İƏT Trampın planına qarşı çıxsa, Azərbaycanın mövqeyi NECƏ OLACAQ?

 16:17 31.05.2019     512

Bu gün “Qüds” günüdür. Yəni, hər il Ramazan ayının sonuncu cümə gününü müsəlmanlar "Qüds" günü kimi qeyd edir. Ümumiyyətlə, Fələstin-İsrail problemi uzun illərdir ki, dünyanın diqqət mərkəzindədir. Ancaq ABŞ prezidenti Donald Trampın həll planı təklifi, bu münaqişənin müzakirəsində aktivliyi artırıb.

Redaktor.az bu dəfə Yaxın Şərqə politoloq Tofiq Abbasovun gözü ilə baxacaq: 

- Trampın yeni planı İƏT ölkələri, xüsusilə, ərəblər tərəfindən dəstəklənə bilərmi?

- Xeyr. ABŞ və İsrail tərəfindən təklif olunan, Yaxın Şərq münaqişəsinin sona çatmasına hesablanan planlar bir çox ərəb ölkələri tərəfindən dəstəklənmir. Trampın planlarını dəstəkləyən ölkələr Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrdir. Bir çox ərəb dövlətləri isə daha prinsipial mövqe sərgiləyirlər. Xüsusilə, müsəlman məmləkətləri işğalçı siyasəti pisləyir və ümumiyyətlə, Fələstin dövlətinin ərazi bütövlüyü təmin olunmayana qədər İsraillə heç bir əlaqə qurmayacaqlarını bəyan ediblər.

- Məsələn, Türkiyənin Fələstin məsələsində ABŞ və İsrailə qarşı çıxması Ankara üçün hansı problemlər yarada bilər? Ankara Fələstin böhranından Yaxın Şərqdəki nüfuzunu qaldırmaq üçün yararlana bilərmi?

- Ankaranın bu məsələdə strateji xətti müəyyən edilib. Yəni, Türkiyə bütövlükdə Fələstinin Azadlıq Hərakatını dəstəkləyir. Ancaq bu məsələdə Türkiyənin fəal mövqeyi passiv dövrü ilə əvəzlənir. Yəni bu məsələdə Türkiyənin ardıcıl xətti olmasına baxmayaraq, bu istiqamətdə aktiv fəaliyyət göstərməsi müşahidə edilmir. Bəzi hallarda ABŞ-ın mövqeyini nəzərə alaraq, rəsmi Ankara İsraillə olan münasibətlərinə yenidən baxır. Ancaq strateji baxımdan İsrail-Türkiyə münasibətlərinin çökdüyünü demək olmaz. Türkiyə və İsrail arasında ticarət əlaqələrinin həcmi göstərir ki, bu ölkələr arasında münasibətlərin pis olması ilə bağlı iddialar əsassızdır.  Bunu İsrail və Qərb mənbələri də təsdiq edir. Türkiyə bu məsələnin daha çox təbliğat tərəfinə böyük diqqət yetirir. Çünki bu, Türkiyənin bölgədə, İslam dünyasında nüfuzunun qorunmasında əsas şərtdir. Digər tərəfdən isə Türkiyənin bu məsələdə tarixi əsasları və hüquqları da var. Çünki vaxtilə Yaxın Şərq bölgəsi Osmanlı imperiyasının nəzarətində olub.

- Türkiyədə yaranan yeni situasiya Ankaranın Yaxın Şərq siyasətində korrektələrə səbəb ola və AKP-nin daha çox daxili siyasətə diqqət ayırmasına gətirib çıxara bilərmi?  Rəsmi Ankara böyük güclərlə münasibətlərin yaxşılaşdırmasına şərait yarada bilərmi?

- Türkiyənin Yaxın Şərq siyasəti öz ardıcıllığını artıq itirib. Yaxın Şərq dedikdə təkcə İsrail-Fələstin qarşıdurmasını nəzərdə tutmalı deyilik. Yaxın Şərqdə Suriya, İraq problemi var. Ümumiyyətlə, bu bölgədə xarici dövlətlərin ordularının yerləşdirilməsi problemlərin davam etdiyinin bariz sübutudur.

Eyni zamanda İdlib ətrafında baş verən proseslər göstərir ki, Türkiyənin yanaşmasında boşluqlar var. Bu, bilavasitə ABŞ-la münasibətlərdə olan durumla əlaqəlidir. ABŞ vaxtaşırı Türkiyəyə qarşı təzyiqlərini artırır. Hətta Türkiyəyə müvəqqəti embarqolar da tətbiq edilmişdi. Yaxin Şərqdə gedən proseslərin arxasında böyük dövlətlərin alış-veriş siyasəti durur. Həmin alış-veriş siyasətinin nəticəsidir ki, Türkiyə öz dəsti-xəttini dəqiq tərzdə təqdim edə bilmir. Ona görə açıq demək lazımdır ki, Türkiyənin qarşıdan gələn dövr ərzində Yaxın Şərq siyasəti ABŞ-la münasibətlərindən bilavasitə asılı olacaq. Rəsmi Ankara S-400 sistemlərini almaqdan imtina etməsə, Türkiyə dövləti sərbəst və müstəqil siyasət aparmağa müvəffəq olacaq. Belə olarsa, Türkiyə daha çox Avrasiya məkanındakı ölkələrlə əlaqələrini inkişaf etdirməyə cəhd edəcək və İranla münasibətlərində yeni məqamlar ortaya çıxacaq.

- İƏT Trampın planına qarşı sərt mövqe tutacağı halda, Bakı hansı mövqedə yer alacaq və bu, ona hansı risklər və ya dividentlər yaradacaq?

- Bakının bu məsələdə mövqeyi tam aydındır. Birincisi, rəsmi Bakı ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan etməsi təşəbbüsünü tənqid etmişdi. Digər tərəfdən, Qolan təpələrinin İsrailə aid olması ilə bağlı iddiaya Azərbaycan sərt təpki göstərmişdi. Çünki Azərbaycanın özünün ərazi bütvlüyünü bərpa edə bilməmək kimi problemi var. Biz bu problemi uzun illərdir ki, həll edə bilmirik. Burada Qərbin ikiüzlü mövqeyinin də öz payı var. Azərbaycan Ukrayna, Fələstin, Gürcüstan kimi ərazi bütövlüyü problemi yaşayan ölkələrin yanındadır. Bu siyasətin Azərbaycan üçün hər hansı problem yaradacağını düşünənlər yanılır. İsraillə Azərbaycanın münasibətləri strateji əməkdaşlıqdır. Azərbaycan İsrail dövləti üçün əlverişli tərəfdaşdır. Azərbaycan öz pulu ilə İsraildən silah alır. Yəni bizim siyasətimiz müstəqildir və heç bir dövlətdən asılı deyil.

Firuzə Vahid / REDAKTOR.AZ