"İtkisiz və qapalı suvarma üsulları genişləndirilməlidir" - Professor

 15:28 07.01.2025     109

Azərbaycanda su ehtiyatlarının məhdud olduğu heç kimə sirr deyil. Əlbəttə ki, o da məlumdur ki, bu təbii sərvət ölkəmizin iqtisadi və sosial inkişafı üçün həyati əhəmiyyət kəsb edir. Su yalnız içməli su təchizatı və kənd təsərrüfatı üçün deyil, həm də sənaye və ekoloji balansın qorunması baxımından önəmli bir resursdur. Bu resursun effektiv idarə edilməsi və meliorasiya sahəsində aparılan işlər ölkə iqtisadiyyatının dayanıqlılığını təmin etmək üçün böyük rol oynayır.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Meliorasiya və su təsərrüfatı tikintisi kafedrasının fəaliyyəti, məhz bu sahənin inkişafına, su təsərrüfatının idarə olunmasına və ölkəmizin meliorasiya infrastrukturunun təkmilləşdirilməsinə həsr olunub. Kadr hazırlığı elmi tədqiqatlar və istehsalatla olan əlaqələr bu istiqamətdəki uğurları təmin edən mühüm amillərdir. Su təsərrüfatı sahəsindəki elmi-texniki inkişaflar və istehsalat elm vəhdəti yalnız nəzəri biliklərin deyil, həm də praktiki həllərin tətbiqinə şərait yaradır.

Bugünkü müsahibəmizdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Meliorasiya və su təsərrüfatı tikintisi” kafedrasının son illərdəki inkişafı, Azərsu ilə əməkdaşlıq, beynəlxalq əlaqələr və su təsərrüfatı sahəsindəki elmi tədqiqatlar barədə geniş məlumat almaq məqsədilə bu sahədəki önəmli işləri ilə tanınan professor Zakir Musayev ilə söhbət edəcəyik.

 - Zakir müəllim, son 20 ildə Meliorasiya və Su Təsərrüfatı Tikintisi kafedrasının elmi-texniki inkişafı və əldə etdiyimiz nailiyyətlər barədə məlumat verməyinizi xahiş edirik. 

- Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) artıq 50 ildir ki, elm və təhsil sahəsində uğurla fəaliyyət göstərir. Universitetimiz son dövrlərdə dünya nüfuzlu “QS Quacquarelli Symonds” agentliyinin “QS Europe 2025” və “QS Western Asia 2025” reytinqlərində inkişaf göstərərək sırasını yüksəldib. Bu universitetimizin strateji fəaliyyətinin və keyfiyyətli təhsilin göstəricisidir. Bu yarıməsrlik dövr ərzində universitetimizin digər kafedraları kimi bizim kafedranın da xüsusi rolu olmuşdur. Meliorasiya və Su Təsərrüfatı Tikintisi kafedrası Su Təsərrüfatı və Mühəndis Kommunikasiya Sistemləri fakültəsinin tərkibində fəaliyyət göstərir və elmi-texniki inkişaf sahəsində mühüm addımlar atılmışdır.

Son 20 il ərzində kafedramızda 15-dən çox yerli və xarici doktorant və tədqiqatçı doktoranturaya qəbul edilmiş, dissertasiyalarını müvəffəqiyyətlə müdafiə etmişdir. Hazırda da 3 doktorant müdafiə ərəfəsindədir. Dövlət büdcəsi hesabına apardığımız elmi tədqiqatlar müvəffəqiyyətlə tamamlanmış və əldə edilən yeniliklər istehsalata tətbiq olunmuş, beynəlxalq jurnallarda nəşr edilmişdir.

2003-cü ildə, universitetimizin rektoru professor Gülçöhrə Məmmədovanın təşəbbüsü ilə Azərbaycan Dövlət Neft Şirkəti və Təhsil Nazirliyi ilə aparılan danışıqlar nəticəsində Neft-qaz sənayesində mühəndis qurğularının tikintisi ixtisası üzrə bakalavr təhsili başlamışdır. Bu, ulu öndər Heydər Əliyevin yeni neft strategiyasının həyata keçirildiyi bir dövrə təsadüf edir və mütəxəssis hazırlığının vacibliyini vurğulayırdı. Sonradan bu sahə “Dəniz hidrotexniki qurğuların tikintisi” magistratura proqramı ilə genişlənmişdir.

Hazırda kafedramız 3 ixtisas üzrə mütəxəssis hazırlayır və bu sahədə yüzlərlə elmi vəsait hazırlanıb nəşr olunmuşdur.

Kafedranın elmi-texniki inkişafında dövlət və elmi qurumlarla əməkdaşlıq xüsusilə önəmlidir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Ekologiya İnstitutu və digər aparıcı elmi istehsalat müəssisələri ilə əməkdaşlıq qurulmuş, kafedramızın filialları yaradılmışdır. Hər il doktoranturaya qəbul həyata keçirilir.

Kadrlarımızın xarici dil biliklərinin, xüsusilə ingilis dili və müasir kompüter texnologiyalarının inkişafına xüsusi diqqət yetirilir. Xarici universitetlərlə əməkdaşlıq artdıqca, kafedramızın əməkdaşları beynəlxalq proqramlarda iştirakı da genişlənir.

Laboratoriya bazamız tam yenidən qurulmuş və xüsusən “Hidravlika və hidravliki maşınlar” laboratoriyası təkmilləşdirilmişdir. Bu, tələbələrin geniş istifadə etdiyi vacib məkanlardan biridir.

Uğurlarımız çoxdur, lakin missiyamız yekunlaşmayıb, məqsədimiz sürətlə dəyişən müasir dünya elm və tədris sahəsində daim inkişaf edərək öncül sıralarda olmaqdır.

- Fakültənin və kafedranın istehsalatla əlaqələri necə inkişaf edib? Xüsusilə, Azərsu ilə olan əməkdaşlıqdan bəhs edərdinizmi? Bu əməkdaşlığın elmi və praktiki nəticələri barədə nə deyə bilərsiniz?  

- Fakültənin və kafedranın istehsalatla əlaqələri uzun müddətdir ki, davamlı olaraq inkişaf edir. Xüsusilə, Azərsu ilə olan əməkdaşlıq bu əlaqələrin əhəmiyyətli bir nümunəsidir. Bu əməkdaşlığın elmi və praktiki nəticələri olduqca müsbət olub, həm tələbələr üçün, həm də istehsalat sahəsi üçün faydalıdır.

Bilirsiniz, ixtisas kafedralarının istehsalat sahələri ilə sıx əməkdaşlıq etməsi çox vacibdir. Bu qarşılıqlı əlaqələr yalnız kağız üzərində qalmaqla kifayətlənməməli, həmçinin praktiki tətbiqini tapmalıdır. Bu prinsipi əsas götürərək, tələbələrimizi müasir istehsalatın tələblərinə uyğun mütəxəssis kimi hazırlamaq məqsədini güdürük. 

Kafedramızın Azərsu ASC, SOCAR və Ekologiya İnstitutu ilə əməkdaşlığı bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Məsələn, 2012-ci ildə Azərsu ilə universitetimiz arasında "Təhsil, elm, ixtisaslaşdırma, əmək məşğulluğu sahəsində əməkdaşlıq" haqqında müqavilə imzalanıb. Bu müqavilə nəticəsində 21 tələbəmizə təqaüd ayrılmışdır. 

Eyni zamanda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC ilə də analoji müqavilə imzalanmışdı. Yadımda qalır ki, uzun illər bu müəssisənin sədri olmuş Əhməd Əhmədzadə, fakültəmizdə təhsil alan az təminatlı tələbələrin təhsil haqqını ödəməyə yardımçı olmuş və fərqlənən tələbələrin ixtisaslarına uyğun işlə təmin olunmasına xüsusi diqqət yetirmişdir. Onun dəstəyi ilə hətta bəzi tələbələrimiz müdafiə zamanı işlə təmin edilmişdi və bu gün onlar meliorasiya sahəsində strateji vəzifələrdə fəaliyyət göstərirlər. SOCAR ilə əməkdaşlığımız nəticəsində isə neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrimiz, şirkətin obyektlərində və zavodlarında təcrübə keçərək peşəkar bacarıqlarını inkişaf etdirirlər. Bu əlaqələr hal-hazırda daha səmərəli və yeni müstəvidə davam etdirilir.

