Rəsmi Bakı Rusiyadan konkret olaraq, nəyi soruşmalıdır? - Tofiq Zülfüqarov çox açıq danışdı...

 14:19 08.05.2019     2074

Azərbaycanın xarici siyasət idarəsinin keçmiş rəhbəri Tofiq Zülfüqarovun Redaktor.az-a müsahibəsini təqdim edirik:

- Paşinyanın, Sərkisyanın, eləcə də digər erməni rəsmiləri və siyasət adamlarının Şuşaya, o cümlədən işğal altındakı digər ərazilərimizə səfər edərək təhdid xarakterli bəyanatlar verməsi nə birincidir, nə də ki, axırıncı. Sizcə, bütün bunlar ermənilərin sülhdən çox uzaq olduğunun sübutu deyilmi? Və ya belə olan halda Azərbaycan konkret olaraq nə etməlidir?

- Bunlar Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı atılmış addımlardan biridir. Amma deyim sizə ki, ən ağırı deyil. İşğal altında olan Azərbaycan torpaqlarında bu gün Ermənistanın işğalçı ordusu var. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bundan artıq kobud pozuntusu halı baş verə bilməz. Ermənilərin heç vaxt yaşamadığı rayonlarda belə, total etnik təmizləmələr aparılıb. İşğal nəticəsində etnik təmizləmələrə məruz qalan Azərbaycanın dinc əhalisi bu yerlərdən didərgin salınıb. Bu gün baş verənlər də işğalçının anneksiya siyasətinin davamıdır. Ermənistanın işğalçı olması dünyaya məlumdur. Ermənilərin günbəgün böyüyən və artan ambisiyasının arxasında onların öz havadarlarına olan əminliyi durur. Yəni ermənilər artıq əmindir ki, Azəraycan zərbə endirsə, Rusiya onların təhlükəsizliyini təmin edəcək.

- Rusiya Ermənistanın anneksiya siyasətini dəstəkləyirsə, onda necə vasitəçi ola bilər? Bu doğrudursa, Azərbaycan Rusiyanın bu siyasətinə qarşı hansı addımlar atmalıdır?

- Heç kimə sirr deyil ki, Ermənistanın işğalçı siyasətinin əsasında Rusiyanın hərbi təhlükəsizlik qarantiyaları durur. Ermənistan birtərəfli olaraq, Dağlıq Qarabağın və orada yaşayan əhalinin təhlükəsizliyinin təminatçısı olduğunu bəyan edib. Rusiya da bunun təminatçısıdır, yoxsa yox? İndiki mərhələnin əsas sualı budur. Rusiyaya deməliyik ki, siz Ermənistanın anneksiya siyasətini dəstəkləyirsinizsə, onda vasitəçi ola bilməzsiniz. Siz onu dəstəkləyirsinizsə və onun hərbi qarantı olursunuzsa, onda biz öz işimizi bilək. Ermənilərin ambisiyasının artdığı göz qabağındadır. Artan təxribat xarakterli ambisiyaların arxasında Rusiyanın dayanıb-dayanmaması müəyyənləşdikdən sonra, Azərbaycan öz siyasətini müəyyən etməlidir. Amma Rusiya ermənilərin təhlükəsizliyinin təminatçısı ola bilməz. Rəsmi Moskva tərəfindən bunu təsdiqləyən bəyanat səsləndirilsə, Azərbaycan-Rusiya əlaqələri tam şəkildə pozular. Amma biz işğalçını ortada olmayan ambisiyalardan azad etmək üçün bu sualları Rusiyaya verməli və birmənalı cavab almalıyıq. Digər tərəfdən, Azərbaycan tərəfi müharibəyə başlasa, Rusiyanın Ermənistanın təhlükəsizliyi üçün təminatının hara qədər olacağı müəyyənləşdirilməlidir.

- Moskva görüşündə bir çox məsələlərlə bağlı tərəflər arasında razılıq əldə edilmişdi? Proseslərin gedişini nəzərə alsaq, sizə elə gəlmirmi ki, artıq əldə edilən razılaşmaların önəmi qalmayıb?

- Danışıqların heç bir nəticə vermədiyi ortadadır. Ermənistan torpaqları azad etmək niyyətindən çox uzaqdır. Bu, onların çıxışlarında da açıq-aydın görünür. Təbii ki, Azərbaycanın digər dövlətlər kimi hüququ var ki, BMT-nin nizamnaməsində nəzərdə tutulan müddüalara əsasən addımlar atsın və işğalçını öz ərazisindən qovsun. Bu mərhələdə isə ortaya Rusiya faktoru çıxır. Ona görə yuxarıda dediyim məsələlərlə bağlı suallara ciddi şəkildə cavab verilməlidir. Ermənistan və Rusiya arasında təhlükəsizlik əlaqələri hərbi sazişlərlə təmin olunur. Amma biz sazişlərə baxsaq, burada sadəcə Ermənistanın təhlükəsizliyinin təmin olunduğunu görəcəyik. İndiki durumda rəsmi Bakı Rusiya ilə danışmalıdır. Rəsmi Moskvanın bu ambisiyalara zəmanət verib-vermədiyini açıq şəkildə onlardan soruşmaq lazımdır.

- Müsahibələrinizdə müharibənin qaçılmaz olduğu fikri daha aydın hiss olunur. Doğrudanmı hərb yolu qaçılmazdır?

- Doğrudur heç kim müharibənin olmasını istəmir. Amma danışıqlar olmayan yerdə təbii ki, güc yolu və müharibə məsələsi gündəmə gəlir. İndiki beynəlxalq əlaqələrdə gücün tətbiqi normal qarşılanır. Rusiya öz ərazi bütövlüyünü təmin etmək üçün Çeçenistanda antiterror əməliyyatı keçirir, ABŞ müxtəlif yerlərdə güc tətbiq edərək, öz təhlükəsizliyini təmin etməyə çalışır, Fransa müxtəlif fransız dilli Qərbi Afrika ölkələrinin təminatçısıdır və orada öz qoşunlarını yerləşdirir. Biz də öz təhlükəsizlyimizi, suverenliyimizi, ərazi bütövlüyümüzü təmin etmək və etnik təmizləmələrə məruz qalan əhalinin geri qaytarılması üçün güc variantını seçməliyik. Ancaq yenə deyirəm, burada Rusiyanın hansı həddə kimi Ermənistanın təhlükəsizliyini təmin edəcəyini bilməliyik. Bu sualın cavabı əsasında gələcəkdə öz siyasətimizi quracağıq. Ya Rusiya ilə strateji tərəfdaşlığa davam edəcəyik, ya da Rusiya ilə əlaqələri təftiş edib, başqa ölkələrlə partnyorluğa üstünlük verəcəyik.  

Firuzə Vahid / REDAKTOR.AZ