Uşaqpulu bərpa olunacaqmı? - Deputat AÇIQLADI

 10:56 03.06.2019     2670

Milli Məclisin son iclaslarında millət vəkili Fazil Mustafa bir sıra sosial problemlərə toxunub.

Problemli məsələlərin parlament səviyyəsində müzakirəyə çıxarılması həll yolunun tapılacağına ümidi artırır. 

Bu məsələlərlə bağlı millət vəkili Fazil Mustafanın Redaktor.az-a müsahibəsinin birinci hissəsini təqdim edirik:

- Fazil bəy, uşaqpulunun bərpa edilməsi ilə bağlı Milli Məclisdə təklif irəli sürmüşdünüz. Təklifinizi nəzərə alaraq, uşaqpulunun bərpası ilə bağlı sizi müzakirəyə cəlb ediblərmi?

- Aldığım məlumata görə, hazırda bu məsələ ilə bağlı ciddi müzakirələr gedir. Uşaqpulunun hansı kateqoriyadan olan uşaqlara və hansı formada verilməsi müəyyən edilir. Çünki söhbət böyük məbləğdən gedir. Təklif etmişdim ki, uşaqpulu başlanğıc kimi 6 yaşa qədər olanlara verilməlidir. Çünki uşağın sağlam böyüməsi ilk yaşlardan başlayır və bu, gələcəkdə dövlətin müdafiə qabiliyyətinin təmin edilməsi və ailə institutunun sağlamlığı üçün vacibdir. Bir çox ailələr uşaqpulu olmadığına görə, uşaqlarının sağlam qidalanmasını təmin edə bilmirlər. Ona görə də uşaqpulu ilə yanaşı, aliment fondunun yaradılması paralel aparılmalıdır. Aliment vermək mükəlləfiyyəti olan kişilər ödəniş etmədikdə, dövlət bu funksiyanı öz üzərinə götürərək, həmin şəxsdən pulu almalıdır. Nəticədə uşaq sağlıq və qida sıxıntısı yaşamaz.

- Milli Məclisdəki çıxışınızda bildirdiniz ki, Azərbaycanda orta aylıq əməkhaqqı Ermənistanla müqayisədə 26 dollar aşağıdır. Göstəricinin aşağı olmasına səbəb nədir?

- Azərbaycandan fərqli olaraq, Ermənistanda yaşayış səviyyəsi ağırdır. Orada qiymətlər bahadır. Çıxışımda Ermənistanla yanaşı, digər ölkələrin də adlarını çəkmişəm. Sadəcə orta aylıq əməkhaqqını dollarla hesabladıqda, ölkəmizdəki göstərici aşağı olur. Bu, əslində iqtisadi qiymətləndirmə meyarı deyil. Müqayisəni qeyd etməklə bildirmək istəyirdim ki, Azərbaycanda da vəziyyət ürəkaçan deyil. Yəni, məqsəd Azərbaycanla Ermənistanı müqayisə etmək üzərində qurulmayıb.

- Bir ailənin normal yaşaması üçün orta aylıq əməkhaqqı nə qədər olmalıdır?

- Bir ailənin normal yaşaması üçün yaşayış meyarı ilə bağlı müəyyən standart var. Bu standartda zəruri istehlak mallarının siyahısı əsas götürülür və nəticədə ümumi istehlak zənbili formalaşdırılır. İstehlak zənbilində hesablanan qiymət əsasında isə orta aylıq əməkhaqqı müəyyənləşdirilir. Azərbaycanda əhalinin normal yaşaması üçün orta aylıq əməkhaqqı minimum 800-1000  manat civarında olmalıdır. Çünki bir sıra problemlərin həll olunmaması başqa sahələrdə əlavə yük yaradır. Nəticədə əhali müxtəlif qurumlara qeyri-rəsmi ödənişlər etmək məcburiyyətində qalır. Məsələn, məktəbdə verilən təhsil yetərli olmadığına görə, valideyn büdcəsindən 200-300 manatı uşağın normal hazırlaşdırılmasına sərf edir. Həmçinin, idman sahələri pulsuz deyil. Uşaq hansısa idman növü ilə məşğul olarsa, valideyn vəsait ödəmək məcburiyyətində qalır. Ümumi infrastrukturun yaxşı çalışmaması fonunda uşağın ixtisaslaşması üçün müəyyən xərclərin ayrılması zəruri olur.  İctimai nəqliyyatda metrodan başqa,  alternativ variantlar yoxdur. Metroya çatana qədər isə avtobus dəyişmək lazımdır. Həmçinin, icbari tibbi sığortanın olmaması nəticəsində özəl xəstəxanalarda müayinə üçün minimum 40 manatdan başlayaraq ödənişlər edilməlidir. Xəstəlik ciddidirsə, bu zaman ödəniş məbləği getdikcə artır. Bütün bu amillər onu göstərir ki, əhalinin orta aylıq əməkhaqqı yetərli deyil və artırılmasına ehtiyac var.