Ümumiyyətlə, ixtisas kafedrasının istehsalat sahələri ilə qarşılıqlı əlaqəsi, hər iki tərəfin inkişafı və uğuru üçün olduqca vacibdir. Bu əməkdaşlıq tələbələrə real iş mühiti ilə tanış olmaq, nəzəri bilikləri praktiki bacarıqlara çevirmək imkanı verir.

Əlbəttə ki, beynəlxalq əlaqələrin inkişafı da mühüm rol oynayır. Kafedranın beynəlxalq əlaqələri və əməkdaşlıqları hansı istiqamətlərdə irəliləyib? 

- Beynəlxalq əlaqələrin inkişafı, müasir dövrün ən mühüm məsələlərindən biridir. Kafedramızın beynəlxalq əlaqələri və əməkdaşlıqları da bu baxımdan mühüm irəliləyişlər əldə etmişdir. Hər bir elmi sahə, o cümlədən hər bir ixtisas beynəlxalq təcrübə mübadiləsi və inteqrasiya vasitəsilə daha da inkişaf edir. Müasir dünyada heç bir sahə qarşılıqlı əlaqələr olmadan uğur qazana bilməz. Elm və pedaqoji sahələrdə bu qarşılıqlı mübadilələr və beynəlxalq əlaqələr, fikir mübadiləsi və ideya müzakirələri uğurun əsasını təşkil edir. 

Son illərdə universitetimizin və kafedramızın beynəlxalq əlaqələri daha da genişlənmiş, müxtəlif ölkələrlə əməkdaşlıq dərinləşmişdir. Məsələn, kafedramızın əməkdaşları Almaniya, Türkiyə, İspaniya, Cənubi Koreya, İran, Özbəkistan və digər ölkələrdə ezamiyyətdə olub, ustad dərsləri keçmiş, beynəlxalq konfranslarda elmi məruzələr təqdim etmişlər. Hal-hazırda isə kafedramızda qardaş Qazaxıstan Respublikasının Korkut Ata Universitetinin iki əməkdaşı fəaliyyət göstərir. Bu əməkdaşlıq nəticəsində, "Мелиорация, рекультивация и охрана почвы" adlı dərs vəsaiti rus dilində işıq üzü görmüşdür. 

Yeri gəlmişkən qeyd edim ki, bu növ beynəlxalq əməkdaşlıq yalnız elmi və pedaqoji sahələrə töhfə vermir, eyni zamanda qardaş xalqlar və digər millətlər arasında mədəni və tarixi əlaqələrin inkişafına da müsbət təsir göstərir. 

- Azərbaycanda su təsərrüfatı sahəsinin inkişafı ilə bağlı son dövrlərdə hansı mühüm yeniliklər və texnoloji tərəqqilər baş verib? Bu dəyişikliklər Meliorasiya və su təsərrüfatı tikintisi kafedrasının fəaliyyətinə necə təsir edib? 

- Meliorasiya və irriqasiya sahəsinin inkişafının əsası XX əsrin əvvəllərində qoyulsa da, bu sahənin əsas inkişafı ümummilli lider Heydər Əliyevin ölkəmizə ilk rəhbərlik etdiyi 1969-1982-ci illərdə reallaşmışdır. Bu dövrdə geniş meliorasiya və su təsərrüfatı infrastrukturu yaradılmış, böyük su anbarları, hidroqovşaqlar, kanallar və digər mühüm obyektlər tikilmişdir. Hazırda ölkədə 22 milyard kubmetr həcmi olan 135 su anbarı, 51800 km suvarma kanalı, 32633 km kollektor-drenaj şəbəkəsi və 138 min hidrotexniki qurğu fəaliyyət göstərir. 

Birmənalı şəkildə deyə bilərəm ki, Azərbaycanda su təsərrüfatı sahəsində son dövrlərdə mühüm yeniliklər və texnoloji tərəqqilər baş verməkdədir. Bu inkişaflar Meliorasiya və su təsərrüfatı tikintisi kafedrasının fəaliyyətinə də təsir edib. Kafedramızda aparılan tədqiqatlar bu sahəyə müasir texnologiyaların tətbiq olunması işinə mühim töhfələr vermişdir. Məsələn, Türyançay üzərindəki suqəbuledici qurğularda axınlar smart texnologiya ilə avtomatik idarə olunur və torpaq bəndinin drenaj sistemi müasir metodlarla təkmilləşdirilib. Ayrıca, Taxtakörpü-Ceyranbatan kanalında da yeni qurğuların tətbiqi ilə bağlı mühüm tədqiqatlar aparılmışdır. Qeyd edim ki, bu cür inkişaflar sahə üzrə mütəxəssis hazırlığını daha da gücləndirir. 

- Zakir müəllim, Sizin fikirinizcə, azad olunmuş ərazilərimizdə su ehtiyatlarının səmərəli idarə olunması və meliorasiya işlərinin bərpası üçün hansı addımlar atılmalıdır? 

İşğal dövründə bu ərazilərin təbii su obyektləri ciddi şəkildə zərər görmüş, su təsərrüfatı obyektləri isə qəsdən dağıdılmışdır. Bu səbəbdən, ilk növbədə su ehtiyatlarının müasir tələblərə uyğun öyrənilməsi və mövcud vəziyyətin araşdırılması vacibdir. Eyni zamanda hidrotexniki qurğuların bərpası üçün elmi təhlil və tədqiqatlar aparılmalı, su mənbələrindəki dəyişikliklərin səbəbləri öyrənilməlidir.

Şanlı Zəfərimizdən sonra, Laçın rayonunda Həkəri çayı üzərindəki Güləbird Su Elektrik Stansiyasının bərpası bu sahədə atılmış mühüm addımlardan biridir. Bu, yalnız infrastrukturun yaradılması deyil, həm də bizim sülh və quruculuq əzminin simvoludur. Azad olunmuş ərazilərin su ehtiyatlarından istifadə etmək, iqtisadi inkişafımıza mühüm töhfə verəcək.

Gələcəkdə, su təsərrüfatı və meliorasiya sahəsində daha effektiv nəticələr əldə etmək üçün yeni su anbarları yaradılmalı, yağış sularından səmərəli istifadə edilməli, itkisiz və qapalı suvarma üsulları genişləndirilməlidir. Həmçinin, təbii su hövzələrinin və kiçik çayların çirklənmədən qorunması önəmlidir. Bu sahədə təhsil, elm və müvafiq təşkilatlar arasında əməkdaşlıq gücləndirilməli, əhali arasında təbliğat işləri aparılmalıdır. Bütün bu addımlar, yalnız xarici təcrübəni kopyalamaqla deyil, yerli şəraitə uyğun olaraq elmi əsaslarla həyata keçirilməlidir.

- Siz, həmçinin “Ekologiya və Su təsərrüfatı” jurnalının təsisçisisiniz. Jurnalın fəaliyyətini və su təsərrüfatı sahəsində elmi tədqiqatların dəstəklənməsində rolunu necə qiymətləndirirsiniz? 

- “Ekologiya və Su Təsərrüfatı” jurnalı 2004-cü ildə təsis edilmiş və artıq 20 ildir ki, müvəffəqiyyətlə nəşr olunur. Bu, bizim üçün qürurverici bir haldır. Jurnalın elmi və coğrafi baxımdan güclü redaksiya heyəti mövcuddur. Bu illər ərzində jurnalda həm ana dilimizdə, həm də rus və ingilis dillərində bir çox elmi məqalələr nəşr olunmuş, elmi yeniliklər, fikirlər və tədqiqatların nəticələri geniş oxucu auditoriyasına çatdırılmışdır. Jurnal, respublikamızın elmi-texniki dərgiləri arasında xüsusi bir yerə malikdir və heç də təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi sahələr üzrə dövrü elmi nəşrlər siyahısına daxil edilmişdir.

Bu jurnal, su təsərrüfatı və meliorasiya sahəsinin nüfuzlu alimləri və gənc tədqiqatçıları üçün əvəzsiz bir platformadır. Burada biz bir-birimizin tədqiqatları ilə tanış olur və bir-birimizin işlərini dəstəkləyirik. Qlobal səviyyədə isə, bu jurnal vasitəsilə ölkəmizin meliorasiya və su təsərrüfatı sahəsindəki elmi potensialını nümayiş etdiririk.

