"H. Hacıyevin Vaşinqton səfəri təsadüf deyildi..." - Rəsmi Bakının məqsədi nə idi?

 13:25 14.06.2019     4218

Beynəlxalq hüquq və münasibətlər üzrə ekspert Yeganə Hacıyevanın Redaktor.az-a müsahibəsini təqdim edirik:

- ABŞ-ın Azərbaycana qarşı son vaxtlar artan marağı nə ilə əlaqəlidir?

- Azərbaycan ABŞ-ın vacib strateji-iqtisadi tərəfdaşı, qlobal enerji təhlükəsizliyində və Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı kimi Avropanın enerji təhlükəsizliyində və qitələrarası transmilli enerji nəqli marşrutlarında ABŞ-la eyni mövqedən çıxış edir. Azərbaycanın xarici və təhlükəsizlik siyasətinin vacib istiqamətlərindən biri kimi NATO ilə Sülh naminə Tərəfdaşlıq proqramı çərçivəsində əməkdaşlıq ölkəmizin Avro-Atlantika məkanda və onun hüdudlarından kənarda təhlükəsizlik, sabitlik və tərəqqiyə töhfə vermək vasitəsidir. Rəsmi Bakı ABŞ-ın Əfqanıstandakı missiyası və Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri üçün döyüş təyinatı olmayan yüklərin daşınmasında Azərbaycan hava məkanından istifadəyə icazə verir. NATO-nun Əfqanıstandakı missiyası üçün nəzərdə tutulan  yüklərin daşınması, Şimal paylaşdırma şəbəkəsinin cənub marşrutu üzrə yüklərin 40 faizini Azərbaycanın hava məkanı və aeroportlarından istifadə etməklə həyata keçirilir.

- Sizcə, bu əməkdaşlıq bundan sonra necə inkişaf etdiriləcək?

- ABŞ Azərbaycanla  günümüzün mürəkkəb regional çağırışlarının həlli üçün birgə işləyərək daha sıx tərəfdaşlıq arzusundadır. Təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində əməkdaşlıq, Cənub Qaz Dəhlizi üzrə Avropanın zəruri enerji təhlükəsizliyində alternativ enerji təminatını əldə etməsini uğurlu əməkdaşlığın nailiyyətlərndəndir.

ABŞ-ın kəskinləşən İran və Rusiya münasibətləri fonunda, bu iki ölkənin sərhədlərində yerləşən mühüm partnyor ölkəsi, Türkiyə və İsraillə xüsusi münasibətləri olan Azərbaycanla  münasibətlərində, regional və qlobal yanaşmada narahatedici fikir ayrılığı mövcud deyil. Azərbaycan həmçinin Avropa ilə Asiya və Yaxın Şərq regionu arasında mühüm nəqliyyat dəhlizi olan Xəzər dənizinin sağ və sol sahilləri, Uzaq Şərq,  Çinlə Avropa bazarlarını birləşdirən İpək yolu və Dəniz İpək Yolu zolağının strateji bəndidir. Xəzəryanı region olaraq Cənubi Qafqazın  strateji ölkəsi kimi, istərsə də dənizdən hasil olunan və ya dənizdən keçən cənub və şərqi enerji nəqliyyat xətlərinin çəkilməsində təşəbbüsçü və iştirakçı ölkə kimi, Azərbaycan  qitələrarası transmilli enerji nəqli marşrutlarında strateji bənddir. İran və Türkmənistan öz enerji ehtiyatlarını Avropa bazarlarına  məhz Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu nəqliyyat xətlərindən istifadə ilə daşınması faktı ilə üz-üzədir.

Hikmət Haciyevin ABŞ-ın əsas beyin mərkəzi olan Atlantik Konsulda çıxışı nəyə hədəflənib?

- Yuxarıda qeyd etdiyim qitələrarası transmilli enerji nəqli marşrutlarında strateji bənd olan Cənubi Qafqazda sülh, stabillik və təhlükəsizliyin bərqərar olması üçün region ölkələrinə münasibətdə, beynəlxalq hüququn norma və prinsipləri, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət kimi baza  prinsiplər təmin olunmalı və bu prinsiplərə əməl edilməlidir.

Regionda beynəlxalq hüququn norma və prinsiplərinin təmin olunması dövlətlərin iqtisadi, diplomatik və təhlükəsizlik sferalarında mövcud münasibətlərin inkişaf etməsi  və güclənməsinə xidmət edəcək bir addım olacaq.

- Rəsmi Bakı H. Hacıyev vasitəsilə ABŞ-a nə çatdırmaq istəyir?

- Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Haciyevin ABŞ-ın təhlükəsizilik üzrə  beyin mərkəzi-  Atlantik Konsulda çıxışı, Azərbaycanın  regiondakı güclər arasında balanslı, milli maraqlarına uyğun müəyyənləşdirdiyi və həyata keçirdiyi  müstəqil və çoxvektorlu xarici siyasət haqqında idi və çıxışın ana xəttini Dağlıq Qarabağ probleminin həllinin tezləşdirilməsi  və bunun Cənibi Qafqaz regionu üçün açacağı perspektivlər haqqında idi.

