"Stadionda bunu görəndə adamın tükləri biz-biz olurdu" - Dünya çempionu ilə MÜSAHİBƏ

 13:46 04.06.2025     233

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında Azərbaycan millisi tarixi uğura imza ataraq dünya çempionu olub. Komandamızın finalda Macarıstan üzərindəki 4:2 hesablı qələbəsi Azərbaycanın idman tarixinə növbəti qızıl hərflərlə yazılan parlaq səhifə oldu.

Redaktor.az Azərbaycan minifutbol komandasının müdafiəçisi, dünya çempionu Vüsal İsayevlə müsahibəni təqdim edir:

Dünya çempionatında qalib gəlmək necə bir hiss idi?

- Dünya çempionatını qazanmaq çox başqa hissdir. Hələ də nağıl kimi gəlir, amma biz artıq qalib olmuşuq. Bunlar çox gözəl hisslərdir, sözlə ifadə olunmur. Bu qalibiyyət çəkdiyimiz əziyyətin bəhrəsi idi. İki ay öncədən biz taktiki və texniki olaraq məşqlər edib hazırlaşmışdıq. Hamısını yüksək səviyyədə etmişdik. Şükürlər olsun ki, bu dünya çempionatında doğma meydanda, doğma divarlar arasında çempion ola bildik.

- Komanda olaraq bu uğura çatmaq üçün hansı çətinikləri aşmalı oldunuz? 

- Komanda olaraq çətinliklərimiz oldu, amma bunlar gözəl çətinliklər idi. İki ay təlim, məşq toplanışları, Avropada beynəlxalq turnirlər... Çox sıx qrafikdə məşqlərimiz olurdu. Bakıda təlim-məşq toplantımız keçirildi. Yəni, çox yaxşı hazırlaşdıq və bəhrəsini gördük. Əlimizdən gələni etdik, hamı döyüşdü, savaşıb vuruşdu ki, çempion adını qazanaq. Əziyyətimiz yerdə qalmadı və biz öz istəyimizə nail olduq.

- Turnirdə sizin üçün ən yaddaqalan an hansı oldu?

- Turnirdə yadda qalan anlar çox oldu. Mənim üçün isə ən yadda qalan an – hansı ki, heç vaxt unutmuram, tuneldən çıxanda bütün arenanın dolu olduğunu görmək idi. Hamının dəstək olması, bütün doğmaların, yaxınların sənə baxmağı… Adamın tükləri biz-biz olurdu. Bu anlar mənim üçün çox dəyərlidir. Çempion olaraq bu anları daha da gözəl və yaddaqalan etdik. Şükürlər olsun ki, bu, bizə qismət oldu. Çempion olmaq üçün əlimizdən gələni etdik və bunu bacardıq.

- Prezident İlham Əliyevlə görüş haqqında nə deyə bilərsiniz?

- Cənab prezidentimizlə görüş haqqında bunu deyə bilərəm ki, ora getmək, Prezidentin qəbulunda olmaq mənim üçün çox böyük şərəfdir. Bu, böyük bir uğurdur. 2022-ci ildə biz ilk dəfə Avropa çempionu olanda da bizi qəbul etmişdi. Yenə də bizi diqqətindən kənarda qoymadı. Bu, çox gözəl hisslərdir. Çox sevincli və qürurluyam ki, ikinci dəfə cənab prezidentimizin qəbulunda oldum.

Xədicə BAXIŞLI

2222