Son kadr dəyişiklikləri nəyə XİDMƏT EDƏCƏK? - Ciddi SƏBƏBLƏR VAR

 14:41 01.07.2019     5949

Beynəlxalq hüquq və münasibətlər üzrə ekspert Yeganə Hacıyevanın Redaktor.az-a müsahibəsini təqdim edirik:

- Regionda ciddi proseslər gedir. Sizcə, bu proseslərin Azərbaycana sıçraması mümkündürmü?

- Yaxın Şərq və Cənubi Qafqaz regionu uğrunda strateji-coğrafi mövqeyinə görə beynəlxalq güclərin mübarizəsi gedir. Gürcüstan və İranda gedən proseslər bu mübarizənin təzahürüdür. İran ətrafındakı proseslərlə Rusiya, İran və ABŞ-ın Yaxın Şərq uğrunda mübarizəsinin yeni mərhələsi yaşanır. Eyni sözü Cənubi Qafqaza da aid edə bilərik. Gürcüstanla bağlı baş verənlərin hamısını sırf kənar təsirlərlə əlaqələndirmək doğru deyil. Gürcülər cəmiyyət və təbiət olaraq, çox emosional və ruhunda etirazçı motivləri əks etdirən xalqdır. Yəni onlar azərbaycanlılardan bu xüsusiyyətlərinə görə kifayət qədər fərqlənirlər. Azərbaycanlılar millət olaraq dəyişməyə çox meylli deyil. Xüsusilə, mövcud vəziyyət bizi qane edirsə, bunu heç vaxt dəyişməyə cəhd etmirik. Bu baxımdan, Gürcüstanda gedən proseslərin Azərbaycana sıçramasını proqnozlaşdırmaq doğru deyil.

Azərbaycan hökuməti cəmiyyətin tam etimadını qazanmağı bacarıb. Xalq bütün münasibətlərdə işlərini tanıdığı insanla görməyə üstünlük verir. Bunu vətəndaşların hökumətə, prezidentə münasibətinə də transfer edə bilərik. Azərbaycan insanı tanıdğı, bildiyi insanın yanında olmağa üstünlük verir. 10 milyon əhalinin cəmi 1 milyonu Feysbukdadır. Feysbukda olanların isə təxminən 10 mini etirazçı kəsimi təmsil edənlərdir. 10 min insanın etirazını bütün xalqın, cəmiyyətin adına yazmaq doğru deyil.

- Ümumiyyətlə, regionda baş verənlərin ölkəmizə minimum təsir etməsi və ya etməməsi üçün hansı işlər görülür?

- Azərbaycanda dayanıqlı siyasət mövcuddur. Hökumət zamanın diqtəsi və ətrafında baş verən proseslərə uyğun öz siyasətinə müəyyən dəyişikliklər edir. Bu çox normaldır. Regionda baş verənlərin ölkəyə sıçramaması üçün təhlükəsizlik sahəsində işlər görülür. Azərbaycan qlobal güclərin uğrunda illərdir mübarizə apardığı strateji regionda yerləşən ölkədir. Ölkəmiz coğrafi üstünlüyündən özünün və tərəfdaşlarının maraqlarını təmin etmək üçün istifadə edir. Ancaq əsas məqsəd Azərbaycanın milli maraqlarını təmin etmək üçün coğrafi və mövqe üstünlüklərindən düzgün istifadə etməsidir. Təhlükəsizlik məsələlərində Azərbaycan hökumətinin atdığı və atacağı addımlar mütləqdir. Biz işğala, sosial media və cəmiyyətlərə yönəlik hibrid üsullarla aparılan müharibəyə məruz qalan ölkəyik. Azərbaycan sadəcə döyüşü səngərlərdə aparmır. Ölkəmiz sərhəddə, səngərdə, beynəlxalq təşkilatlarda, sosial media üzərində cəmiyyətləri manipulyasiya edən düşmənlə üz-üzədir. Strateji regionun strateji ölkəsi olaraq, Azərbaycan diqqət mərkəzindədir.

- Aparılan islahatlar regiondakı proseslərin ölkəmizə ola biləcək təsirlərinin qarşısını almaq üçün nə qədər effektlidir?

- Azərbaycan hökumətinin son 5 ildə apardığı islahatlar iki hissəyə bölünür. Bu islahatların əsasən passiv fazadan aktiv fazaya keçməsi müşahidə edilir. Passiv fazada daha çox nəzəri hissələrin problemləri işləndi. Daha sonra mövcud yol xəritələri müvafiq sahələrə transfer olundu. İndi isə həmin proseslərin nəticəsini görürük. Amma bu, hələ son deyil. İslahatlar prosesini 5 hissəyə bölsək, hazırda prosesin 3-cü mərhələsində olduğumuzu deyə bilərik. İrəlidə daha böyük aktiv iki faza var. Odur ki, ölkədə istər iqtisadiyyat, istər sosial-siyasət, istərsə də müxtəlif sahələrdə baş verən dəyişiklikləri kənar təsirlərlə əlaqələndirmək yanlışdır. Bu, ancaq siyasi naşılıqdan xəbər verir.

- Sizcə, son olaraq aparılan kadr islahatları, xaricdən mümkün təhlükələrin qarşısının alınmasına xidmət etdi, yoxsa, ayrı səbəblər var?

- Son kadr dəyişiklikləri Azərbaycan hökumətinin atmalı olduğu addımlardır. Bu addımlar ətrafımızda baş verə biləcək kənar təsirlərin qarşısını almaq məqsədilə həyata keçirilir. Prosesləri nəzərə alaraq, onları önləyə biləcək xüsusi strateji cəld addımlar atacaq çevik komandanın formalaşdırılması prosesi gedir. Xüsusilə milli təhlükəsizlik sahəsindəki təyinat çox uğurlu gediş idi. Bu qərar, yeni gələn kadrın daha bacarıqlı olması anlamına gəlir. Buna görə də, kadr dəyişikliklərini xarici təsirlərin önlənməsi prosesinin başlanğıcı kimi qiymətləndirə bilərik.

Firuzə Vahid / REDAKTOR.AZ