Bu yanaşmanı tamamilə H. Haciyevin Vaşinqton səfərinə şamil edə bilərik. İştirakçısı olduğumuz istənilən bütün qlobal və regional layihələrin hamısında əsas şərt, pozulmuş beynəlxalq hüquq və normaların bərpası, ərazi bütövlüyünün təmin olunması tələbidir.

- Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş iyunun 20-də Vaşinqton şəhərində keçiriləcək. Sizcə, Hacıyevin bu görüşdən əvvəl Vaşinqtonda olması təsadüfdürmü?

- Əlbəttə ki, xeyr. Ümumiyyətlə, bir məqamı qeyd etmək istəyirəm ki, Hikmət Hacıyev Cənubi Qafqaz təhlükəsizlik və enerji məsələləri üzrə məlumatlı ekspert kimi də dəyərli fikirlərə malikdir. Həmçinin o, XİN-in sözçüsü kimi çalışdığı dövrdə də fikirləri istər beyin mərkəzləri, istər həmsədr ölkələr, istərsə də Cənubi Qafqazda konfliktlərin nizamlanmasında marağı olan qüvvələr tərəfindən əsas götürülürdü. H. Hacıyevin Vaşinqton səfəri Azərbaycanın mövqeyinin təqdim olunması və ümumi prosesin bizim baxışlarımıza əsasən getməsinə hesablanıb. Onun Vaşinqton səfəri və Atlantik Konsuldakı çıxışı, səfər çərçivəsində keçirdiyi görüşlərin cəmiyyətə təqdim olunan hissəsidir. Bağlı qapılar arxasında keçirilən görüşlərdə aparılan müzakirələrin bir hissəsinin cəmiyyətə təqdim olunması üçün Atlantik Konsulda Hacıyevin çıxışı sadəcə hesabat tipli çıxış kimi dəyərləndirilməlidir. Yəni, H. Hacıyevin Vaşinqton səfəri və burada keçirdiyi görüşlər birmənalı olaraq, təsadüfi deyil. Görüşlər, ümumi proseslərin Azərbaycanın baxışına adaptasiya olunması üçündür.

- Bağlı qapılar arxasında aparılan müzakirələr Azərbaycan və Ermənistan XİN rəhbərlərinin keçirəcəyi görüşə necə təsir edəcək?

- Cənubi Qafqaz regionu ətrafında və dünyada gedən proseslər göstərdi ki, artıq konfliktlərin dəstəklənməsi ilə regionlara nəzarət siyasəti özünü doğrultmur. Faktiki olaraq, Cənubi Qafqazda qlobal güclərdən biri konfliktlər vasitəsi ilə regiona daimi nəzarətin təmin olunmasına çalışır. İstər Cənubi Qafqaz, istərsə də postsovet ölkələrində mövcud olan konfliktlər və daha öncə qeyd etdiyim kimi, bunların dəstəklənməsi ilə regionlara nəzarət siyasəti artıq effektiv deyil. Bu, artıq iqtisadi cəhətdən qeyri-səmərəli, siyasi cəhətdən isə problemlidir. Bir sözlə, konfliktlər və onların "saxlanılması” ağır yükdür. İndi mübarizə üsulları dəyişib. Bu üsullar dövrün tələblərinə, elm və texnikanın inkişaf dərəcəsinə uyğundur. Süni intellekt və yüksək texnologiyaların bu qədər inkşaf etdiyi, yüksək texnologiya vəsitələrinin, informasiyanın bu qədər asan əldə olunan və idarə edilən dövründə bir ölkəni işğal etmək üçün ora hərbi müdaxilə, qoşun yeritmək və s. üsullara ehtiyac yoxdur. İndi işğal  elektron, sosial media və s. kimi cəmiyyətlərdə fikir formalaşdırmaqda mühüm rol oynayan vasitələrlə həyata keçirilir. Əvvəlki kimi ənənəvi hərbi deyil, daha ucuz başa gələn hibrid üsullarla təsir edilir. Yəni, konfliktlər və mübarizə üsulları ölkələrin sərhədlərindən, cəmiyyətlərin içinə keçib. Ona görə də, Dağlıq Qarabağ konfliktinin həllində irəliləyişin olacağı kimi gözlənti var. Ümumi trend ondan ibarətdir ki, Cənubi Qafqazda marağı olan qlobal güclər bu coğrafiyada konfliktlərin həllində müəyyən ortaq anlaşma əldə etmək marağındadırlar. H. Hacıyevin Vaşinqton səfəri də, bu prosesdə Azərbaycanın mövqeyinin birbaşa Prezident Administrasiyasının məsul şəxsi səviyyəsində ifadə olunması üçün idi.

Firuzə Vahid / REDAKTOR.AZ