"Peşəkar kadrların əksəriyyəti zamanla televiziyadan uzaqlaşır" - İradə İsaq

 18:56 13.05.2019     1742
Bakıda televiziyalar üçün peşəkar kadrlar yetişdirən "İris" Televiziya və Jurnalistika məktəbi açılıb.
 
Yeni yaradılan məktəbin fəaliyyəti və özəllikləri ilə bağlı tanınmış televiziya jurnalisti, elmi işçi İradə İsaq Redaktor.az-a müsahibə verib. Sözügedən müsahibəni təqdim edirik:
 
- İradə xanım, televiziyaların vəziyyətini qənaətbəxş hesab edirsiniz?
 
- Təəssüf ki, bu gün Azərbaycanda televiziyaların vəziyyəti o qədər də ürəkaçan deyil. Peşəkar kadr ehtiyatı olduqca azdır. Çünki peşəkar kadrların əksəriyyəti zamanla media sahəsi ilə bağlı özəl biznes qurur və televiziyadan uzaqlaşırlar. Nəticədə televiziyalarımızda boşluq yaranır. Bu boşluğu nəzərə alaraq, televiziyalar üçün peşəkar kadrlar hazırlayan "İris" Televiziya və Jurnalistika məktəbini yaratdıq. 
 
Bu ilin 13 mart tarixində yaratdığımız məktəbdə prodüserdən tutmuş, texniki heyətə qədər bütün peşəkar kadrlar yetişdiriləcək. Artıq 3 tələbəmiz İctimai Televiziyanın "Xəbərlər" proqramında stajçı kimi fəaliyyət göstərir. Qarşımıza qoyduğumuz hədəfə televiziyalarımızdan böyük dəstək gəlir.
 
- Jurnalistika məktəbinə qatılmaq istəyənlərlə bağlı yaş məhdudiyyəti varmı?
 
- Televiziya elə bir yerdir ki, hər kəsin xəyalında yaşayır. Əksər insanların ürəyində televiziya arzusu olur. Bu arzunu nəzərə alaraq, qəbulla bağlı yaş məhdudiyyəti qoymamışıq. Hətta sentyabr ayından uşaq jurnalistikası, aktyorluğu və modelliyi ilə bağlı bölmələr açmağı düşünürük. İstedadı olan hər kəsə qapımız açıqdır.
 
- Kursun tədris müddəti nə qədərdir? 
 
- Tədris müddəti kursa qəbul edilən şəxsin təcrübəsindən asılı olaraq dəyişir. Ümumilikdə kursun müddəti 10 aydır. Bu müddət ərzində xəbər aparıcısı, müəllif yazıları üzrə ssenari yazmaq, montaj işi, prodüserlik və s. işlər öyrədilir. Nitqi, görünüşü yerində olan və müəyyən biliyə malik şəxslər isə 6 aylıq kurslarımıza cəlb olunur. Təcrübəsi daha çox olan şəxsləri əsasən 3 aylıq kurslarımıza yönəldirik. Hazırda tədris yanlız Azərbaycan dilində aparılır. Sentyabr ayından etibarən tədrisə rus və ingilis dilləri də əlavə olunacaq. Əvvəllər qeydiyyat həftədə bir dəfə aparılırdı. Hazırda isə hər gün qeydiyyat işi həyata keçirilir.
 
- Bəs qiymətlər necədir?
 
- Tədris müddətindən asılı olaraq, qiymətlər fərqlidir. Bütün hallarda, qiymət ölkəmizin məktəb bazarına uyğun təyin olunub. 
 
 
- Bu məktəbi bitirənlərə sertifikat verilirmi?
 
- Kursu bitirən hər kəsə sertifikat təqdim olunur. Onu da qeyd edim ki, sertifikatımız Türkiyənin ən nüfuzlu universitetlərindən olan Yeni Yüzyıl Universiteti tərəfindən də  tanınıb. YÖS imtahanı verməli olan tələbələr üçün bu universitetə qəbul çox çətindir. İllik təhsil haqqının 5220 dollar olması da əksər insanlar üçün əlçatan deyil. Kursumuzun sertifikatını alan tələbələr təhsil haqqını yarı qiymətə ödəyə biləcəklər.
 
Qeyd edək ki, kursla bağlı müraciət etmək istəyənlər (+994) 70 847-01-70 və ya @Iradaisaktvschool səhifəsi ilə əlaqə saxlaya bilərlər.
 
Gülşən Şərif / Redaktor.az