"Qıcolması olan insanın ağzına qaşıq salıb dilini çıxartmaq səhv müdaxilədir" - Nevroloq

Son günlərdə qıcolma səbəbindən bir gənc qızın vəfat etməsi, vəziyyətin ciddiliyini bir daha gündəmə gətirdi. Bu hadisə ətrafımızda baş verən təcili vəziyyətlərə hazır olmaq və düzgün müdaxilə etmək üçün bizləri məlumatlı olmağa vadar edir.
Redaktor.az nevroloq Röyanə Quluzadə ilə bu mövzuda müsahibəni təqdim edir:
- Qıcolma nədir və onun əsas səbəbləri hansılardır?
- Qıcolma, beynin müxtəlif qıcıqlandırıcılara qarşı verdiyi cavab reaksiyasıdır. Yəni müxtəlif qıcıqlandırıcı faktorların təsirilə beyin qişaları, beyin toxuması həssaslaşır və buna reaksiya verir. Qıcıqlandırıcı faktorlar isə çox müxtəlif ola bilər. Məsələn, infeksion faktorlar, bakteriya, virus, göbələk, helmintozlar. Yəni müxtəlif qurd və parazitlər, metabolik pozuntular, məsələn, hipoqlikemiya, hiperqlikemiya, yəni şəkərin qanda düşməsi, qalxması, mineral mübadiləsinin pozulması, hipokalsemiya, yəni qanda kalsiumun səviyyəsinin düşməsi və bir çox digər vəziyyətlər qıcolmalara səbəb ola bilər.
- Günümüzdə bir çox insan qıcolma ilə epilepsiyanı qarışdırır. Qıcolma ilə epilepsiya arasında fərq varmı?
- Qıcolma və epilepsiya tamamilə fərqli anlamlardır. Bəzən insanlar elə bilir ki, qıcolma və epilepsiyar eyni məvhumdur. Lakin bu belə deyil. Fikir verdiyiniz kimi qıcolma zamanı müəyyən bir qıcıqlandırıcı amil olur. Lakin epilepsiya xəstəliyi zamanı qıcıqlandırıcı amil olmadan baş verən paroksizmal hadisədir. Zatən epilepsiyanın tərifi də bu cürdür, yəni epilepsiya qıcıqlandırıcı amil olmadan beyin hüceyrələrində baş verən hipersinxron oyanmadır.
- Bu vəziyyətlər hansı yaş qruplarında daha çox müşahidə olunur?
- Qıcolmanı biz istənilən yaş qrupunda eyni dərəcədə sıxlıq görə bilirik. Lakin epilepsiya daha çox uşaq və gənc yaşlarda meydana çıxan bir xəstəlikdir.
- Qıcolma zamanı hansı əlamətlər müşahidə olunur və ətrafdakı insanlar bu hallarda necə davranmalıdır?
- Qıcolma tutması zamanı biz xəstədə çox zamanı əvvəlcə zəiflik, halsızlıq, daha sonra gözlərin qaralması, başgicəllənmənin əmələ gəlməsi və tədricən bədən əzələlərinin tonusunun düşməsi, xəstənin huşunun itməsi və daha sonra bir çox hallarda ətraflarda qıcolma, əlin ayağın tonusunun artması, bərkiməsi bəzən isə daha sonra əl və ayaqlarda çırpılma, əsmə hərəkətləri, başın arxaya ya yana çevrilməsi, ağızdan köpük gəlməsi kimi hallar görə bilirik. Bu hadisələri görən xəstə yaxınları çox zaman düzgün ilkin yardım göstərə bilmirlər. Bəzən isə hətta elədikləri müdaxilələrlə xəstənin vəziyyətini ağırlaşdırırlar.
Məsələn, qıcolması olan insanın ağzına müxtəlif metal əşyalar, qaşıq salaraq dilini dartmağa, çıxartmağa çalışırlar. Bu tamamilə səhv müdaxilədir. Belə ki, bu müdaxilə xəstənin ağız boşluğunun yaralanmasına, dişlərin sınmasına, bəzən də ağızdan gələn qanla xəstənin aspirasiyasına, boğulmasına səbəb olmaq olur.
Qıcolma vəziyyətində düzgün müdaxilə xəstəni bir böyrü üstünə çevirmək, boğazını sıxan yaxalığı açmaq, xəstənin ağzından seliyi, köpüyü təmizləmək, lakin əlini xəstənin ağzına salmamaq və rahat hava alması üçün şərait yaratmaq lazımdır.
Xədicə BAXIŞLI