AŞPA-nın MİN OYUNU... - Eks nazir Azərbaycanın Rusiyanı dəstəkləməsinin səbəbini AÇIQLADI

 16:42 27.06.2019     1435

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovun Redaktor.az-a müsahibəsini təqdim edirik:

- Sizcə, Rusiyanın AŞPA-ya yenidən geri qaytarılması nəyə xidmət edir?

- Bu, müxtəlif sahələrdə Rusiya və Qərb arasında olan böhranın yeni bir mərhələsidir. Qərb hesab edir ki, bu və ya digər şəkildə AŞPA vasitəsilə Rusiyanın daxili və xarici siyasətinə təsir edə biləcək. Amma bəzi ölkələr Qərbin yeni siyasətini qəbul etmirlər. Səsvermədə də bu özünü biruzə verdi.

- Avropa Rusiya ilə bağlı Ukrayna siyasətini dəyişirmi?

- Biz başa düşməliyik ki, Qərb Rusiya ilə olan münaqişələri öz xeyrinə istifadə etmək istəyir. Yəni, Rusiyanı bu və ya digər konfliktlərə cəlb edərkən ona müdafiə, iqtisadi, hərbi, siyasi baxımdan problemlər yaradır. Bu, köhnə taktikadır. Təəssüflər olsun ki, Rusiya yürütdüyü siyasəti ilə də buna əsas verir. Amma bu siyasətin tez və ya gec Rusiya üçün mənfi nəticələri olacaq. Çünki yürüdülən siyasət Rusiyanın inkişafına yox, müxtəlif münaqişələrdə açıq və ya gizli iştirak edərkən öz imkanlarının tükədilməsinə xidmət edir. Bu baxımdan AŞPA-nın son addımı Qərb üçün Rusiya ilə münaqişəsi olan ölkələrin ərazi bütövlüyü məsələsinin o qədər də əhəmiyyət kəsb etmədiyini göstərdi. Təbii ki, Ukraynanın ərazi bütövlüyü siyasi şüar kimi dəstəklənir, amma əməldə bununla bağlı işlər görülmür. Qərb üçün əsas məsələ Rusiyaya təzyiq göstərmək üçün mövcud münaqişələrin davam etməsidir. Rusiyanın AŞPA-nın üzvü olub-olmaması o qədər də mühüm deyil.

Rusiyanın Gürcüstanla olan probleminə diqqət yetirək. Gürcüstanın ərazi bütövlüyü ilə bağlı problemindən Qərb öz mənafeləri üçün istifadə edir. Gürcüstanda yumşaq güc yolu ilə Rusiyanın təsiri var idi. İvanişvili Gürcüstana qayıdandan sonra müxtəlif sahələrdə Rusiya ilə yaxınlaşma siyasəti həyata keçirilirdi. Hətta bir neçə ay bundan öncə Abxaziyadan Ermənistana yol açılması məsələsi müzakirə edilirdi. Amma hiss olunur ki, bu cür layihələrin həyata keçirilməsi, Gürcüstanın Rusiya ilə yaxınlaşması Qərbə lazım deyil. Eyni səpkidə Qarabağ məsələsini də dəyərləndirə bilərik. Azərbaycan Rusiya ilə münasibətlərin inkişafı üçün çalışır. Ancaq Rusiyanın Qarabağla bağlı siyasəti dəyişməyənə qədər rəsmi Moskvanın nüfuzu ictimaiyyət, xalq arasında arta bilməz. Yəni Rusiyaya qonşu olan ölkələrin ərazilərində bu cür münaqişələrin olması ilk növbədə onun özünün zərəlinədir. Amma təəssüflər olsun ki, Rusiyada olan bəzi məmurlar ya bunu başa düşmür, ya da bilərəkdən bu siyasəti davam etdirir, gərginliyi artırırlar.

- Rusiyanın AŞPA-ya yenidən qaytarılması rəsmi Moskvanın MDB və Avropa məkanında aqressiv siyasətini bitirməyəcəyi anlamına gələ bilərmi?

- AŞPA o qədər də təsirli qurum deyil. Rusiyanın aqressiv siyasətinin məntiqi yoxdur, süni xarakter daşıyır. Yəni Rusiyanın milli mənafeyi baxımından bölgədə olan münaqişələr ona heç bir xeyir gətirmir. Gürcüstanla Rusiya münasibətlərində olan gərginliyin həm Gürcüstan, həm də Rusiya üçün mənfi təsirləri var. Yaxud Krımın zəbt olunması ilə Rusiya özünə 40 milyon düşmən qazanıb. Məntiqi baxımdan bu, izaholunmaz məsələdir. Digər nöqtələrdə də Rusiyanın aqressiv, işğalçı siyasəti ona heç bir xeyir gətirmir. Sadəcə olaraq, bu münaqişələr Rusiyanın gücünü, iqtisadiyyatını zəiflədir. Digər tərəfdən bölgə ölkələri də Rusiyadan uzaqlaşaraq, Qərbə meyllənir. Rusiya aqressiv siyasətinə görə bütün sərhədlərində ona mənfi münasibət bəsləyən qonşulara sahibdir.

- Ermənistanın nümayəndə heyətindən bir nəfər Rusiyanın AŞPA-ya geri qaytarılmasına qarşı çıxdı. Maraqlısı budur ki, həmin şəxs hakim partiyanın nümayəndəsi idi. Paşinyanın partiyasından olan şəxsin belə addımı İrəvanın antirusiya mövqeyindən xəbər verə bilərmi?

- AŞPA böyük mənzərənin xırda elementidir. Səsvermə bu və ya digər siyasətin tendensiyasını göstərir. Rusiya Ermənistan əlaqələri mənfi istiqamətdə inkişaf edir. Gec və ya tez Rusiya Ermənistandan çıxacaq. Bunun iki səbəbi var. Birincisi, Rusiyanın Ermənistanda heç bir marağı yoxdur. Yəni Ermənistan iqtisadi və siyasi baxımdan qonşu dövlətlərə problemlər yaradan ölkədir. Məhz buna görə də, uzun müddətdir Rusiya Ermənistana dəstək verirdi. İndi isə bu o qədər də aktual deyil. Siyasət ona gətirib çıxarıb ki, Rusiyanın problemləri Ukraynada cəmləşib və paytaxtdan 300 km məsafədə olan düşmən qazanıb. İkincisi, Ermənistan da başa düşür ki, inkişaf etməsi üçün Qərbdən maliyyə yardımı almalıdır. Tarixi baxımdan çox qısa vaxt ərzində Rusiya Ermənistan əlaqələri çox ciddi şəkildə pozulacaq. Azərbaycanın isə Rusiyanın AŞPA-ya geri qayrılmasını dəstəkləməsi göstərir ki, rəsmi Bakı Rusiyadan Qarabağ məsələsində siyasətini dəyişməsini gözləyir. Yəni Rusiya Ermənistandan ordusunu çıxarsa, Azərbaycan işğalçı ölkəylə təkbətək qalaraq, ərazi bütövlüyünü təmin edə biləcək. Bu səsvermədə məntiq bundan ibarətdir.

Firuzə Vahid / REDAKTOR.AZ