Azərbaycan üçün həlqə daralır: Keşikçidağ müəmması niyə ortaya atılıb?

 16:39 08.05.2019     3570

Redaktor.az “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli ilə müsahibəni təqdim edir:

- Anti-Azərbaycan qüvvələrin son vaxtlar fəallaşması Azərbaycan-Gürcüstan münasibətlərinə hər hansı formada təsir göstərə bilərmi?

- Hər zaman Qafqazın, regionun gələcəyi Gürcüstan-Azərbaycan münasibətlərinin artan xətt üzrə inkişafından asılı olub. Amma bir paralel aparmaq istəyirəm. Ümumiyyətlə, bizim ölkələrdə demokratik təfəkkürü sıxışdıran imperiya təfəkkürü var. Bu gün yaşananlar həmin məsələnin təzahürüdür. Saakaşvili hakimiyyətini devirən İvanişvili kapitalı bolşevik kapitalına oxşayır. Saakaşvili bu gün milli demokrat olaraq, sürgün həyatı yaşayır. Bütün arsenalı ilə İvanişvili komandası demokratik təfəkkürü yox etməklə məşğuldur. Burada təfəkkür toqquşması çox önəmli məqamdır. İvanişvilinin kapitalının əsası Rusiya ilə bağlıdır. Onun apardığı siyasi kursun təməlində onun kapitalının mənbəyi mühüm rol oynayır. Rusiyanın, Kremlin dərin qatlarda siyasi ambisiyaları Gürcüstanda İvanişvili və indiki yeni hakimiyyətin timsalında hiss olunmaqdadır.

- Yəni hesab edirsiz ki, Bidzina İvanişvili bu insidentin qızışdırılmasında maraqlıdır?

- Gürcüstandakı hakimiyyətin ilk gündən hədəfi Borçalı türklərinin ELAT bayramı oldu. 1 ilin içərisində bu bayramın qeyd olunmasını yasaqladılar və Borçalı Cəmiyyətinin bütün fəaliyyətini məhdudlaşdırdılar. Bütün bunlar təsadüfi deyildi. O vaxt mən bu anormallığa qarşı bəyanat verəndə, bəziləri fərqli don geyindirməyə çalışdılar. Amma Gürcüstanın yeni hakimiyyətinin antitürk, antiazərbaycan və antidemokrat əhval-ruhiyyədə olduğunu əsaslandırmaq üçün kifayət qədər əsaslar var idi. İndiki zamanda Azərbaycanla Gürcüstan arasında müəyyən gərginliklər yaşanır. Azərbaycandan siyasi oriyentasiyasını ortaya qoymaq istənilir. Konkret halda təhlilim bundan ibarətdir ki, Kreml Azərbaycandan “tabe ol” çağırışına cavab istəyir. Bunun üçün bir tərəfdən Paşinyanı Azərbaycanın üstünə qışqırdır, digər tərəfdən Gürcüstan vasitəsilə Azərbaycana təzyiqlər göstərir. Bu gün Paşinyan Xankəndində, işğal altında olan Azərbaycan torpaqlarından bizə demokratik formada poz verir, bizim torpaqlarımızdan rəsmi Bakıya təhdid mesajları səsləndirir. Paşinyanın Rusiya qırıcısında yayılan şəkli isə Azərbaycana konkret mesaj idi. Bunların diplomatik tərcüməsi odur ki, Rusiyanın qırıcısında onun vassalı bizə hədə gəlirdi. İkincisi, Rusiya ilə Ermənistanı birləşdirən Gürcüstan koridorunun açılmasına Gürcüstanın indiki hakimiyyəti yaşıl işıq yandırır. Abxaziya və Cənubi Osetiya üzərindən yeni dəmiryolunun çəkilişi, o cümlədən Azərbaycan qazına alternativ olaraq, Qazpromla danışıqların intensivləşdirilməsi də bu planın tərkib hissəsidir. Rusiyanın Gürcüstan ərazilərini işğal etməsi faktına baxmayaraq, indiki hakimiyyətin rusun əlinə oynaması görüntüsü yaranıb. Bu ilin yanvar ayında Qarabağda azərbaycanlılara qarşı döyüşən erməni döyüşçüyə abidə qoyuldu və Gürcüstan tərəfindən bu məsələyə rəsmi aydınlıq gətirilmədi, Azərbaycanın etirazlarına baxmayaraq, bununla bağlı hər hansı tədbir görülmədi. Onlar qələbə əhval-ruhiyyəsi ilə yenidən bizim üstümüzə kükrəyirlər. İndi isə Keşikçidağ kompleksi üzərindən Azəraycana qarşı ərazi iddiaları ilə çıxış edirlər. Bu cür provakativ addımların bir mərkəzdən idarə olunması şübhəsizdir. Bu mərkəzin əsas məqsədi Azərbaycan və Gürcüstan əlaqələrinə zərbə endirməkdir.

