Əli Məsimli islahatların hazırkı mərhələsi ilə bağlı çox maraqlı FAKTLAR AÇIQLADI...

 14:30 03.06.2019     1765

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimlinin Redaktor.az-a açıqlamasını təqdim edirik:

- İlin əvvəlindən Prezident İlham Əliyev ölkədə bir çox sahələr üzrə islahatlar prosesinə start verib. Prezidentin verdiyi tapşırıqların icra səviyyəsi necədir?

- Azərbaycan öz inkişafının yeni mərhələsinə keçir. Buna uyğun olaraq, 2018-ci ilin aprelində keçirilən prezident seçkilərindən sonra ölkədə islahatların yeni mərhələsi başlayıb. Bu ilin əvvəllərindən isə bu proses daha da güclənib. İslahatlar iqtisadiyyatın real, maliyyə və sosial sektorlarını əhatə edir. Neftin qiymətinin hökumət proqnozlarında nəzərdə tutulduğundan xeyli  yüksək olması ilə yanaşı, vergi və gömrük sistemindəki islahatlar, eləcə də müəyyən dərəcədə struktur islahatları iqtisadi və sosial sahələrdə real nəticə verən amillər kimi  çıxış edir. Vergi və gömrük sistemindəki islahatların ilkin nəticəsi kimi büdcəyə əlavə vəsait daxil olmağa başlayıb. Bu isə sosial xarakterli addımların  gerçəkləşməsinə sərf olunur. Bu il iqtisadiyyatın real və maliyyə sektoru üzrə aparılan islahatlar, sosial sektorla bağlı islahatlarla tamamlanır. Bu, çox zəruridir, çünki Azərbaycanda əhalinin xeyli hissəsinin sosial vəziyyəti ölkənin iqtisadi-maliyyə göstəriciləri ilə müqayisədə  xeyli geri qalır. Bu geriliyi aradan qaldırmaqdan ötrü irəli sürülən Yeni Sosial Paket 3 milyondan artıq adamı əhatə edir. Bu, əhalinin daha geniş  dairəsinin islahatları dəstəkləməsi üçün çox vacib şərtdir. Ona  görə də, hər şeydən əvvəl, real vəziyyətin tələbindən çıxış edərək xüsusi vurğulamaq istəyirik ki, islahatlar istiqamətində atılan addımlar ölkə iqtisadiyyatını əsaslı surətdə modernləşdirmək, hökumətin əhaliyə xidmət göstərmək imkanlarını yaxşılaşdırmaq üçün yetərli qədər davamlı və dərin olmalı, əhali isə ölkədə sabitliyin təmin edilməsinə və islahatların dəstəklənməsinə öz töhfəsini artırmalıdır.

- İslahatlar istiqamətində atılan addımlar hansı əsas dəyişikliklərə səbəb olub?

- Ölkədə islahatların  genişləndirilməsi həm 2018-ci ilin, həm də cari ilin iqtisadi və sosial nəticələrinə müsbət təsir edib. 2016-cı ildəki 3 faizlik enmə və 2017-ci ildəki 0,2 fazilik artımdan sonra 2018-ci ildə 1,4 faizlik, bu ilin 4 ayı ərzində isə 2,1 faiz iqtisadi artım olub. İnflyasiya 2017-ci ildəki 13 faizlik ikirəqəmli səviyyədən 2,3 faizə enib. Bu ilin 4 ayı ərzində isə inflyasiya 2,4 faiz olub. Ötən il xarici ticarət balansında 8 milyard dollar və tədiyyə balansının cari əməliyyatlar hesabında 5 milyard dollardan artıq  müsbət saldo yarandı.Həmin müsbət meyllər bu il də davam edir. Bu, strateji valyuta ehtiyatlarının artmasında və manatının dollara nisbətdə məzənnəsi 1 mamat 70 qəpik ətrafında sabit qalmasında mühüm rol oynayır.

- Keçirilən islahatlar cəmiyyətin gözləntilərini təmin edəcəkmi?

- Cəmiyyətdə islahatların mümkün nəticələri ilə bağlı gözləntilər böyükdür. Son aylar atılan addımlar göstərir ki, islahatları dərinləşdirib-genişləndirməklə həmin gözləntilərin doğrulmasına yönəlik siyasi iradə qoyulub. Azərbaycanın potensial imkanları belə bir fikir söyləməyə əsas verir ki, başlanan islahatlara davamlı xarakter verilsə, iqtisadiyyatın davamlı inkişafini, rəqabət qabiliyyətliliyini və əhalinin rifahının artırılmasını təmin edə bilərik. Görülməsi vacib olan işlərin miqyaslarını təsəvvür etməkdən ötrü təkcə onu xatırlatmaq kifayətdir ki, 2016-cı ilin dekabrında təsdiqlənmiş  Strateji Yol Xəritələri üzrə  2020-ci ilə qədər 164 prioritet və 683 tədbir icra edilməlidir. Məsələyə bu baxımdan yanaşanda görürük ki, son vaxtlar islahtlar istiqamətində bir sıra mühüm addımlar atılsa da, qarşıda görüləsi işlər hələ çoxdur. Azərbaycan iqtisadiyyatı resessiya və durğunluq mərhələsindən çıxsa da, yavaşımış artım trayektoriyasına keçib. Bu ilin birinci rübündə iqtisadi artım 3 faiz olsa da, 4 ayın nəticələrinə görə 2 faizin ətrafına enib. Təmiz sərmayə-təmiz nəticə baxımından bu eniş xeyli dərəcədə  qeyri-neft sektoruna sərmayələrin azalması və investisiya qoyuluşundan istifadənin səmərəliliyinin artırılması istiqamətində nəzərəçarpan yaxşılaşmanın baş verməməsi ilə  əlaqədardır. 2019-cu ilin yanvar-aprel ayları sərmayə qoyuluşları 2018-сi ilin yanvar-aprel aylarına nisbətən 8 faiz aşağı düşüb. 

