Əməkhaqqı, pensiya və digər ödənişlərdə olan artım yetərli deyil: Azərbaycanı geri salan...

 12:12 04.06.2019     1622

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimlinin Redaktor.az-a müsahibəsinin ikinci hissəsini təqdim edirik:

Əvvəli burada

- Ölkədə həyata keçirilən islahatlar paytaxtla regionlar arasında mövcud olan kəskin inkişaf dinamikasının aradan qaldırılmasına gətirib çıxaracaqmı?

- Regionlarda xeyli iş görülsə də,oradakı vəziyyət bir çox məqamlarına görə, heç də qələmə verildiyi kimi deyil. Bir sıra sahələrdə vəziyyət hələ də pisdir. Əhalinin regionlarda qalıb çalışmasını və iqtisadi inkişafa töhfə verməsini təmin etməkdən ötrü, regionlarda məşğulluq məsələsinə yeni tələblər baxımından təzədən baxılmalıdır. 200-250 manatlıq, yəni işçinin iş yerində yalnız aylıq günorta yeməyinə çatan aşağı məbləğli iş yerlərindənsə, 600 manat və ya daha çox əməkhaqqı olan iş yerlərinin genişləndirilməsinə ehtiyac var. Həm də yerlərdə həqiqətən iş yerləri açmağa nail olan yerli icra hakimiyyətləri ilə kağız üzərində iş yeri açıb, həm xalqı, həm də rəhbərliyi aldadan saxtakar yerli icra hakimiyyətlərini fərqləndirmək və adekvat ölçülər görülməyin zamanı çatıb. Yerlərdəki narazılıqları azaltmaqdan ötrü digər şərtlərlə yanaşı, həm də belə meqativ hallar mütləq nəzərə alınmalı və yığışdırılmalıdır.

Yeri gəlmişkən, regionlarda daha çox ehtiyac olan sahələr üzrə tikintinin genişləndirilməsi, yeni yüngül və yeyinti sənayesi sahələrinin yaradılması ilə yanaşı, yaxın zamanlarda  Azərbaycanda həm yerli tələbata, həm də ixraca hesablanmış müasir tələblərə tam cavab verən 4-5 maşınqayırma müəssisəsinin də  yaradılmasını məqsədəuyğun hesab edirik. Bunun mültiplikativ effekti qeyri-neft sektoruna  xarici sərmayənin gəlişinin sürətləndirilməsinə, 30-dan artıq iri, yüzlərlə orta və minlərlə kiçik müəssisənin yaradılmasına aparacaq ki, bu da  ölkəyə qabaqcıl texnologiyanın axınını gücləndirəcək, modern istehsal mədəniyyətinin tətbiq dairəsini əhəmiyyətli dərəcədə genişləndirəcək, iqtisadi artıma güclü təkan verəcək və yüz minlərlə yüksək maaşlı iş yerlərinin açılmasına, qiymətli ixtisaslı kadrların yaranmasına, orta təbəqənin sayının genişlənməsinə  gətirib çxaracaq.

- Əhalinin güzəranının yaxşılaşmasına mane olan və daha çox narazılıq yaradan amillərin aradan qaldırılmasını sürətləndirməyin vacibliyindən bəhs etdiniz. Perespektivdə nə görürsünüz?

- Bunun üçün bir tərəfdən iqtisadi inkişaf sürtləndirilməli, digər tərəfdən isə əhalinin bütün təbəqələrinin iqtisadi inkişafdan faydalanması əlçatan olmalı, əldə edilən gəlirlərin bölgüsündəki ədalətsizliklər aradan qaldırılmalıdır. Dövlət qurumlarının zəif  fəaliyyəti ucbatından yığılıb qalan, həll olunmamış sosial problemlərin həllini sürətləndirilməsinə adekvat tədbirlər görülməlidir. Bu baxımdan, həyata keçirilən Sosial Paketi yüksək qiymətləndirir və davamlı olmasını faydalı sayıram.

- Bütün islahatlardan sonra, pensiya və əməkhaqlarının normal həyat səviyyəsini təmin edəcəyini gözləmək olarmı?

- Son vaxtlar əməkhaqqı, pensiya və digər ödənişlərin artırılması istiqamətində atılan addımlar müsbət olsa da, yetərli deyil. Bizdə orta əmək haqqı 600 manatın altındadır ki, bu da 350 dollar olmaqla  beynəlxalq müqayisələrdə Azərbaycanı öz potensialından xeyli geridə göstərir. Həm də ölkədə 250-300 manat maaş alanlar orta əməkhaqqı səviyyəsində, yəni 600 manat və ondan yuxarı maaş alanlardan çoxdur. Bizim əməkhaqqı, pensiya və digər ödənişlərin səviyyəsinə görə MDB məkanında hələlik Rusiya istisna olmaqla, digər ölkələrdən irəli çıxamağa potensialımız var. Əməkhaqqı, pensiya və müavinətlər normal yaşam üçün  yetərli səviyyəyə qaldırılmalıdır. Həm də bu sahədəki ikili mühasibat (son vaxtlar  xeyli azalsa da, hər halda davam edir) da aradan qaldırılmalıdır ki, hər kəsin realda aldığı maaş aşkar olsun. Kreditlərə əlçatanlığın təmin edilməsi, ipoteka və sosial evlərin şərtlərinin yumşaldılması və aztəminatlıların və orta təbəqənin də mənzil alma imkanlarının genişləndirilməsi, uşaqların sağlam və xoşbəxt böyüməsi üçün aztəminatlı ailələrə dövlət dəstəyinin gücləndirilməsi və sair bu kimi problemlərin həllinin sürətləndirilməsi zəruridir.

- Maliyyə Bazarlarına Nəzarət Palatası Prezidentin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrasının uğurla başa çatdırıldığını açıqlayıb. Bu, bank sisteminin inkişafına necə təsir edəcək?

- Problemli kreditlər məsələsinin həlli istiqamətində həyata keçirilən işlər banklarda xeyli ucuz kredit resurslarının yaranmasına şərait yaradır. Bundan məqsədyönlü şəkildə istifadə etməklə iqtisadiyyatın qan-damar sistemi olan banklara inamı artırmaq olar. Xarici bankları da cəlb etməklə fəaliyyəti sağlamlaşdırılmalı, yenidən qurulmalı, bu sahədə raqabət mühitini yaratmalı və faiz dərəcələrini 26-28 faizlik soyğunçu dərəcədən birrəqəmli faiz dərəcələrinə yönəldərək, sivil bank sisteminə keçidi sürətləndirmək lazımdır. Eyni zamanda əhalinin fəaliyyətini dayandıran banklardakı əmanətlərininin maneəsiz qaytarılması işi təmin edilməlidir.

Ailələr öz gəlirlərinin xeyli hissəsini tələbə övladlarının təhsil və  kirayə haqqına sərf edirlər. Ona görə də, bu sahədəki zəruri ehtiyacları nəzərə almaqla, təhsil kreditlərinin dairəsinin genişləndirilməsi və aztəminatlı təbəqəni əhatə etməsini, eləcə də yeni tələbə yataqxanalarının tikilməsini zəruri sayıram.

- Məhkəmə hüquq sahəsindəki islahatların həyata keçirilməsini nəzərdə tutan Fərman islahatlara hansı formada təsir edib?

- İnkişafımızdakı ləngimələrin qarşısını almaq və əhalinin narazılıqlarını azaltmaqdan ötrü, məhkəmə-hüquq sahəsində başlanılan islahatların da genişləndirilməsini, elektron məhkəmə sahəsində atılan addımların sürətləndirilməsini, eləcə də  müstəqil məhkəmə institutunun formalaşdırılması, möhkəmləndirilməsi, qanunun aliliyinin təmin edilməsi ilə mülkiyyət hüquqlarının qorunmasının etibarlılığının artırılmasını vacib şərt hesab edirəm. Bu təkliflərin sistemli şəkildə həyata keçirilməsi iqtisadiyyatın real, maliyyə və sosial sektorlarında islahatların dərinləşdirilməsinə, idarəetmənin səmərəliliyinin artmasına, sahibkarlığın inkişafına, neftdənkənar sahələrdən gələn gəlirlərin artmasına və əhalinin güzəranının yaxşılaşmasına müsbət təsir edə bilər.

- İslahatların həyata keçirilməsinin tam təmin edilməsi üçün daha hansı işlərin görülməsinə ehtiyac var?

- Müasir dövrdə iqtisadi artımın generatoruna çevrilən insan kapitalının keyfiyyəti və inkişafı üzrə zəif mövqedən güclü mövqeyə keçid təmin edilməlidir. İnsan kapitalını inkişaf etdirmək, keyfiyyətini yüksəltməkdən ötrü islahatları dərinləşdirməliyik. Köklü islahatlar yolu ilə idarəetmə sisteminin fəaliyyətinin səmərəliliyi artırılmalı, şəffaflıq və güclü nəzarət sistemi formalaşdırılmalıdır ki, bir sıra  dövlət qurumlarına yeni təyin edilmiş texnokratlar daha təkmil idarəçiliyin zəmanətçiləri kimi fəaliyyət göstərə bilsinlər.

Firuzə Vahid / REDAKTOR.AZ