşı atılan bu addım təbii ki, terror əməliyyatıdır. Terror bir neçə zəmində törədilir. Hansı zəmində törədildiyi məlumdur. Kifayət qədər bizim hüquq-mühafizə orqanları ayıq-sayıqdır. Məsələlər diqqətlə araşdırılacaq və qatil, terrorçu saxlanılacaq. Onun arxasında duran qüvvələr də müəyyən ediləcək. Biz bu məsələlərdə kifayət qədər səbrli, təmkinli və hüquq-mühafizə orqanlarının çıxardığı qərarları gözləməliyik. İndidən hansısa bir formada məsələyə müdaxilə etmək mən hesab edirəm ki, bu işin hüquq-mühafizə orqanlarının işi olduğunu unutmaqdır. Fazil Mustafa cəmiyyətdə kifayət qədər tanınmış bir simadır. Kifayət qədər daxili azadlığı, siyasi düşüncələri yerində olan və haqqı həmişə qorumağa çalışan bir fərddir. Fazil Mustafa millət vəkili kimi cəmiyyətin bütün problemlərini gündəmə gətirən, deputat kimi bu problemlərin həllinə yönələn, məsləhətləri ilə də fərqlənən insandır. Tanrı qoruyub. Təbii ki, ona qarşı atılan bu addım kifayət qədər ağır bir addımdır. Hədəf Fazil Mustafadır. Amma onun daşıdığı bir ad var: millət vəkili. Güman edirəm ki, Fazil Mustafaya qarşı tuşlanan bu silah, bu atəş bütün millət vəkillərinə qarşı açılan bir atəş kimi qiymətləndirmək olar. Biz Fazil Mustafaya Tanrıdan sağlamlıq arzu edirik. İnşallah, bütün məsələlər də üzə çıxacaq. Ondan sonra siyasi müstəvidə, dini müstəvidə, iqtisadi müstəvidə hansı müstəvidə törədilibsə, bu terror aktı üzə çıxdıqdan sonra güman edirəm ki, hər şey aydın olacaq və ona da uyğun olaraq addımlar atılacaq.

- Deputatların silahla təmin olunması məsələsi və təhlükəsizliyi məsələsi yenidən gündəmə gələ bilərmi?

- Şəxsən mən hesab edirəm ki, bu günləri mənim silaha ehtiyacım yoxdur. Heç Fazil Mustafanın da yox idi. Bu terrorçu üstündə silahın olub-olmamasını hədəf götürmür ki. Sən silaha əlini atana qədər artıq terrorçu öz işini görür. Silah iki müstəvidə sənə lazım ola bilər. Tutaq ki, bir axmaq mühitə düşmüsən, burda özünü müdafiə etmək üçün. Onda silah rol oynaya bilər. Yaxud da ki, bilirlər bunda silah var, sənə qarşı ehtiyatla hərəkət edirlər. Bu iki anda silah həlledici rol oynaya bilər. Terrorçu üçün silahlı olub-olmamağının heç bir fərqi yoxdur. Çünki bu, kifayət qədər düşünülür. Terrorçu sənlə üz-üzə gəlib atəş açmır, terrorçu arxadan atəş açır. Ona görə də fikir müxtəlifliyi ola bilər. Amma şəxsən mən hesab edirəm ki, özüm üçün silaha ehtiyac duymuram. Bu qədər millət vəkilin təhlükəsizliyinin təmin edilməsi, hər kəsə bir mühafizənin verilməsi isə müəyyən qədər rol oynaya bilər. Amma tam mənada yox. Tutaq ki, Fazil Mustafa maşından düşəndə, mühafizə də qabaqda oturub. Atəş də soldan açılıb... Hesab edirəm ki, dövlətimiz, xüsusilə Daxili İşlər Nazirliyi bu məsələlərdə kifayət qədər ayıq-sayıqdır. Bizim bütövlükdə millətin, xalqın təhlükəsizliyi təmin olunur. Ayrı-ayrı qruplara qarşı, ayrı-ayrı ölkələrin nümayəndələrinə qarşı. Azərbaycan öz sabitliyinə görə, təhlükəsizliyin təminatına görə dünyada nümunəvi bir ölkədir. Baxmayaraq, bizim erməni kimi düşmənimiz var. Biz müharibə şəraitində yaşayırıq. Xristian dünyasının müəyyən qrupu erməni təəssübkeşliyi ilə üstümüzə gəlir. Ədalətsiz münasibətlərlə üz-üzə gəlirik. Dünən cənab Prezidentin ifadəsi ilə desək, üzdə belə, arxada belə rol oynayanlar var. Amma bütün bunlara baxmayaraq, Azərbaycan sabit bir ölkədir. Mən, məsələn, bəzən gecə saat 11-də gənc bir qızın, yaxud xanımın küçədə çantası çiynində işdən evinə qayıtdığını mühafizəsiz görəndə mən qürur duyuram ki, nə yaxşı ki, heç olmasa bu təhlükəsizlik təmin olunur. Millətin təhlükəsizliyi etibarlı əllərdədir. Ona görə də bu məsələlərə belə baxıram.