- Ümumiyyətlə, aparılan islahatlar iqtisadiyyatın inkişafına nə dərəcədə təsir göstərir? 

- Doğrudur, ölkə iqtisadiyyatında yaranmış vəziyyətin hazırkı reallıqları şəraitində neftdən asılılığı qısa zaman ərzində  azaltmaq mümkün olmayacaq. Bununla belə iqtisadiyyatımızı dünya neft bazarının konyukturundan asılı vəziyyətdə saxlayan neft amilinin təsirinin güclənməsinə də imkan vermək olmaz, neft amilinin rolunu mütləq azaltmaq lazımdır. İqtisadiyyatımızın, büdcəmizin neftdən asılılığının azaldılmasına nail olmaqdan ötrü əlavə tədbirlər görülməlidir. Son illər qeyri-neft sektorunun inkişafı istiqamətində xeyli iş görülüb, xüsusən də sənaye parkları,aqroparklar və sairin yaradılması istiqamətində görülən işlər daha müsbət yüklüdür. Bununla belə qeyri-neft sektorunun inkişafı ölkmizin potensial imkanlarından xeyli geri qalır. Bu sahə hələ də xeyli dərəcədə dayanıqsız və rəqabətə davamsız vəziyyətdədir. Eyni zamanda son illər qeyri-neft sektorunda ixracın həcmində müəyyən artımlar baş versə də, biz hələ ki, bu sahədə 2015-ci ilin şok devalvasiyalarından əvvəlki  səviyyəya gəlib çata bilməmişik. 2018-ci ildə qeyri-neft sektorundan ixracımız cəmi 1,7 milyard dolların  altında olub ki, bu da ölkəmizin unikal potensialı fonunda həddən artıq kiçik bir rəqəmdir. Yəni hər şeyi öz adı ilə adlandırsaq, bu, inkişaf etmiş ölkələrin 2-3 orta ölçülü şirkətinin eksportu qədərdir. Qeyri-neft sektorunun eksportu ümumi ixracımızın cəmi 8 faizi ətrafındadır. Bu simvolik xarakterli rəqəm açıq-aşkar diqtə edir ki, ölkədə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində islahatlar sürətləndirilməli və dərinləşdirilməlidir.

Ona görə də neft bumu dövründən qalma eyforiyanı  bir kənara qoyub, Azərbaycan iqtisadiyyatının 1,4 - 2 faizlik artım trayektoriyasından öz potensialına layiq yüksək artım trayektoriyasına  keçməsi üçün zəruri olan islahatlar və tədbirlər sürətləndirilməli  və sistemli şəkildə həyata keçirməlidir. Real vəziyyət  tələb edir ki, bundan ötrü islahatları genişləndirib-dərinləşdirməklə bir-biri ilə daxili məntiqi əlaqəsi olan 3 problemin optimal həllinə nail olmaq lazımdır: Birincisi, iqtisadi artımın sürətləndirilməsinə və keyfiyyətinin yüksəldilməsinə; ikincisi, sərmayə qoyuluşlarının səmərəliliyinin  artırılmasına; üçüncüsü, əhalinin güzəranının yaxşılaşmasına mane olan və daha çox narazılıq yaradan amillərin aradan qaldırılması.

- İqtisadi artımın sürətləndirilməsi və keyfiyyətinin yüksəldilməsi üçün hansı işlər görülməlidir?