- Azərbaycanda pensiyaçıların sayının az olmasını bildirmişdiniz. Pensiyaçıların sayının az olmasına təsir edən əsas faktorlar nələrdir?

- 90-cı illərdən sonra vətəndaşların əksəriyyəti “qara maaş” alırdılar. Buna görə də onların maaşı barədə heç bir sənəddə məlumat olmayıb. Bu baxımdan həmin vətəndaşların sığorta ödənişləri qrafası boş qalırdı. Sığorta qrafasının boş qalması vətəndaşın vaxtı çatanda pensiya ala bilməməsinə əngəl törədirdi. Hazırda pensiyaçıların sayının az olmasına təsir edən əsas amillərdən biri budur. Bütün hallarda pensiyaçıların sayının artırılmasına ehtiyac var.

- Pensiyaçıların sayının artırılması üçün yaş həddində dəyişiklik etmək çıxış yolu ola bilərmi və eyni zamanda, pensiya məbləği sosial rifah baxımından yetərlidirmi?

- Qanuna əsasən, kişilər 63, qadınlar isə 60 yaşında pensiya ala bilərdi. Əvvəllər  müəyyən strukturlarda iş stajı 25 il nəzərdə tutulurdu. Vətəndaş 25 illik iş stajından sonra pensiya almaq hüququna malik olurdu. Bu məsələ sonradan ümumi yaşa görə hesablanmağa başlandı. Yaşa görə pensiyanın verilməsi müəyyən dərəcədə hər kəsə şamil olunub. Sadəcə 25 illik iş stajından çox işləyən vətəndaş daha çox pensiya alırdı. Əvvəllər məsul işdə və ya vəzifələrdə işləmiş, amma maaşı aşağı olan insanlar pensiyaya çıxanda müəyyən problemlərlə üzləşməyə başladılar. Ona görə də differensiya elə müəyyən edilməlidir ki, pensiya məbləği vətəndaşların minimum yaşayış səviyyəsini təmin edə bilsin.  

Hazırda kişilər 64 yaş 6 ay, qadınlar isə 61 yaş 6 aydan sonra pensiya ala bilirlər. Azərbaycanda hər 1000 nəfərə 130 pensiyaçı düşür. Belarusda isə hər 1000 nəfərə 173 pensiyaçı düşür. Halbuki əhali sayımız eynidir. Ölkəmizdə əmək pensiyalarının orta məbləği Qazaxıstan, Belarus və Rusiyadan xeyli aşağıdır. Müəyyən təbəqə insanların sosial rifahını yaxşılaşdırmaq üçün pensiya məbləği yüksək olmalıdır. Pensiya alarkən qadınlarda ciddi problemlər çıxır. Çünki qadınların əksəriyyəti işsiz olur və pensiya vaxtı əziyyət çəkirlər. Vətəndaşların sosial rifahının yaxşılaşdırılması üçün pensiya ilə yanaşı, sosial müavinətlər var. Lakin hər kəsin sosial müavinətlə təmin edilməsi mümkün deyil. Bu baxımdan sosial müavinətlər həll yolu deyil. Pensiya yaşının dəyişilməsi deyil, pensiya məbləğinin yüksəldilməsinə məcburuq.

- Pensiya məbləği təxmini nə qədər olmalıdır?

- Pensiya məbləği iqtisadi göstəricilərə əsasən, hesablanmalıdır. Bunun üçün öncəliklə yaşayış minumumu təyin olunmalıdır. Pensiya məbləği yaşayış minumumdan yüksək olmalıdır ki, vətəndaşlar maddi sıxıntı ilə üzləşməsinlər.

Gülşən Şərif / Redaktor.az