Tramp dayanmasa, dollar ucuzlaşacaq, böyük tənəzzül olacaq - Deputat

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev elchi.az-a müsahibə verib.
Redaktor.az həmin müsahibəni təqdim edir:
- Qüdrət bəy, son vaxtlar ən çox narahatlıqla müzakirə olunan məsələ neft və qaz satışından daxil olan gəlirlərin azalması və idxalın, xüsusilə, ərazaq məhsullarının idxalının həcminin əhəmiyyətli səviyyədə artmasıdır. İqtisadiyyatımızda nə baş verir və bizi nə gözləyir?
- Əgər iqtidar iqtisadi islahatlara başlasa və mülkiyyət toxunulmazlığına, qanunun aliliyinə təminat verən məhkəmə hakimiyyəti formalaşdırılsa, panika üçün əsas yoxdur. Dünyanın aparıcı iqtisadiyyatına sahib ABŞ-nin Prezidenti Donald Tramp özünun rüsum siyasəti ilə dünya iqtisadiyyatına bir xaos gətirib və o dayanmasa, bu, dolların ucuzlaşmasına, dünyada böyük iqtisadi tənəzzülə yol açacaqdır. Bəlkə Trampın istdiyi də budur ki, dolları öldürməklə artmaqda davam edən 36 trilyonluq dövlət borcundan xilas olsunlar. Narahatlıq həm də ondadır ki, bizim də dövlətin maliyyə ehtiyatlarının əsas hissəsi ABŞ dollarında saxlanılır. Ölkəmizdə islahatların aparılması üçün əlverişli şərait var. Əsas şərt odur ki, insanlar yalnız Prezidentin qansız-qadasız belə islahatlar aparmaq gücündə olduğuna inanır və islahatlara başlanılarsa, Prezidentə ciddi dəstək verəcəklər. Digər mühüm bir şərt isə ondan ibarətdir ki, işğala son qoyulub, ərazi bütövlüyümüz təmin edilib, ölkənin müəyyən maliyyə ehtiyatları var və cəmiyyətdə sabitlik mövcuddur.
- İqtisadi islahatlara haradan və nədən başlamaq lazımdır?
- İlk növbədə kadr islahatlarından başlamaq lazımdır. Prezidentə innovativ iqtisadi inkişaf modelinin nə olduğunu dərindən bilən, bu istiqamətdə təkliflər hazırlamaq və onu Prezidentə təqdim etmək, onu inandırmaq cəsarətində olan müşavirlər, köməkçilər lazımdır. Bu şəxslərin baza təhsili iqtisadiyyat olmalıdır. Sonradan iqtisadiyyat üzrə birillik ikinci təhsil almaqla iqtisadçı olmaq və iqtisadçı kimi sistemli düşünmək mümkün olmur. Özüm hüquqşünasam və görürəm ki, ikinci ixtisas kimi hüquq təhsili alanlar heç vaxt hüquqşünas məntiqinə və düşüncəsinə sahib ola bilmir. Çünki onun ilk baza təhsili buna mane olur. Daim tapşırıqlar yerinə yetirən icraçılar da bir qayda olaraq təşəbbüskar olmurlar. Ona görə siyasi vəzifələrə siyasətçilər təyin olunmalıdır. Xaricdən də öz ölkələrində uğurla iqtisadi islahatların həyata keçirilməsində iştirak etmiş mütəxəssislər cəlb oluna bilər. Vaxtilə Ukrayna islahatlara kömək etmək məqsədilə Gürcüstandan xeyli mütəxəssis cəlb etmişdi.
Bundan başqa, özəlləşdirməyə gedilməli, idarəetmədə ifrat mərkəzləşməyə son qoyulmalı, iqtisadi azadlıqlar genişləndirilməlidir. Hökumət bizneslə məşğul olmamalı, iqtisadiyyatda yalnız tənzimləyici rol oynamalıdır. Bunları etmədən yalnız enerji satıb, yük daşımaqla heç vaxt idxaldan asılılığı azaltmaq, güclü iqtisadiyyat qurmaq olmaz. Sahibkarları məmurlardan qoruyan, qanunun aliliyini təmin edən güclü və ədalətli məhkəmə olmalıdır. Hökumət dövlət müəssiələri yaratmaqla vətəndaşları işlə təmin etmək kimi stereotipləri dağıtmalı, özəl sektoru dəstəkləməlidir.