"Dəvə əti ürək-damar sistemi üçün faydalıdır" - Qida eksperti ilə MÜSAHİBƏ

 17:00 23.07.2025     113

Son illərdə restoran və kafelərin menyularında tez-tez rast gəldiyimiz “dəvə qutabı” ifadəsi bir çox müştərinin marağına səbəb olur.  Bəs görəsən bu qutablar doğrudan da dəvə ətindən hazırlanır?

Redaktor.az qida eksperti Fərid Səfərovla bu mövzuda müsahibəni təqdim edir:

- Restoranlarda verilən “dəvə qutabı” həqiqətən dəvə ətindən olur?

- Bu, adətən marketinq məqsədilə istifadə olunan bir ifadədir, çünki qeyri-adi səsləndiyi üçün diqqət cəlb edir və maraq oyadır. Əgər müştəri açıq şəkildə soruşsa və ya restoran şəffaf fəaliyyət göstərirsə, onda bu barədə məlumat verilir. Əgər həqiqətən dəvə ətindən hazırlanıbsa, qiymət adətən daha yüksək olur. Dadı isə adi qoyun və ya dana ətindən fərqlidir, bir qədər daha lifli və bərk ola bilər.

Əgər sizə təqdim olunan məhsulun həqiqətən dəvə ətindən hazırlanıb-hazırlanmadığını öyrənmək istəyirsinizsə, tərkibi və mənşəyi barədə birbaşa sual verin.

- Azərbaycanda dəvə ətinə tələbat necədir?

- Tələbat çox azdır, ənənəvi olaraq Azərbaycan mətbəxində dəvə ətindən geniş istifadə olunmur. İstehlak əsasən egzotik qida axtaranlar, turistlər və ya maraqlı müştərilərlə məhdudlaşır. Qoyun və dana əti bazarda dominantlıq edir.

- Azərbaycanda dəvə saxlanılır, yoxsa ət xaricdən gətirilir?

- Azərbaycanda dəvəçilik mövcuddur, amma çox məhdud miqyasda. Əsasən aran və yarımsəhra zonalarında (Salyan, Neftçala, Biləsuvar və s.) az sayda ailə təsərrüfatlarında dəvə saxlanılır. Ət məqsədilə saxlanılan dəvələr çox azdır, çünki dəvədən daha çox süd və ya yükdaşıma məqsədilə istifadə olunur.

- Dəvə əti insan orqanizmi üçün xeyirlidirmi?

- Bəli, dəvə ətinin bəzi müsbət xüsusiyyətləri var. Dəvə əti nisbətən az yağlıdır, bu isə ürək-damar sistemi üçün faydalıdır. Ət tərkibindəki zülal miqdarı yüksəkdir, bu da əzələ toxumasının bərpası və inkişafı üçün əhəmiyyətlidir. Dəmir və B qrupu vitaminləri baxımından zəngindir, xüsusilə B12 vitamini. Amma dadı və teksturası hər kəsin zövqünə uyğun olmaya bilər. Uzun müddət saxlanıbsa və bişirilmə şəraiti düzgün deyilsə, sərt və çətin həzm olunan ətə çevrilə bilər.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən