"Dil normalarına əməl etməyən sayt və televiziyalara cərimələr tətbiq olunmalıdır" - AMEA-nın şöbə müdiri
Yanvarın 5-də yerli televiziya kanallarının suallarını cavablandıran Prezident İlham Əliyev mühüm mövzulara diqqət çəkib. Xüsusilə Azərbaycan dilinin qorunması və düzgün işlədilməsi məsələsi ön plana çıxıb.
İlham Əliyev bildirib ki, Azərbaycan dilini qorumaq hər bir vətəndaşın borcudur. O vurğulayıb ki, əcdadlarımız dilimizi çətin müstəmləkə dövrlərində belə qoruyublarsa, biz də bu gün ona sahib çıxmalıyıq. Prezident deyib ki, dilə daxil olan xarici sözlər onu zənginləşdirmir, əksinə, pozur və milli kimliyi tədricən sarsıdır. Dil itib-batanda, kimlik və dövlətçilik də təhlükə altına düşə bilər. Buna görə də hər kəs Azərbaycan dilinin saflığının qorunmasına çalışmalıdır.
Qeyd edək ki, Azərbaycan dilinin saflığının pozulması xüsusilə televiziya və rəqəmsal mediada daha qabarıq şəkildə görünür. Televiziya ekranlarını açanda və xəbər saytlarına baxanda bəzən öz dilimizi tanımaq çətinləşir. Yersiz ingiliscə və rusca ifadələr gündəlik danışığa, aparıcıların çıxışlarına və hətta başlıqlara belə sirayət edir. Bu tendensiya cəmiyyətin narahatlığına çevrilib və mütəxəssislər ana dilinin qorunması istiqamətində təcili addımların vacibliyini vurğulayırlar.
Redaktor.az bu mövzuya münasibət öyrənmək üçün AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri professor Sevinc Əliyeva ilə söhbətləşib.
- Azərbaycan mətbuatında və mediada dilin bugünkü vəziyyətini necə qiymətləndirirsiniz?
- Mətbuat Azərbaycan dilinin təbliğində həlledici rol oynayır. Televiziya, saytlar, sosial media dili formalaşdıran əsas platformalardır. Monitorinqlər göstərir ki, mediada dilin təqdimatında hələ də bir sıra problemlər qalır. Əsas məsələlərdən biri aparıcıların nitqində sintaktik normaların pozulmasıdır. Azərbaycan dili sabit sintaktik quruluşa malikdir: cümlə mübtəda ilə başlayır, xəbərlə tamamlanır. Amma mediada tez-tez “mən düşünürəm ona görə ki...” kimi strukturlar işlədilir ki, bu, ədəbi dilin normalarına uyğun deyil. Digər problem isə yersiz xarici kəlmələrin istifadəsidir. Xarici dillərdən götürülmüş sözlər bəzən mənaya uyğun istifadə olunmur və bu, dilimizin zənginliyinə təhlükə yaradır.

- Aparıcıların nitqində başqa hansı çatışmazlıqlar müşahidə olunur?
- Şəkilçilərin ixtisara salınması və söz köklərinin dəyişdirilməsi ən çox rast gəlinən səhvlərdəndir. Məsələn, “gələcəyəm” yerinə “gələcəm”, “başlayacağıq” yerinə “başlıyacıq” kimi formalar ədəbi dilin quruluşunu pozur. Aparıcıların üslubu yalnız şəxsi tərz göstəricisi deyil, həm də Azərbaycan dilinin təqdimatı baxımından nümunə olmalıdır. Bəzi aparıcılar hələ də dialekt və ləhcələrdə danışırlar. Məsələn, "gələceyik" deyirlər ki, bu da tamamilə yanlışdır. Nə aparıcılar özləri belə səhvlərə yol verməməlidirlər, nə də verilişə dəvət etdikləri qonaq və ekspertlərin kobud nitq qüsurlarına yol verməsinə imkan yaratmamalıdırlar. Canlı veriliş aparıcısı eyni anda nitqinə hakim olmalı, məzmunu düzgün çatdırmalı və səlis danışıq bacarığını nümayiş etdirməlidir.
- Xarici sözlərin və yersiz alınmaların istifadəsi hansı təhlükələri yaradır?
