İlin sonuna kimi DEVALVASİYA gözlənilirmi? - İqtisadçı AÇIQLADI / MÜSAHİBƏ

 10:52 05.07.2019     5125

İlboyu ölkədə baş verən proseslərin iqtisadi inkişafa təsiri ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Redaktor.az-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Mərkəzi Bankın sədri Elman Rüstəmov bu il devalvasiyanın olmayacağını bildirmişdi. Baş verən iqtisadi proseslər fonunda bu il devalvasiya ehtimalı varmı?

- Əslində bu məsələ çox mürəkkəbdir. İqtisadi proseslər birmənalı olmadığına görə, konkret fikir bildirmək doğru olmur. Milli valyutanın dayanıqlığına ilk növbədə, ölkəyə daxil olan və ölkədən  çıxarılan valyutanın həcmi təsir edir. Bu göstəricilər özünü tədiyyə balansında tapır. