Kibariyə niyə Mehmet Ali Erbili ziyarət etmədi? - Eksklüziv MÜSAHİBƏ

 18:00 13.06.2019     4469

Bakıya gələn Türkiyənin məşhur sənətçisi Kibariyə Redaktor.az-a eksklüziv müsahibə verib. 

- Xoş gəlmisiniz. Artıq neçənci dəfədir ki, ölkəmizə təşrif buyurursunuz...

- Buranın qızı olmuşam artıq. Ölkəniz gözəl, insanlarınız qonaqpərvər, yeməkləriniz dadlıdır. Şəkər xəstəsi olduğuma görə, çox şirniyyat yeyə bilmədim, gözüm paxlavada qaldı. Burada heç vaxt darıxmamışam. Səfərlərim ilə əlaqədar çox ölkələrə gedirəm, amma bəyənmirəm. İşimi tez yekunlaşdırıb, qaçmaq istəyirəm oradan. Amma Azərbaycan elə deyil. Pul istəmirəm, səmimiyyət, insanlıq keyfiyyətlərinə önəm verirəm. Özüm belə olduğuma görə, qarşımdakıların da eyni münasibəti göstərməsini istəyirəm. Hər gəlişimdə hədiyyələrlə qayıdıram.

- Hansı azərbaycanlı müğənnilərlə əlaqəniz var?

Xumar Qədimova ilə çoxdan dostluq əlaqəmiz var. Onunla İstanbulda duet ifa etdik. Bir də Zenfira İbrahimova ilə tanışam. Gözəl insan, mükəmməl qadındır. Sabah Nüşabə Ələsgərli ilə də tanış olacam. Mütləq görməliyəm onu, çünki ad-sanını çox eşitmişəm. Azəri qızı Güneli tanıyıram. Əlimdə böyüyüb, yaxşı qızdır, ailəlikcə görüşürük. Başqa heç kimi tanımıram.

- Bakıdan ev almaq istəyərsiniz?

- Çox istəyirəm. Burada dost-tanışım çoxdur.

- Məşhur sənətçilərlə birgə mahnılar ifa etmisiniz. Növbəti duet ortağınız kim olacaq?

- Tarkan, Sertap Erener, Şəbnəm Fərah, Sezen Aksu ilə duet oxumuşam. Hazırda Buyuka ilə duetimizin hazırlıqları gedir. Mənimlə duet oxumaq arzusunda olanlar çoxdur. Mən isə gözəllik deyil, yaxşı oxuyan axtarıram. Nəticə super olmalıdır. Kibariyənin yanında olmaq istəyən hər kəsə qapım sonsuza qədər açıqdır.

- Qızınız necədir?

- Qızım sevdiyi ilə ailə həyatı qurdu. 14 yaşından bir-birilərini sevirdilər. İstədiyi ilə evləndiyi üçün ürəyim rahatdır. Yanıma gəlib-gedir, amma onsuz çox darıxıram.

- Qaynanalıq edirsiniz?

- Heç vaxt. Heç kimə də, məsləhət görmürəm. Bəziləri çox pis olur. Ehtiyac yoxdur. Övladını necə sevirsənsə, ona da sahib çıxıb, qayğı ilə yanaşmalısan. Kürəkənim məni çox sevir. Hər yerdə “O mənim anamdır” deyir. Xoşbəxtdirlər.

- İbrahim Tatlıses ilə görüşürsünüz?

O, mənim böyük qan qardaşımdır. 30-35 ildir tanışlığımız var. İzmirdə restoranı var. Acanda ora gedirəm. Türkiyədə ondan üstün səs tanımıram. İbrahim təkdir. Öskürsə belə, səsi gözəldir. Baxmayın onun sərt görünüşlü olub, qışqırmasına, ürəyi təmizdir.

- Mehmet Ali Erbilin yanına xəstəxanaya getdiniz?

- Yanına gedə bilmədim. İşlərim çox idi. Bəhanə deyil. Onun üçün darıxıram. Aktyor sənətində yaxşıları var, amma gözümüz ona öyrəşib. İşini bilir. Heç nə etməsə, yerində dursa belə, yenə də gülərəm.

- Sabahkı konsertinizdə sevənlərinizi hansı sürprizlər gözləyir?

- Mən onları ancaq səsimlə cəlb edə bilərəm. İnsanlar məni səmimi, mahnı oxuyan qadın kimi tanıyırlar. Sevilib, sevirəm.

Sonda Redaktor.az saytının oxucuları üçün sənətçi canlı ifa da etdi.

Daha ətraflı videoda:

Qeyd edək ki, Kibariyə sabah axşam saat 8-də “Grand Neon” restoranında konsert proqramı ilə çıxış edəcək. Gecənin təşkilatçıları Kemal Aslan musiqi şirkəti və menecer-təşkilatçı Vəfa Vaqifqızıdır.

Sevda Bayramova / REDAKTOR.AZ