"Mən Kəlbəcərdə çoban olmağı dünyanın ən yüksək vəzifələrindən üstün sayıram" - Mirsəyyaf Zamanlı

 16:36 13.06.2025     409

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə məcburi köçkünlərin geri dönüşünü təmin etmək məqsədilə həyata keçirilən "Böyük Qayıdış" proqramı çərçivəsində, 2025-ci ildə Kəlbəcər rayonuna ilk dəfə 81 ailənin köçürülməsi planlaşdırılır. Bu addım, ərazinin bərpası və sakinlərin doğma torpaqlarına dönüşü istiqamətində mühüm mərhələdir. Artıq həmin ailələrin yaşayacağı binalar və mənzillərlə bağlı püşkatma prosesi də həyata keçirilib və köçürüləcək ailələrin konkret ünvanları müəyyən olunub.

Redaktor.az-ın əməkdaşı kəlbəcərli tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şəhid atası, Əməkdar müəllim Mirsəyyaf Zamanlı ilə Kəlbəcərə Böyük Qayıdışla bağlı söhbət edib.

- Kəlbəcərli olaraq uzun illər həsrətində olduğunuz Kəlbəcərə Böyük Qayıdış xəbəri sizdə hansı hissləri oyatdı? Bu duyğuları bir şair olaraq necə ifadə edərdiniz?

- Kəlbəcərə köç başlayır. Bundan böyük sevinc, bundan böyük xoşbəxtlik yoxdur. Doğma torpağımız azaddır. Azərbaycan əsgəri doğma torpağımızı canı-qanı bahasına işğaldan azad etdi. Kəlbəcər tarixdə və dünyada əvəzsiz torpaqdır. Nə qədər mineral sərvətlər, bulaqlar, münbit torpaqlar varsa, hamısı Kəlbəcərdədir.

Mən dünyanın harası olur-olsun, lap inkişaf etmiş kapitalist dövlətlərin istənilən yerində ən yüksək vəzifə təklif olunsa belə, getmərəm. Amma Kəlbəcərdə gedib çoban olaram. Mən Kəlbəcərdə çoban olmağı dünyanın ən yüksək vəzifələrindən üstün sayıram. Kəlbəcər çox gözəl, əvəzolunmaz bir yerdir.

Çox şükür ki, Ali Baş Komandanın göstərişi, Azərbaycan Ordusunun şücaəti ilə Azərbaycan torpaqları, o cümlədən Kəlbəcər azad olundu. Bu gün kəlbəcərlilər öz yurd-yuvalarına qayıdırlar. Yəqin ki, kəndlərə də qayıdış olacaq, kəndlərdə şərait yaradılacaq, evlər tikiləcək. Hamı gedib Kəlbəcərdə xoşbəxt olacaq, öz doğma ana torpağında nəfəs alacaq.

İnsan hansı torpaqda anadan olursa, onun doğma vətəni oradır. Düzdür, bizim vətənimiz Azərbaycandır, amma Kəlbəcər mənim üçün ana vətəndir, doğma vətəndir. Çünki mən Kəlbəcərdə dünyaya göz açmışam. İnşallah ki, oranı görmək hər kəsə qismət olar.

- Yəqin ki, Qarabağa, Kəlbəcərə qayıdışa həsr etdiyiniz şeirləriniz olacaq...

- Əlbəttə. Mənim elə yaradıcılığımın əsasını Qarabağ, Kəlbəcər təşkil edir. Yazdıqlarım da, kitablarım da bu mövzudadır. Səkkiz kitab müəllifiyəm, hamısında da vətənpərvərlik mövzusu şah mövzudur. Bu gün də Kəlbəcərə mən vurğunam. Hər il gedib ziyarət edib gəlirəm. Allahın köməkliyi ilə, Allah ömür versə, gedib Kəlbəcərdə daimi yaşayacağıq. Kəlbəcər bilirsiniz necə gözəl yerdir? Kəlbəcərdə dünyada ən çox sevilən əlik - siz cüyür deyirsiniz - çox idi. Sizə Kəlbəcərin təbiəti haqqında sizə bir şeir oxuyum:

Bu dünyanın cənnətidi Kəlbəcər!

 

Körpə əlik göy talada yalandı,

Ətə doldu, şirinləşdi sulandı.

Bundan başqa gözəlliklər yalandı.

Ana vətən yaradıbdı gör nələri!

Bu dünyanın cənnətidi Kəlbəcər!

 

Yaz günəşi arıları oyatdı,

Çiçəkləri arılara sanatdı.

Qızıl lalə çəmənliyin qanatdı,

Yol yaxasın qantəpələ düymələr.

Bu dünyanın cənnətidi Kəlbəcər!

 

Gül toxumu qara daşa daşdandı,

Gül bitirdi daşdığını daşdandı,

Necə deyim daşın canı daşdandı.

Çiçək ətri yan-yörəni bürmələr,

Bu dünyanın cənnətidi Kəlbəcər!

 

Qar zirvədə xal-xal olub oyuldu,

Gün yağlandı, duman dağdan soyuldu.

İldırımla qışa nöqtə qoyuldu,

Təbiətin zinətidi Kəlbəcər,

Bu dünyanın cənnətidi Kəlbəcər!

- Kəlbəcərli gənclərə də köçüb o cənnətdə yaşamağı tövsiyə edirsiniz?

- Mən yalan danışa bilmərəm. Burada anadan olan uşaqlarda torpaq sevgisi o qədər də yoxdur. Deyə bilərəm ki, Kəlbəcərə ən çox əvvəl yaşayanlar gedə biləcək. Gənclərdən də vətən sevgisi olanlar gedəcək. Gənc nəsilə demək istəyərəm ki, Kəlbəcər həqiqətən dünyanın ən gözəl yerlərindən biridir. Mən Şuşada da olmuşam, Xankəndində də olmuşam, əsgərlikdə olanda Rusiyanın torpaqlarını da gəzmişəm, amma Kəlbəcərdən gözəl yer görməmişəm. Düzdür, Şuşa da, Xankəndi də bizim vətənimizdir, amma hər kəsin öz ana vətəni, öz doğma torpağı var. Anadan olanda alnı hansı torpağa dəyirsə, adamın ana vətəni oradır. Gənclərə tövsiyəm odur ki, hər kəs öz yerində yaxşı olar, yerində gözəl olar. Kəlbəcər kimi bir torpağı yaddan çıxarıb Bakıda yaşamağı mən normal qəbul etmirəm. Mən belə insanlara düşüncəli, aqil insan deyə bilmərəm. Çünki hər kəs öz ana vətənində, öz torpağında yaşamalıdır. İnşallah, öz torpağımıza qayıdıb orda əbədi xoşbəxt yaşayacağıq. Allah ömür versin, orada yaşamaq bizə qismət olsun.

- Yaradıcılıqla məşğul olan gənclərə Qarabağ ruhunun aşılanması üçün bəs nə tövsiyyə edə bilərsiniz?

- Hansı sənətkarın ürəyində, qanında, qəlbində vətənpərvərlik yoxdursa, mən onu tam insan saymıram. İnsanda hər cür hiss vətənpərvərlikdən irəli gəlir. Vətənin qədrini bilmək, torpağın qədrini bilmək vacibdir. Əgər bir insan vətənin, torpağın qədrini bilmirsə, heç o adam anasının, atasının, bacı-qardaşının da qədrini bilməyəcək. Vətən hər şeydən yüksəkdir. Vətən bizim üçün dünyanın bütün sərvətlərindən də üstündür. Gənclərə bir atalar sözü ilə tövsiyə vermək istəyirəm. Deyirlər ki, qurd öz oylağında ac qalmaz. Demək, hər kəsə öz torpağı lazımdır.

Xədicə BAXIŞLI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”" mövzusunda dərc olunub.

2