"Bu gecə Xocalıda tapdığım rahatlığı 32 ildə heç bir yerdə tapmamışam" - MÜSAHİBƏ
32 il əvvəl Xocalıdan işgəncə, ağrı-acı içində köçən xocalılar işğalın ağrı-acısını az da olsa unutduracaq günlər yaşayacaqlar, çünki onlar Xocalıya, yurd-yuvalarına köç edirlər.
Dünən və bu gün baş tutan köç sayəsində Xocalı şəhərində 44 ailə, yəni 169 nəfər yaşayır.
İstədik ki, bu köçün sevincini elə onların öz dilindən eşidək.
Ötən gün Xocalıya köç edən, 32 il əvvəl erməni işğalı nəticəsində yurdundan didərgin düşən 63 yaşlı Zülfü Muradov təəssüratlarını Redaktor.az-la bölüşdü:
- Xocalıya dönmək, orada yenidən məskən salmaq necə hissdir?
- Bundan gözəl hiss ola bilər? Mən bu gecə Xocalıda tapdığım rahatlığı bu 32 ildə heç bir yerdə tapmamışam. Bu gecə öz evimdə yatmışam. Evimizi 1986-cı ildə tikmişdim, 1992-ci ildə məcburi köçkün düşdük, 32 ildən sonra isə qayıtdım. Allah cənab Prezidentin canını sağ etsin, Mehirban xanımın canını sağ etsin, övladlarını xoşbəxt etsin. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin. Başda cənab Ali Baş Komandan olmaqlar Allah ordumuzu qorusun. Bundan gözəl xoşbəxtlik, bundan gözəl hiss ola bilməz. 63 yaşım var, bu qədər xoşbəxtliyi birinci dəfədir yaşayıram. Xocalıda doğulub, böyümüşəm sonra da qaçqın düşmüşük. Xocalıda ilk şəhid 1991-ci il sentyabr ayının 9-undan 10-una keçən gecə mənim qardaşım olub, 25 yaşında o zirvəyə ucalıb. Mənim övladlarım da burada doğulubdur, həmçinin həyat yoldaşım da. Yerli, köklü xocalıyıq.
- Bir gün Xocalıya qayıdacağınıza inanırdınız?
- Buna inanırdım. Nəyə görə inanırdım? Allah Heydər Əliyevə qəni-qəni rəhmət etsin, bilirdim ki, onun davamçısı olaraq cənab Prezident bizi nə vaxtsa öz torpağımıza qaytaracaq və bayrağımızın altında yenə firavan yaşayacağıq. Buna inanırdım. Amma belə tez olmağına o qədər də inanmırdım da. Cənab prezident belə bir gözəl xarici siyasət işlətdi, biz az bir vaxta öz torpağımıza qayıtdıq. Həyat buradadır, ötən gün cənab Prezidentlə söhbət zamanı da dedim ki, Allah sizin canınızı sağ etsin, bu xoşbəxtliyi bizə yaşatdınız. Mən bu gündən sonra ölsəm də arzuma çatmışam.
- Hazırda kimlə yaşayırsız? Xocalıda kimlə məskunlaşacaqsınız?
- Ailəmlə köçmüşəm. Oğlum, gəlinim və həyat yoldaşımla Xocalıda yaşayacam. Bu gün də tikinti idarəsində işlə təmin olunacam.
- İşğalın ağrı-acısı bu gün köç sayəsində az da olsa keçirmi?
- Əlbəttə, acımız azalır. 32 il sanatoriyalarda, pis şəraitdə yaşamışıq. Xocalıdan çıxandan sonra 20 il Naftalan şəhərində məskunlaşmışıq, sonra Goranboyda cənab Prezident qəsəbə saldırdı, orada yaşadıq. Bu gün illər əvvəl öz tikdiyim evdə yaşayıram. Bu da yenə cənab Prezidentin sayəsindədir.
Humay İSGƏNDƏRLİ