- “Uje”, “xolodilnik”, “zaryadka”, “açki” kimi sözlərin mediada və gündəlik danışıqda istifadəsi artmaqdadır. Əgər bu hal davam edərsə, gələcəkdə həmin sözlər lüğətimizə daxil ola və ədəbi dili tamamilə zəiflədə bilər. Xarici dilləri bilmək gözəl xüsusiyyətdir, amma ana dili bilmədən digər dillərə hörmət etmək mümkün deyil. Dilimizi qorumaq və səlis danışmaq hər bir vətəndaşın borcudur.
- Xarici sözlərin yazılışı və tələffüzü ilə bağlı problemlər var. Bu sahədə nə etmək lazımdır?
- “Facebook”, “WhatsApp”, “Telegram” kimi sözlərin yazılışı və tələffüzündə vahid norma yoxdur. Hər kəs onları öz bildiyi kimi yazır və tələffüz edir. Elə bir mexanizm olmalıdır ki, dilə gələn hər yeni söz dərhal müzakirəyə çıxarılmalı, ya orijinal dırnaq içində verilməli, ya da milliləşdirilərək Azərbaycan dilinə uyğun yazılmalı və tələffüz edilməlidir. Bu da gələcək nəsillərin ədəbi dildə düzgün yazısını və danışığını təmin edəcəkdir.
.jpg)
- Xaricdə yaşayan azərbaycanlı gənclərin dil problemi barədə nə deyə bilərsiniz?
- Xaricdə böyüyən uşaqlar arasında Azərbaycan dilini bilməyənlərin sayı artmaqdadır. Mən şəxsən Almaniyada 14-16 yaşında bir gəncin mənə ingilis dilində cavab verməsinə təəccübləndim: “Mən azərbaycanlıyam, amma Azərbaycan dilində danışa bilmirəm”. Bu problemin həlli üçün onlayn Azərbaycan dili dərsləri, həftəsonu məktəbləri və mütəmadi tədris proqramları çox faydalıdır. Bu, həm ölkədaxili, həm də xaricdə yaşayan uşaqlar üçün əlçatan olmalıdır.
- Rus bölmələrinin çoxluğu və rus dilinin tədrisi Azərbaycan dilinə təsir edir?
- Digər dilləri bilmək gözəl və vacibdir, amma Azərbaycan vətəndaşı ilk növbədə Azərbaycan dilini bilməlidir. Rus bölmələrində oxuyan şagirdlər də Azərbaycan dilində yüksək bilik səviyyəsinə malik olmalıdır. Son illərdə təqdim olunan Azərbaycan dili platformaları bu baxımdan böyük əhəmiyyət daşıyır.
- Dilin qorunması üçün hansı təklifləriniz var?
- Mediada dil pozuntularını operativ izləyən və nəzarət edən güclü mexanizm olmalıdır. Eyni zamanda sayt rəhbərləri, televiziya rəhbərliyi və reklam şirkətləri dil normalarına əməl etmədikdə məsuliyyət daşımalı, cərimələr edilməlidir. Azərbaycan dili şəkilçilər üzərində qurulmuş dil olduğu üçün şəkilçilərin ixtisara salınmasına yol verilməməlidir. Şair və yazıçılıran, ziyalıların verilişlərə dəvət olunması dilin təbliği və sevilməsi baxımından çox vacibdir. Xarici sözlərin yazılışı və tələffüzü standartlaşdırılmalı, ya orijinal dırnaq içində verilməli, ya da Azərbaycan dilinə uyğunlaşdırılmalıdır. Həmçinin Azərbaycan dilinin tədrisi genişləndirilməli, həm ölkədə, həm də xaricdə yaşayan uşaqlar üçün onlayn və həftəsonu məktəblərinin fəaliyyəti gücləndirilməlidir.
.jpg)
- Sonda cəmiyyətə hansı mesajı vermək istəyirsiniz?
- Azərbaycan dili əsrlər boyu qorunub, həm zəfərin, həm də milli kimliyimizin dilidir. Ana dilimizi qorumaq, səlis danışmaq, yazmaq və təbliğ etmək hər bir vətəndaşın borcudur. Aparıcı, jurnalist, məmur, müəllim, şagird - hamı nümunə olmalıdır. Dilimizi sevmək və ondan düzgün istifadə etmək həm fəxarət, həm də vətəndaşlıq məsuliyyətidir. Dilimizin zəngin tarixi, gözəl ədəbi ənənəsi və milli kimliyimizdəki rolu hər birimiz üçün qürur mənbəyidir.
Nuriyyə NATİQQIZI













