“Müasir dövrdə adlarla bağlı qəribə hadisələrin şahidi oluruq” - Reyhan Həbibli

 11:32 02.06.2023     1135

İnsanlar arasında belə bir inanc var ki, ad insan həyatında çox mühüm rol oynayır. Bəzi mülahizələr isə adın insanın taleyinə təsir etdiyini, xarakterinə əks olunduğunu söyləyir.

Redaktor.az-ın əməkdaşı Bakı Dövlət Universitetinin “Azərbaycan dilçiliyi"  kafedrasının dosenti Reyhan Həbibli ilə bu mövzuda söhbət edib.

Həmin müsahibəni təqdim edirik:

- Reyhan müəllim, ilk olaraq sual vermək istərdim ki, insanın adı onun taleyinə necə təsir edir?

- Ad insana həyatda şərti olaraq verilir. İnsanın taleyinə adın təsiri haqqında dəqiq elmi fikirlər yoxdur. Amma bununla bağlı müəyyən faktlarla, nümunələrlə adın insanın taleyinə təsiri barədə bəzi mülahizələr irəli sürülür. Keçmişdə insanlar bu fikrin tərəfdarı idilər ki, doğrudan da, ad insanın taleyinə təsir göstərir. Yəni müasir dövrə nisbətən keçmişdə buna daha çox inanırdılar. Keçmişdə bir çox xalqlar advermə zamanı həm şəxs adlarından, həm də yalançı adlardan  istifadə edirdilər. Bu, uşaqları bəd nəzərdən, xəstəliklərdən, şər qüvvələrdən qorumaq məqsədi daşıyırdı. Uşağı xoşagəlməz bir sözlə adlandırırdılar ki, şər qüvvələr ona ziyan vura bilməsin. Amma müasir dövrdə də adlarla bağlı qəribə hadisələrin şahidi oluruq. Məsələn, tez-tez xəstələnən və ya ağır xəstə olan şəxsin adının dəyişdirilməsi onun sağalmasına səbəb olur.  

- Ad insan xarakterində rol oynayırmı?

- Elmdə bununla bağlı da dəqiq fikirlər yoxdur. Amma bir daha qeyd edim ki, bəzi nümunələr, müşahidələr əsasında maraqlı faktlara rast gəlmək olur. Məsələn, bəzən tanıdığımız eyniadlı insanların oxşar xarakterə malik olduğunu müşahidə edirik. Güman edirəm, oxucular da belə halların şahidi olublar.

- Bəzi insanlar var ki, böyüdükdən sonra adını dəyişir. Bununla bağlı nə deyə bilərsiniz?

- Ümumiyyətlə, advermə çox ciddi və məsuliyyətli bir işdir. Ad, adətən, insana ömürlük verilir. Buna görə də valideynlər övladlarına elə ad qoymalıdır ki, həmin şəxs adından utanmasın, xəcalət çəkməsin, həmişə adı ilə fəxr eləsin, adını eşidəndə fərəhlənsin. Amma təəssüf ki, bəzən bunun əksini müşahidə edirik. Əgər insanın adı onun ürəyincə olmursa, o, ömrü boyu adından utanar və bu da onda psixoloji travma yarada bilər. Ona görə də ad seçimində çox diqqətli olmaq lazımdır.

Arzu İSMAYIL