- Fəzail müəllim, erməni təəssübkeşliyindən söz düşmüşkən, son günlər Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıların erməni separatçılarına silah-sursat daşınmasında yardım edir. Rusiya sülhməramlılarının bu addımını necə qiymətləndirirsiniz?

Azərbaycanın atdığı addımlar mən deyərdim ki, tarixdə unikal addımlardır. Yəni müəyyən dövr keçdikdən sonra bunlar tədqiqat obyekti olacaq. Bu gün isə dünya dövlətlərini, onların rəhbərlərini, Azərbaycana xor baxanları, caynaq uzadanları, mənfur baxış sahiblərini mat qoyur. Siz fikir verin. Kifayət qədər səbrli hərəkət edirik. Biz dünyaya bəyan edirik ki, bizim çəkdiyimiz bu yolla bu xəyanət işləri ilə məşğuldurlar. Nədir xəyanət?! Ermənilər silahlandırılır, silah hardan gətirilir? Müxtəlif ünvanlardan cənubdan, şimaldan. Ermənistan acizdir. Ermənistan silah verə bilməz, o qonşu dövlətlər tərəfindən silahlandırılır. Biz bəyan etdik. Nəticəsi olmadı. Sülhməramlılar ora qoyulmayıb ki, gəlib orda səhərdən axşama qədər yeyib-içib, keflənib Qarabağın təmiz havasını udub yaşasınlar. Ora qoyulub ki, bu xarakterli prosesslərin qarşını almaq üçün. Açıq formada bəyan edildi ki, sülhməramlılar özünün qarşısına qoyduğu missiyanı təmin etmir. Bunlar sülhməramlı yox, erməni təəssübkeşli qüvvələrdir. Və nəhayət biz görəndə ki, dünya bizim sözümüzü eşitmir, qulaqları kar, gözləri kordur, siz gördüz bizim qeyrətli övladlarımız o yolu tutdular və Laçın-Şuşa yolunda silahın daşımasının qarşısı alındı. Və bu yol dayandırıldıqdan sonra digər yollar axtardılar. Amma Azərbaycan tərəfi nə etdi? Heç bir qan tökmədən həmin yolları nəzarətə götürdü. İndi bunların hıçqırıqları içində qaldı. Azərbaycan özünün sözündə qətiyyətlidir, əməlində düzdür, haqqın tərəfindədir və torpaq təəssüfkeçliyi ilə hərəkət edir. Ona görə də haqq heç zaman əzilməz, bükülə bilər əzilməz. Bunlar tədricən yoluna düşəcək. Son hadisələrdən sonra mənə elə gəlir ki, çox şeylər dəyişəcək.

Həmidə İBRAHİMLİ