"Kitabxanaçılıq peşəsi itməməli, dövrün tələblərinə uyğun inkişaf etməlidir" - Rəşad Qardaşov
XXI əsrdə informasiya cəmiyyətinin sürətlə inkişafı kitabxanaların fəaliyyətinə də yeni tələblər formalaşdırıb. Müasir dövrdə kitabxanalar yalnız kitabların saxlanıldığı məkan deyil, informasiya və resurs mərkəzləri kimi fəaliyyət göstərir. Bu isə kitabxana informasiya mütəxəssislərinin peşə bacarıqlarının yenidən nəzərdən keçirilməsini zəruri edir.
Bu fikirləri Redaktor.az-a müsahibəsində Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin dosenti, tarix üzrə fəlsəfə doktoru Rəşad Qardaşov bildirib.
Onun sözlərinə görə, kitabxanaçılıq fəaliyyəti qədim dövrlərdən formalaşsa da, zaman keçdikcə yeni funksiyalar qazanaraq dövrün tələblərinə uyğun inkişaf edib. Bu baxımdan ali təhsil müəssisələrində kitabxanaçı kadrların hazırlanması yalnız nəzəri biliklərlə məhdudlaşmamalı, praktik bacarıqların formalaşdırılmasına da xüsusi önəm verilməlidir:
"Bu prosesdə kitabxanaçılıq peşəsinin profesioqrammasının öyrənilməsi mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, profesioqramma konkret peşənin fəaliyyət istiqamətlərini, peşəkar əmək vərdişlərini, həmçinin psixoloji, fizioloji və sosial tələbləri özündə birləşdirir.
Kitabxanaçı peşəsinin peşəkarlıq səviyyəsi beş əsas metodoloji prinsip – sistemlilik, tamlıq, əyanilik, elmilik və müasirlik, eləcə də effektivlik əsasında qiymətləndirilməlidir. Xüsusilə effektivlik prinsipinin müasir dövrdə çevik, peşəkar və dövrün tələblərinə uyğun kadr hazırlığında mühüm rol oynadığını vurğulayıb".
– Müasir kitabxanaçı hansı bilik və bacarıqlara malik olmalıdır?
Rəşad Qardaşovun sözlərinə görə, müasir kitabxanaçılıq peşəsi ilə informasiya texnologiyaları ayrılmaz vəhdət təşkil edir. O bildirib ki, gələcəyin kitabxanaçısı ənənəvi peşə bilikləri ilə yanaşı, informasiya-kommunikasiya texnologiyalarını da yüksək səviyyədə mənimsəməlidir.
Dosent diqqətə çatdırıb ki, bu gün elmi və ali təhsil müəssisələrinin kitabxanalarının kitabxana-informasiya və resurs mərkəzlərinə çevrilməsi təsadüfi deyil. Bu istiqamətdə qəbul olunan qanunvericilik aktları və normativ sənədlər müasir kitabxana fəaliyyətinin əsas prioritetlərini müəyyənləşdirir.
O xatırladıb ki, ümummilli lider Heydər Əliyevin dövründə qəbul edilmiş "Kitabxana işi haqqında" Qanunda da kitabxanaçılıq peşəsinin inkişafı, mütəxəssislərin hüquq və vəzifələri geniş şəkildə əksini tapıb.
Rəşad Qardaşov vurğulayıb ki, müasir kitabxanaçı informasiya texnologiyalarını bilmədən peşəkar fəaliyyət göstərə bilməz. Bununla yanaşı, İKT bilikləri kitabxanaçılıq peşəsini əvəz etməməli, əksinə onun inkişafına xidmət etməlidir.
Onun fikrincə, həkimin müasir tibbi avadanlıqlardan istifadə etməsi onun peşəsini dəyişmədiyi kimi, kitabxanaçının da informasiya texnologiyalarından istifadə etməsi onu informatika mütəxəssisinə çevirmir. Əksinə, bu, kitabxanaçılıq peşəsinin müasir tələblərə uyğun inkişaf etdiyini göstərir.
– Ali təhsil müəssisələrində kitabxanaçı hazırlığında hansı dəyişikliklər edilməlidir?
Rəşad Qardaşov hesab edir ki, kitabxanaçılıq və informasiya texnologiyaları qarşılıqlı şəkildə inkişaf etməlidir. Əgər kitabxanaçılıq informasiya texnologiyalarının kölgəsində qalarsa, peşənin mahiyyəti zəifləyər. Lakin bu iki istiqamət bir-birini tamamladıqda kitabxanaçılıq daha yüksək inkişaf mərhələsinə yüksələcək.
O, bildirib ki, son illərdə ali təhsil müəssisələrinin tədris proqramlarında aparılan dəyişikliklər də məhz bu məqsədə xidmət edir. Əvvəlki illərlə müqayisədə proqramlarda informasiya texnologiyaları və praktik bacarıqların inkişafına yönəlmiş fənlərin sayı xeyli artırılıb.
– Gələcəyin kitabxanaçısını necə görürsünüz?
Dosent vurğulayıb ki, klassik kitabxana ənənələri qorunmalı, eyni zamanda dövrün tələblərinə cavab verən yeni nəsil kitabxanaçı modeli formalaşdırılmalıdır. O bildirib ki, kitabxanaçılıq peşəsi heç vaxt arxa plana keçməməli, əksinə müasir dövrün tələblərinə uyğun inkişaf etməlidir.
Aminə ŞAHSUVARQIZI













