"Ali məktəblərə qəbul sisteminə dəyişiklik zəruridir" - MÜSAHİBƏ

 13:49 14.11.2025     2017

Təklif var ki, Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali məktəblərə qəbul imtahanı sistemindən çıxıb, köhnə ənənəvi sistemə tam qayıtmasaq da, müəyyən mənada bəzi faydalı elementləri götürməklə daha yeni və çevik sistemə keçmək lazımdır.

Redaktor.az mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu ilə müsahibəni təqdim edir:

- Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarından imtina ilə bağlı təklif niyə aktuallaşır?

- Mövcud imtahan sistemi, xüsusilə mərkəzləşmiş test modeli obyektivlik, şəffaflıq və kütləvi qiymətləndirmə baxımından effektivdir. Buna biz qarışmırıq. Zaman keçdikcə bəzi problemlər ortaya çıxır. Şagirdlər test nəticələrinə fokuslanır və öyrənməyin dərinliyi azalır. Yaradıcı və tənqidi düşünmə ölçülə bilmir. Məktəblərdə tədris prosesi imtahana hazırlığa çevrilir, eynilə müəllimlərin təşəbbüskarlığı və fərdi yanaşmaları məhdudlaşır. Həmçinin şagirdlər məktəb mühitindən qırılır və repetitorun yanına yönəlir. Bu da həm şagirdləri yorur, eləcə də valideynlər üçün maddi baxımdan xeyli pul itkisi ilə başa gəlir. Buna görə də bəzi təhsil mütəxəssisləri, ümumiyyətlə təhsil adamları, təhsil ictimaiyyəti hesab edir ki, yalnız test imtahanı ilə təhsilin keyfiyyətini müəyyənləşdirmək artıq köhnəlmiş modeldir.

- Köhnə sistemdən götürülə biləcək faydalı elementlər varmı?

- Ənənəvi sistemdə bəzi müsbət cəhətlər var idi ki, onları müasir şəraitə uyğunlaşdırmaq mümkündür. Məsələn, müəllimin qiymətləndirilməsinin rolu bu siyahıya aiddir. Şagirdin bir illik fəaliyyəti, dərsdə fəallığı və layihə işləri nəzərə alınırdı. Şagirdin düşüncə tərzini, məntiqini, fikrini ifadə etmə bacarığı ölçülürdü. Hər məktəbin öz qiymətləndirmə mexanizmi var idi ki, bu da fərdiləşmiş yanaşmaya bir növ imkan verirdi. Bu elementləri texnoloji imkanlarla birləşdirib daha çevik sistem yaratmaq mümkündür. Yəni indiki ilə keçmişin bəzi uğurlu elementlərini götürmək olar.

- Yeni nəsil qiymətləndirmə sistemi üçün nələr təklif etmək olar?

- Hibrid qiymətləndirmə modelindən burada danışmaq olar. Mən düşünürəm ki, 50% mərkəzləşmiş imtahan - obyektivlik üçün bu lazımdır, 50% də portfel, layihə, müəllim rəyinə əsaslanan davamlı qiymətləndirmə olmalıdır. Bu həm şəffaflığı, həm də fərdi bacarıqları nəzərə alır.

- Layihə və portfel əsaslı qiymətləndirmə nədir?

- Şagird il boyu gördüyü işləri, layihələri və tədqiqatları təqdim edir. Bu həm praktiki bacarıqları, həm də tədqiqat düşüncəsini inkişaf etdirir. Rəqəmsal qiymətləndirmə platformasında isə süni intellekt vasitəsilə şagirdlərin inkişaf trayektoriyasını izləmək, fərdi tövsiyələr vermək və müəllimə dəstək göstərmək mümkündür.

- İmtahan sisteminə dəyişiklik lazımdır?

- Mən düşünürəm ki, ali məktəblərə qəbul sisteminə dəyişiklik zəruridir, yəni vacibdir. Lakin bu dəyişiklik ani və radikal şəkildə olmamalıdır, mərhələli şəkildə aparılmalıdır.

- Ən yaxşı nəticəni necə əldə edə bilərik?

- Keçmişdəki faydalı təcrübələri saxlayaraq onları müasir tələblərlə birləşdirmək daha uğurlu olar.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən