Diş xəstəlikləri düşündüyünüzdən daha təhlükəlidir...- Stomatoloqla MÜSAHİBƏ

Ağız və diş sağlamlığı çox zaman yalnız estetik və lokal məsələ kimi qiymətləndirilsə də, son illər bu sahədə aparılan araşdırmalar diş xəstəliklərinin ümumi sağlamlıqla daha sıx əlaqəli olduğunu ortaya qoyur. Bundan əlavə, uzun müddət müalicə olunmayan diş xəstəliklərinin orqanizmdə hansı fəsadlara yol aça biləcəyi, gündəlik ağız baxımının hansı üsullarla aparılmalı olduğu və ağız qoxusunun qarşısının necə alınması ilə bağlı suallar da ictimai maraq doğurur.
Redaktor.az stomatoloq İdris Rəhimli ilə bu mövzuda müsahibəni təqdim edir:
- Diş problemlərinin, məsələn, diş əti iltihabının ürək, şəkər və digər xəstəliklərlə əlaqəsi varmı?
- Şəkərli diabet yalnız qanda şəkərin səviyyəsi ilə bağlı bir pozuntu deyil, eyni zamanda bədənin bir çox sisteminə, o cümlədən ağız və diş sağlamlığına da təsir göstərən kompleks bir xəstəlikdir. Xüsusilə diş əti xəstəlikləri diabetli pasiyentlərdə daha tez-tez və daha ağır formada müşahidə oluna bilər. Bu vəziyyətin bir neçə əsas səbəbi var. Əvvəla, diabet immun sisteminin fəaliyyətini zəiflədir, bu da infeksiyalara qarşı bədənin müqavimətini azaldır. Nəticədə, ağız boşluğundakı bakterial iltihabların inkişafı üçün əlverişli şərait yaranır. Digər tərəfdən, ağız suyunda qlükozanın səviyyəsinin yüksəlməsi də bakteriyaların çoxalmasına səbəb olur. Ağız boşluğunda belə bir mühit infeksiyaların daha sürətlə yayılmasına və diş əti toxumalarının zədələnməsinə gətirib çıxarır. Bundan əlavə, diabet qan damarlarına mənfi təsir etdiyindən, toxumaların qanla təminatı zəifləyir və bu da sağalma prosesini xeyli ləngidir.
Diş əti problemləri içərisində ən çox rast gəlinənlərdən biri gingivitdir – bu, diş ətinin qızarması, şişməsi və toxunmaya qarşı həssaslaşması ilə xarakterizə olunur. Müalicə edilmədiyi təqdirdə gingivit irəliləyərək periodontitə çevrilə bilər. Bu mərhələdə artıq yalnız diş əti deyil, dişi saxlayan sümük toxuması da zədələnir və nəticədə dişin laxlaması və hətta itirilməsi riski yaranır.
Bu proseslər çox zaman yavaş və ağrısız şəkildə baş verdiyindən, ilkin əlamətlərə diqqət yetirmək xüsusilə vacibdir. Diş əti qanaması, şişlik, yemək zamanı narahatlıq, ağızda pis qoxu və daimi xoşagəlməz dad hissi kimi simptomlar bu xəstəliklərin xəbərçisi ola bilər.
Vaxtında həkim müdaxiləsi bu problemlərin qarşısını almaqda mühüm rol oynayır. Diabeti olan şəxslərə ağız və diş sağlamlığını qorumaq üçün ildə ən azı iki dəfə, yəni hər 3-6 aydan bir stomatoloq müayinəsindən keçmək və professional təmizləmə etdirmək tövsiyə olunur.
- Uzun müddət müalicə olunmayan diş xəstəlikləri orqanizmdə hansı ağırlaşmalara səbəb ola bilər?
- Uzun müddət baxımsız qalan ağız boşluğu daha böyük və geri dönüşü olmayan ağırlaşmalara gətirib çıxardır.
İlk mərhələdə karies yaranır. Dişlərdə qəhvəyi, qara və ya ağ nöqtələr görürük. Diş ağrıları soyuq suya, isti çaya və ya şirin qida məhsullarına görə olursa, daha sonra əgər vaxtında müalicə olunmursa, karies dişin mərkəzinə doğru irəliləyərək diş sinirinin infeksiyalaşmasına (pulpit), gecələr başlayan ağrılara çevrilir. Bu mərhələdə də ağrıkəsicilərlə ağrı azalır və bir neçə müddətdən sonra infeksiya diş kökündən ətraf toxumalara, dişi əhatə edən periodontal toxumalara yayılır və abses fleqmona mediastenit kimi insan həyatı üçün təhlükəli xəstəliklər başlayır. Vaxtlı vaxtında müdaxilə edilmədiyi halda ağırlaşmalar bir neçə gün ərzində insan həyatına son qoyur.
- Ağız qoxusunun yaranmasının səbəbləri nələrdir?
- Əgər ağız qoxusu varsa, bu, dişlərlə yanaşı daxili orqanlarda olan xəstəliklərlə də bağlı ola bilər.
Stomatoloq müayinəsində olub, ağız boşluğundakı kaies və iltihablı proseslərin gedib getmədiyinə əmin olmaq lazımdır. Əgər patalogiyalar varsa, müalicə olunmalıdır. İldə 2 dəfə ağız boşluğunun gigiyenik təmizlənməsi tövsiyyə olunur. Diş daşları diş ətinin iltihablaşmasına və ağız boşluğunun xoşagəlməz qoxusuna səbəb olur.
Xədicə BAXIŞLI