- Son olaraq, kafedra tərəfindən gənc nəslin su təsərrüfatı və meliorasiya sahəsinə cəlb edilməsi məqsədilə hansı təşəbbüsləri irəli sürürülür? Gənclərin bu sahədə mütəxəssis kimi yetişməsi üçün hansı təklifləriniz var?

- Gənc nəslin su təsərrüfatı və meliorasiya sahəsinə cəlb edilməsi məqsədilə irəli sürülə biləcək təşəbbüslər müxtəlif yanaşmalar tələb edir. Ən önəmlisi, bu sahənin əhəmiyyətini gənclərə çatdırmaq, onların marağını oyandırmaqdır. Bu istiqamətdə bir neçə vacib addım atıla bilər. İlk növbədə, gənclərə bu sahənin vacibliyi və gələcəkdəki karyera imkanları haqqında geniş məlumat verilməlidir. Təhsil müəssisələri, müxtəlif informasiya resursları, sosial şəbəkələr və internet vasitəsilə su təsərrüfatı və meliorasiya sahəsinin əhəmiyyətini və bu sahədə çalışan mütəxəssislərin gələcəkdəki rolu barədə məlumatlandırma kampaniyaları təşkil edilməlidir. Universitetlər və təhsil ocaqları da bu məqsədlə müxtəlif təbliğat işləri aparmalı, məktəblərdə, rayonlarda gənclərlə görüşlər keçirilməlidir. Məsələn, bizim universitetin əməkdaşları və kafedra üzvləri müxtəlif şəhər və rayonlarda gənclərlə, abituryentlərlə görüşərək bu sahənin müasir tələblərini və perspektivlərini onlara çatdırır.

Bundan əlavə, tələbələrin və gənclərin bu sahəyə marağını artırmaq üçün, təhsil alan tələbələrimiz də öz ətraflarına bu barədə məlumatlar verir, öz yaşadıqları bölgələrdə və məktəblərində su təsərrüfatı və meliorasiya sahəsinə dair məlumatlar paylaşır. Beləliklə, gələcək mütəxəssislər yalnız universitetin tədris prosesinə deyil, həm də cəmiyyətin digər təbəqələrinə bu sahəni tanıtmaqla daha geniş təsir əldə edirlər.

Şanlı Zəfərimizdən sonra işğaldan azad olunan ərazilərdə su təsərrüfatı və meliorasiya sahəsində mütəxəssis tələbinin artdığını gənclərimiz daha yaxşı anlayır və bu da onların marağını artırır. Son illər kafedramızın ixtisaslarına olan tələb artmış və qəbul planı tam olaraq yerinə yetirilmişdir, bu da gənclərin bu sahəyə marağının və tələbinin artdığını göstərir.

Gəncləri bu sahədə mütəxəssis kimi yetişdirmək üçün tədris prosesinə beynəlxalq standartlar tətbiq edilməlidir. Bu məqsədlə, Cənubi Koreyanın Kongung Universiteti, Bussan Universiteti, Türkiyənin İSKİ-si, Almaniyanın "İnter-Baku" və Qazaxıstanın Korkud Ata Universiteti ilə əməkdaşlıq genişləndirilərək, qarşılıqlı mütəxəssis və tələbə mübadiləsi həyata keçirilməlidir. Eyni zamanda onlayn seminarlar, debatlar və digər tədbirlər təşkil edilməlidir ki, gənclər bu sahədə ən son təhsil və praktika biliklərinə yiyələnsinlər.
Bütün bu təşəbbüslər gənclərin su təsərrüfatı və meliorasiya sahəsində mütəxəssis kimi yetişməsinə və bu sahəyə olan marağın artmasına yönəlib. Həqiqətən də, sabahın tələblərinə uyğun ixtisaslı kadrlar yetişdirmək üçün bu günə qədər görülən işlərin davamı olaraq beynəlxalq təhsil meyarlarına uyğun şəkildə fəaliyyət göstərmək olduqca vacibdir.

Redaktor.az