"Gecə saat 1-də oyundan çıxırıq, bəzən evə qayıtmağa maşın tapa bilmirik" - İdman jurnalisti ilə MÜSAHİBƏ

 17:14 02.07.2026     2175

Hər il iyulun 2-si dünyada Beynəlxalq İdman Jurnalistləri Günü kimi qeyd olunur.

Bu günün məhz iyulun 2-də qeyd edilməsi təsadüfi deyil. Belə ki, 1924-cü il iyulun 2-də Parisdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) yaradılması barədə qərar qəbul edilib.

Bu tarix idman mediasının inkişafında mühüm rol oynayan, idmanın təbliği və cəmiyyətə çatdırılmasında əhəmiyyətli xidmətləri olan idman jurnalistlərinin əməyinə hörmət və ehtiramın ifadəsi kimi qeyd olunur.

Redaktor.az günün səbəbkarlarından olan idman jurnalisti Ağa Dadaşzadə ilə müsahibəni təqdim edir:

- İdman jurnalisti olmaq sizin üçün nə ifadə edir?

- İdman jurnalisti olmaq, ümumiyyətlə, ən maraqlı sahələrdən biridir. Hətta deyərdim ki, ən interaktiv və dinamik sahələrdən biridir. Ümumiyyətlə, idman jurnalisti olmaq üçün ilk növbədə fanat olmalısan, yəni sözün əsl mənasında idman fanatı olmalısan. İdmanı sevməsən, azarkeş olmasan, idman jurnalisti ola bilməzsən. Çünki bu gün Azərbaycanda idman sahəsində pul yoxdur. İkinci məsələ, bazar çox zəifdir. Üçüncü tərəfdən baxanda, maddi və mənəvi amilləri nəzərə alsaq, bir insanın bu sahədə sevgisiz işləməsi və mübarizə aparması çox çətindir. Ona görə də bu, vacib şərtdir. Biz bu işi sevirik, azarkeşiyik. Kim özünü sadəcə əməkdaş hesab edirsə, buyursun, elə də saysın. Amma ilk növbədə bu işin mahiyyəti ondan ibarətdir ki, sən burada sözün əsl mənasında bir fanat olmalısan.

- Bu peşədə ən böyük çətinliklər və problemlər nələrdir?

- Bazar zəifdir, imkanlar məhduddur. Bir də çox təəssüf ki, bu sahədə müəyyən paxıllıq halları var. Hələ də görürük ki, baxmayaraq artıq 10 illərdir bu işin içindəyik, bəzi insanlar digərlərinin uğurunu həzm edə bilmir. Bu da idman jurnalistikasının fəaliyyətinə mənfi təsir göstərir. Həmrəylik baxımından da problem var. Çox təəssüf ki, bu, kifayət qədər ciddi problemdir. Məncə, ən böyük çətinlik də elə budur. Digər çətinliklərə gəlincə, hamı işdən evə qayıdanda, biz evdən işə gedirik. Çünki oyunlar əsasən şənbə və bazar günləri, eləcə də axşam saatlarında keçirilir. Bəzən oyunlar Mərdəkanda, rayonlarda və digər bölgələrdə olur. Gecə saat 11-də, hətta 1-də oyundan çıxırsan. Mətbuat konfransını da nəzərə alsaq, günümüzün böyük hissəsi yollarda keçir. Geri qayıtmaq üçün bəzən nə avtobus, nə də maşın tapa bilirik. Amma yenə də deyirəm, bunlar əsas çətinlik deyil. Ən böyük problem həmrəylik məsələsidir. Təəssüf ki, bu sahədə ciddi çatışmazlıq var.

- Karyeranız ərzində yaddaşınızda ən çox qalan yarış və ya reportaj hansı olub?

- Əlbəttə, elə anlar var. Hətta o anın videosu hələ də məndə qalıb. Söhbət boks əfsanəsi Evander Holifilddən gedir. Mayk Taysonu məğlub etmiş Evander Holifildlə görüşümün, müsahibəmin videosu, fotosu da məndə var. Mənim üçün ən böyük uğur məhz Evander Holifildlə görüşüm olub. O, amerikalı əfsanəvi boksçudur. Yəni o görüş tamam başqa hiss idi. İkinci olaraq isə Rayan Giqqzi qeyd edərdim. O, "Mançester Yunayted"in əfsanəvi futbolçusu və Uels millisinin sabiq baş məşqçisidir. Bundan başqa, Robert Pires, Deko, "Liverpul"un əfsanəvi qapıçısı Yeji Dudek, həmçinin Maykl Essyenlə də görüşlərim olub. Amma əsasən Evander Holifildi deyərdim. Ondan sonra isə Rayan Giqqzi. Bu iki əfsanə ilə görüşmək və onlardan müsahibə almaq mənim üçün tamam fərqli bir təcrübə idi.

- Sizcə, Azərbaycanda idman jurnalistikası hazırda hansı səviyyədədir?

- Əslində, potensial kifayət qədər yüksək səviyyədədir. İdman azarkeşlərimizin böyük əksəriyyəti heç də digər sahələrin izləyicilərindən geri qalmır. Əksinə, bilikli, bacarıqlı və stresə davamlı insanlardır. Bu sahənin səviyyəsini konkret ölçmək mümkün deyil. Amma görürük ki, əlamətdar, vacib və xüsusi günlərdə, istər müsbət, istərsə də mənfi xarakterli idman hadisələri zamanı bu sahəyə böyük ehtiyac yaranır. Həmin dövrlərdə ciddi maraq, ajiotaj və canlanma müşahidə olunur. Məhz belə məqamlarda auditoriya daha fəal olur və diqqətini idman gündəminə yönəldir. Ümumilikdə isə səviyyəni normal hesab etmək olar. Bu gün Azərbaycan azarkeşinin və idman oxucusunun nə istədiyini, düşünürəm ki, az-çox onlara təqdim edə bilirik. Mən belə hesab edirəm.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən