"Füzuli şəhərində yeni universitetin yaradılması vacibdir" - Deputat "Böyük Qayıdış"dan DANIŞDI

 17:04 21.08.2023     4604

Xəbər verdiyimiz kimi, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.  Bu gün də Füzuli şəhərinə daha 24 ailə - 68 nəfər köçürülüb.

Milli Məclisdə Füzuli rayonunu təmsil edən deputat Vüqar Bayramov Füzuliyə köçlə bağlı Redaktor.az-a danışdı.

- Vüqar müəllim, rayonun deputatı olaraq Füzuliyə köçü, qayıdışı necə qiymətləndirirsiniz?

- Füzuli şəhərinə qayıdış Qarabağın tarixində ən vacib günlərdən biridir. Çünki Füzuli şəhərinə köçün başlaması Qarabağa "Böyük Qayıdış"ın başlanması anlamına gəlir. Nəzərə alsaq ki, bundan öncə Şərqi Zəngəzur iqtisadi rayonunda qayıdış reallaşıb - öncə Zəngilanda, daha sonra Laçında keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtması reallaşıb. Artıq Qarabağda 30 illik Ermənistan işğalının sona çatmasından sonra "Böyük Qayıdış"a start verildi. Füzuli şəhərinə qayıdış həm rayonun, həm Qarabağın, həm də işğaldan azad olunmuş ərazilərimizin yenidən bərpa edilməsi və qurulması baxımından vacibdir. Füzuli rayonunun inkişafı Qarabağın yenidən qurulmasının bir başlanğıcıdır və məskunlaşma da vacib hadisələrdən biridir. Çünki ilin sonuna qədər Füzuli şəhərinə 800 ailə qayıdacaq və bütövlükdə 2023-cü ilin sonunadək işğaldan azad olunmuş ərazilərimizə 2000 ailənin qayıtması gözlənilir ki, bu da məskunlaşma prosesinin intensivləşdiyindən xəbər verir.

- Bəs köçən əhalinin məşğulluğu necə həyata keçiriləcək?

- Məskunlaşmış vətəndaşlarımızın məşğulluğu çox vacib məqamlardan biridir. Cənab Prezident də məskunlaşan vətəndaşlarımızın məşğulluğuna xüsusi diqqət ayrılması ilə bağlı tapşırıqlar verib. Bu ondan xəbər verir ki, Füzuli şəhərində məskunlaşacaq vətəndaşlarımızın işlə təminatı əsas hədəflərdən biri olacaq. Həm dövlət sektorunda, həm də özəl sektorda işlə təminat həyata keçiriləcək. Füzuli şəhərinə qayıdış həmin ərazimizdə artıq dövlət müəssisələrinin fəaliyyətə başlamasına, xüsusən də sosial xidmətlərin reallaşmasına imkan verəcək. Bildiyiniz kimi, bir tərəfdən Füzuli şəhərində bərpa yenidənqurma işləri davam edir, məskunlaşan vətəndaşlarımızın bir qisminin həmin layihələrdə iştirakı təmin olunacaq. Yerli investisiya hesabına həm Füzuli şəhərində, həm də ətraf ərazilərdə özəl sektorun iş yerləri yaradacağı gözlənilir. Bu baxımdan, məskunlaşmış vətəndaşlarımız üçün işlə təminat prioriteti vacibdir, Füzuli şəhərində məskunlaşma zamanı da əsas prioritetlərdən biri olaraq qalmaqdadır.

- Bildiyimiz kimi artıq növbəti tədris ilində də Füzulidə dərslərə başlanılacaq. Şagird sayı və ya dərs deyəcək müəllimlərin sayı məlumdurmu? 

- Füzuli şəhərində fəaliyyət göstərəcək məktəb 960 şagird üçün nəzərdə tutulub. Təbii ki, mərhələli şəkildə həmin məktəbdə tam tədris mümkün olacaq. Amma bununla belə, bu ilin sentyabrında Füzuli şəhərində ilk zəng çalınacaq, bu da artıq Füzuli şəhərinin və bütövlükdə Füzuli rayonunun tədrisinin inkişafı baxımından vacib və tarixi günlərdən biri olacaq. Təbii ki, biz məskunlaşan vətəndaşlarımızın ixtisasına diqqət yetirsək, onların bir qismi təhsil sektorunda çalışan və eləcə də Füzuli rayonunun məcburi köçkün məktəblərində çalışan müəllimlərimizdir. Həmin müəllimlərimiz şəhər məktəbində işlə təmin olunacaqlar. Artıq bu istiqamətdə işlər demək olar ki, yekunlaşmaq üzrədir və şagirdlərin də qeydiyyat prosesi davam etdiriləcək. Hələlik konkret şagird, müəllim sayını söyləmək mümkün olmaz. Amma onu qeyd etmək lazımdır ki, bu istiqamətdə işlər çox sistemli şəkildə həyata keçirilib. O cümlədən məktəbin direktoru və müəllimləri çox yaxın zamanlarda seçiləcək və bu da ondan xəbər verir ki, artıq məktəb sentyabr ayından etibarən öz fəaliyyətinə başlaya biləcək.

- Həmin bölgədə iqtisadi inkişaf üçün hansı addımlar atılacaq? Zavod, fabrik kimi istehsal müəssisələri tikilə bilərmi?

- Füzuli rayonu böyük iqtisadi potensiala malik olan bölgələrimizdəndir, həm də rayonun aqrar potensialı var. Eyni zamanda, sənaye imkanları genişdir. Füzuli rayonu turizm, nəqliyyat və logistika baxımından seçilən rayonlarımızdandır. Füzuli rayonunun iqtisadi potensialının qiymətləndirilməsi çox vacibdir. Füzuli rayonunun işğaldan azad olunan torpaqlarının təxminən 95 faizi məhsuldar torpaqlardır. Bu ondan xəbər verir ki, rayonun kənd təsərrüfatının inkişafı üçün kifayət qədər böyük imkanları var. Xüsusən də əkinçiliyin inkişafında böyük üstünlüklər var. Sənaye potensialı da böyükdür, çünki təbii ehtiyatları var. Bu da sənaye müəssisələrinin işləməsində, fəaliyyət göstərməsinə imkan yaradıb. Digər tərəfdən Füzuli Qarabağın hava qapısıdır. Nəqliyyat və logistik potensialı böyükdür və imkanlar genişdir. Bu da təbii ki, Füzulinin rayonun inkişafı üçün yeni imkanlar deməkdir. Füzulinin həm tarixi turizm imkanları var, həm də yay-qış turizmi, eləcə də sağlamlıq turizm potensialı yüksəkdir. Bütövlükdə Füzuli rayonunun bərpa yenidənqurulması kontekstində iqtisadiyyatın formalaşdırılması da həyata keçiriləcək. Özəl sektor üçün növbəti 10 ildə kifayət qədər böyük güzəştlər var, bütün vergilərdən azaddırlar, kommunal xidmətlərdə 20 faizlik güzəşt var və işçilər üçün güzəştlər artıq qüvvəyə minib. Yəni bütün bunlarda özəl investisiyanın cəlb edilməsinə imkan yaradacaq.

- Bildiyimiz kimi zaman-zaman universitetlərin Bakıdan köçürülməsi məsələsi gündəmə gətirilir. Ola bilərmi ki, hansısa universitet Füzuliyə köçürülsün?

- Ali məktəblərin bölgələrə köçürülməsi məsələsi vacib məqamlardandır və bu istiqamətdə müzakirələr davam edir. Bildiyiniz kimi, Ağdamda da universitetin yaradılması ilə bağlı ictimai müzakirələr var. O cümlədən nəzərə alsaq ki, Füzuli şəhərində də, xüsusən də ötən əsrin əvvəllərində və ortalarında pedaqoji təhsil kifayət qədər yüksək olub. Universitetlərin köçürülməsi prosesi baş verərsə, bu zaman Qarabağa da universitetlərin köçürülməsi mümkün ola bilər. Digər tərəfdən isə, ümumiyyətlə, yeni universitetlərin yaradılması da mümkündür. Çünki həm özəl, həm dövlət universitetlərinin sayının artırılması da vacib məqamlardandır. Son illər Azərbaycanda universitetlərin sayında demək olar ki, artımlar olmayıb. Ona görə də bu gün Füzuli şəhəri daxil olmaqla işğaldan azad olunmuş ərazilərimizdə yeni universitetlərin yaradılması məqsədəuyğun olardı. Bu, həmin bölgələrimizin inkişafına töhfə verərdi, eyni zamanda universitetlərin sayının artması təhsil sisteminin inkişafı baxımından da vacib ola bilər. 

Humay İSGƏNDƏRLİ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış" mövzusunda dərc olunub.

2