- Bu mərkəzin arxasında hansı güclər durur?

- Bu qüvvələrin birbaşa Rusiya və dolayı yolla İranla bağlarının olduğunu düşünürəm. İran Borçalıda, Gürcüstanda din adı altında kifayət qədər çox narahatedici işlər görür. ABŞ-İran münasibətləri gərginləşdikcə İran bu gərginliyin ağırlıq mərkəzini Qafqaza və postsovet ölkələrinə transformasiya etmək siyasəti yürüdür. Bu əzəldən belə olub. Gürcüstan isə burada öz maraqlarını təmin etmək üçün oyun oynayır. Hətta bu, Gürcüstanı gərginlik zonası elan edərək, NATO-ya üzvlük məsələsini əngəlləmək üçün oynanılan oyundur.

Artıq regionun gələcəyi, qonşuluq münasibətləri, strateji tərəfdaşlıq məsələləri arxa plandadır. Bir qrupun korparativ maraqlarını təmin etmək üçün bölgədə böyük oyun gedir. Bu maraqlar isə bölgənin ilhaqı üzərində qurulan oyunlara yaşıl işıq yandırılmasına bənzəyir.

- Gürcüstanla Azərbaycan arasında yaşanan böhranın aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?

- Azərbaycan bütün gücü ilə prosesləri diplomatik müstəviyə daşımalı, ölkələr arasında dialoqu intensivləşdirməlidir. Hətta dövlətlərarası yeni bir komissiyanın yaradılması məsələsi gündəmə gələ bilər. Əlbəttə ki, Azərbaycanın burada müəyyən iddialarla çıxış etmək imkanları var. Konkret halda gürcüləşdirilmiş tarixi türk toponimlərinin bərpası, Gəncə Qapısının geri qaytarılması, o cümlədən zaman-zaman soydaşlarımızın əlindən alınmış torpaqlarının kompensasiya edilməsi, ELAT bayramının bərpası, ictimai qurumların Gürcüstanda maneəsiz fəaliyyət göstərməsi və Gürcüstana girişın bərpa edilməsi məsələsi gündəmə gətirilməlidir. İki ölkə arasında yaxın yüzillikdə strateji tərəfdaşlığın prioritetlərini özündə əks etdirən dövlətlərarası müqaviləyə də ehtiyac var. Burada demokratiyanın prioritet olması, demokratik inkişaf, avroatlantik məkana inteqrasiya, Türkiyə-Gürcüstan-Azərbaycan alyansının möhkəmləndirilməsi, ölkələr arasında iqtisadi, mədəni əlaqələrin inkişafı müddəaları əks olunmalıdır. Azərbaycan və Gürcüstanın strateji tərəfdaşlığını sarsıdacaq hər hansı əmələ imkan verməyəcək sazişin imzalanması üçün işlər görülməlidir. Çünki bütün hallarda iki ölkə arasında yaşanan hər hansı qarşıdurma Gürcüstanın demokratik inkişafına əngəl, Azərbaycana isə arxadan vurulan zərbədir. Regionda baş verənlər XII Qızıl Ordunun bu bölgəyə girişi üçün münbit şərait yaratmağa hesablanan təxribatlardır. Bütün hallarda, Azərbaycanın üzərinə böyük məsuliyyət düşür. Rəsmi Bakı bu təxribatların qarşısını almağı bacarmalıdır.

- Azərbaycan, Gürcüstan və Türkiyəni regionda  bir sıra vacib layihələr birləşdirir. Münasibətlərdə çatların yaranması bu əməkdaşlığın davamlılığına xələl gətirə bilərmi?

- Təəssüf ki, Türkiyənin özündə də hazırda müəyyən siyasi böhran yaşanır. Azərbaycan və Gürcüstan arasında baş verənlər bu böhranın yaşandığı mərhələyə təsadüf edir. Seçki ilə bağlı məsələdə yaşanacaq gərginlik Türkiyənin kifayət qədər geri düşməsi və zəifləməsi üçün təkan verə bilər. Türkiyədə siyasi böhranın yaranması Qafqaza düşmənlərin ayaq açmasına gətirib çıxarar. Tarixən proseslər bu şəkildə gedib. Türkiyənin də bu prosesdən daha ağrısız çıxmasını arzulayardım. Əks halda düşmənlər üzərimizə gəlir, həlqə daralır. Hazırda Azərbaycanın daxilində olan siyasi qüvvələrin vahid mərkəzdə təmərküzləşməsi, milli təhlükəsizlik məsələsinin gündəmə gətirilməsi və bütün qüvvələrin dövlət təhlükəsizliyi üçün səfərbər olmasına ehtiyac var.

Firuzə Vahid / REDAKTOR.AZ