Qarsın HDP-li bələdiyyə başqanının ERMƏNİ SEVGİSİ - Azərbaycan biganə yanaşsa, nəticələr ağır olacaq...

 14:18 12.06.2019     4033

QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy Türkiyənin Qars, İğdır, Van bölgələrində ermənilərə göstərilən qonaqpərvərliklə bağlı Redaktor.az-a müsahibə verib:

- Türkiyənin Qars şəhərinin bələdiyyə sədri HDP-çi, kürd əsilli Ayxan Bilgənin Türkiyəyə qarşı saxta soyqırım ittihamı ilə çıxış edən Ermənistana xoş münasibəti nə ilə əlaqəlidir?

- Son dövrlərdə Türkiyədə Qars bələdiyyəsinin ermənilərə qarşı müsbət mənada aktivləşməsi müşahidə edilir. Bələdiyyə sədri hadisələrin mərkəzindədir. Qars bələdiyyəsinin bu addımı əslində sürpriz deyil. Bu, HDP-nin erməni soyqırımına, Ermənistanla münasibətlərinə olan baxışları ilə əlaqəlidir. Çünki Türkiyədə qondarma erməni məsələsinə fərqli baxan, Türkiyənin və Azərbaycanın maraqlarına zidd fikirləri olan tək partiya HDP-dir. HDP Türkiyədə ermənilərin qondarma soyqırımı ilə bağlı ümumi yanaşmanı qəbul etmir. Ümumiyyətlə, HDP-nin Ermənistana yanaşması da Türkiyənin ənənəvi, Azərbaycanın milli maraqlarına uyğun yanaşmasından çox fərqlənir. Yəni bu konteksdən baxanda, Qars bələdiyyə sədri Ayxan Bilgənin Ermənistanla münasibətləri yumşaltmaq istiqamətindəki addımları HDP-nin ümumi siyasi xətti və kursu ilə üst-üstə düşür. Onlar daha çox ermənipərəst mövqe sərgiləyirlər.

İkincisi, zaman-zaman HDP nümayəndələri arasında erməni əsillilərin olması gündəmə gətirilirdi. Bu da proseslərin bu yöndə inkişafına təsir göstərir. Üçüncüsü, HDP Türkiyədə özünü daha çox ziyangörmüş və məzlumların “hamisi” kimi göstərməyə çalışır. Bu məzlumlar kateqoriyasına, həm özünün təmsil etmək iddiasında olduğu kürd əsilli əhali, eyni zamanda erməni azlıqlar da daxildir.

- Türkiyədə Azərbaycana qarşı gedən bu proseslərin qarşısını necə almaq olar?

- HDP-nin ümumi yanaşması, bu yanaşmanın bələdiyyə sədri vasitəsi ilə Qarsda həyata keçirilməyə çalışılması və bu konteksdə Qarsdakı bəzi qüvvələrin ənənəvi olaraq, Ermənistanla münasibətlərdə fəallıq göstərməsi prosesi müşahidə edilir. Qarşıdakı günlərdə İğdırda da bu kimi fəaliyyətlərin olacağını istisna etmirəm. Qarsın bələdiyyə sədri HDP-dən olduğuna görə, Qars bələdiyyəsi üzərindən partiyanın yanaşması bələdiyyənin idarəetməsinə, ümumi kursuna da yansıyacaq. Qars bələdiyyəsinin Ermənistanla münasibətləri yaxşılaşdırmağa yönəlik fəaliyyətləri əslində yeni deyil. 2000-ci illərdə də Naim Əlibəyoğlu bu məsələləri gündəmə gətirirdi. N.Əlibəyoğlu Qarsın iqtisadi inkişafı üçün xarici əlaqələrin inkişaf etdirilməsinin vacibliyini əsas gətirərək Ermənistanla sərhədlərin açılmasına çalışırdı. Bu gün Ermənistanın özündə iqtisadi problemlər var və onun Qarsın iqtisadi inkişafına kömək edəcək potensialı yoxdur. İkincisi, Qarsa Azərbaycan ciddi investisiyalar yatırıb. Reallıqdan çıxış etsək, bu gün Qarsın inkişafı üçün ən əhəmiyyətli layihələr məhz Azərbaycana məxsusdur. Digər tərəfdən Qarsın aid olduğu coğrafiyanın inkişaf etdirilməsində Azərbaycanın əhəmiyyətli rolu var. Təsadüfi deyil ki, Azərbaycanın müəllifi olduğu enerji və regional layihələrin böyük hissəsi Qarsın da aid olduğu Anadolu bölgəsindən keçir. Ayxan Bilgə və onun kimilərin bu addımı əslində bu ərazidəki insanların iqtisadi maraqlarına da uyğun deyil. Çünki bu, Türkiyədə ən böyük investor olan Azərbaycanın buradan uzaqlaşmasına səbəb ola bilər. Digər tərəfdən Qarsın, İğdırın bələdiyyə sədrlərinin, HDP-nin terrorla əlaqələri cəmiyyətə məlumdur. Qarşidakı illərdə bu fəaliyyətlərin nəticəsi kimi HDP-nin terrorla əlaqəsi sübuta yetirilərsə, bələdiyyə sədrlərinin bu konteksdə vəzifələrindən uzaqlaşdırılması prosesi də baş verə bilər. Bənzər proseslər Türkiyədə daha əvvəllər də yaşanıb.

- Bir neçə gün əvvəl tarixdə ilk dəfə Ermənistanda İrəvandan Vana çarter təyyarə reysi yollanıb. Bu reysin sərnişinləri mayın 30-da Ermənistanda keçirilən “ümumerməni” oyunlarının iştirakçısı olan xarici və yerli ermənilər olub. Bütün baş verənlər Türkiyənin xarici siyasətinə zidd addımlardır. Bəs niyə Türkiyə dövləti baş verənlərə etiraz etmir?

- Van məsələsi də Qars, İğdırda gedən proseslərin davamıdır. Həmin məsələlərlə bağlı dediklərim bu məsələ üçün də keçərlidir. Bütün bunlar, xüsusilə də HDP-yə yaxınlığı ilə seçilən iş adamlarının, regionda Ermənistanla münasibətləri inkişaf etdirmək istiqamətində səyləri kimi qiymətləndirilməlidir. Bunun Türkiyənin dövlət siyasətinin bir parçası olduğunu düşünmürəm.

Bu proseslərə maraqlı xətlərin etirazına ehtiyac var. Siyasi qüvvələrin etiraz etməsi üçün onlara bu narazılıqları çatdıracaq ictimai rəy olmalıdır. Burada ictimai rəyi azərbaycanlılar formalaşdırmalıdır. Digər tərəfdən bu məsələlərin gündəmdən kənar qalmasının, etirazlara səbəb olmamasının digər bir səbəbi, hazırda Türkiyədə gedən siyasi proseslərdir. Türkiyədə bütün siyasi gündəm iki məsələyə diqqəti yönəldib. Birincisi, İstanbulda keçiriləcək bələdiyyə seçkiləri, ikincisi, “F-35”, “S-400” böhranı.

- Türkiyədə yaşayan azərbaycanlılar bu məsələnin aradan qaldırılması üçün hansı işləri görməlidir?

- Modern dönəmdə siyasət tələb-təklif üzərinə qurulub. Yəni cəmiyyətin tələbi yoxdursa, ona reaksiya da olmur. Tələblər ortaya qoyulmalıdır ki, ona reaksiyalar da olsun. Türkiyədəki Azərbaycan diasporu, bu işdə həssas olan azərbaycanlılar Türkiyədə bu məsələnin gündəmə gətirilməsinə nail olmalıdırlar. Qarsda, İğdırda, Vanda baş verənlər rəsmi Ankara səviyyəsində gündəmə gətirilməlidir ki, siyasilər bu məsələyə həssas yanaşsınlar.

- Baş verənlər Türkiyə-Azərbaycan münasibətlərinə necə təsir edəcək?

- Türkiyədəki və xaricdəki erməni diasporunun nümayəndələri Azərbaycanla Türkiyə arasındakı münasibətləri pozmaq, eyni zamanda, Ermənistanı düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün sərhədlərin açılmasına çalışırlar. Qars onlar üçün müəyyən mənada uyğun hədəf kimi görünür. Bu məsələyə xüsusi həssaslıq göstərilməlidir. Həm Azərbaycan, həm də Türkiyədəki diasporumuz yerli xalqla daha aktiv işləməlidir. Çünki bu məsələyə reaksiyalar ardıcıl olmalıdır. Xüsusilə seçki dönəmində Qars, İğdır, ümumiyyətlə, o coğrafiyada yaşayan azərbaycanlılara kifayət qədər diqqət göstərilmədi. Yəni, hadisələrin bu istiqamətə gedəcəyi bəlli idi. Bu məsələ Türkiyə-Azərbaycan münasibətlərində narahatedici məqam kimi nəzarətdə saxlanılmalıdır.

Firuzə Vahid / REDAKTOR.AZ