- İqtisadi artımın sürətləndirilməsinə və keyfiyyətinin yüksəldilməsinə mane olan amillərin aradan qaldırılmasına yönəlik islahatlar daha da artırılmalıdır. Azərbaycan əhalisi hər il 1,2- 1,3 faiz artır və orta perspektivdə həmin tempin davam edəcəyi gözlənilir. Əhali artımının bu səviyyədə müsbət dinamikası şəraitində iqtisadi artım templərimiz 2018-ci ildəki kimi 1,4 faiz və ya bu ilin 4 ayı ərzində  özünü göstərdiyi 2 faiz yox, 6-7 faiz olmalıdır ki, əhalinin güzəranının yaxşılaşdırılmasının iqtisadi bazası yaransın. Bundan ötrü çox iş tələb olunur. İslahatlar  inhisarçılığın forma dəyişikliyi ilə müşayət olunaraq inhisarın daha da gücləndirilməsinə yox, inhisarçılığın zəiflədilməsinə və aradan qaldırılmasına, azad rəqabətin, azad sahibkarlığın  inkişafına  yönəldilməlidir. Bundan ötrü, hər şeydən əvvəl, həyata keçirilən islahatlar kadr islahatları ilə tamamlanmalıdır. İnkişafımızi, tərəqqimizi  ləngidən məmur sahibkarlığı və onun törəməsi olan inhisarçılıq, korrupsiya, məmur özbaşınalıqları, kölgə iqtisadiyyatının aradan qaldırılmasına yönəlik sistemli tədbirlərin həyat keçirilməsini zəruri hesab edirik. Korrupsiyaya və digər bu kimi neqativlərə qarşı mübarizənin ən effektli üsulu kimi iqtisadiyyatın rəqamsallaşdırılmasının genişləndirilməsi və bu əsasda məmurla vətəndaş arasında məsafə yaradılmasını zəruri hesb edirik.

- Sərmayə qoyuluşlarının səmərəliliyinin  artırılmasına mane olan amillərin aradan qaldırılması ilə bağlı hansı təklifləriniz var?

- Təhlillər göstərir ki, harada işlər yaxşı təşkil edilib və qoyulan səmayələr öz təyinatına görə səmərəli istifadə edilirsə, orada  artım tempi yüksəkdir. Bunu əsaslandırmaq üçün heç uzağa getmək lazım deyil. Ötən il Azərbaycanda qeyri neft sənayesinə qoyulan sərmayə 23 faiz artıb, 9 faizdən yüksək artıma səbəb olub. Qeyri neft sektoruna qoyulan sərmayə 22 faiz artıb, amma cəmi 1,8 faiz, yəni 842 milyon manatlıq artım olub. 2018-ci ildə qeyri-neft sənayesində artım qeyri-neft sahəsi üzrə artım tempini 5  dəfə üstələyir. 11 milyardlıq sərmayə qoyuluşu müqabilində cəmi 842 milyon manatlıq artım  ölkədə islahatların belə məsuliyyətli bir dövründə investisiya siyasənində məsuliyyətsizliyin hələ də davam etdiyini göstərir. Bu misal açıqca göstərir ki, hökumət öz fəaliyyətində və hesabatlarında kəmiyyətdən keyfiyyətə keçməlidir. Sərmayə qoyuluşunun strukturu əsaslı surətdə  dəyişdirilməli, əsas diqqət ənənəvi surətdə korrupsiyanın yeminə çevrilən sahələr-  təmir–tikinti sahəsinə yox, innavativ inkişafa dəstək verilməsinə və xalqın güzəranının yaxşılaşdırılması  işinin sürətləndirilməsinə yönəldilməlidir. Qeyri-neft sektorunda rəqabət qabiliyyətli məhsul istehsalı sahələrinin genişlndirilməsinə və bir də islahatlar aparmaqla gələcəyə, yəni təhsilə, elmə real dəstəyi gücləndirmək, sərmayə qoyuluşunu artırmaq lazımdır. Çünki dünyanın gedişi göstərir ki, bundan sonra əldə edəcəyimiz ən yüksək nəticələr daha çox elmin, təhsilin, innovasiyaların inkişaf səviyyəsindən asılı olacaq.

- Son 15 ildə Azərbaycan iqtisadiyyatına 260 milyard dollar sərmayə qoyulub. 100 mindən çox müəssisə yaradılıb. Bərabər bölgü prinsipi ilə yanaşsaq, bu, hər rayonda 1500-dən artıq müəssisənin yaradılması deməkdir. Həmin müəssisələr hardadır, nə ilə məşğuldur və ya nə istehsal edirlər?

- Həmin 100 mindən çox müəssisənin cəmi 1 faizini- 1000-ni eksport yönlü qura bilsəydik və çox demirəm, hərəsi ildə cəmi 5 milyon dollarlıq məhsul ixrac etsəydi, indi qeyri-neft sektorunun ixracı 1,7 milyard dollar yox, 7 milyard dolar olardı ki. Bu da bir mənbədən valyuta daxilolması probleminin fəsadlarını  köklü surətdə aradan qaldırmaqla yanaşı, həm də manatı həmişəlik dünya bazarınında neftin qiymət konyukturundan asılılığından xilas edərdi. Ona görə də, idxalı əvəz edən və eksport yönlü normal fəaliyyət göstərə bilən müəssisələrin yaradılması işlərinin sürətləndirilməsini,əlavə stimullaşdırıcı tədbirlərin görülməsini və bu sahədəki maneələrin aradan qaldırılmasını zəruri hesab edirik.

ARDI VAR...

Firuzə Vahid / Redaktor.az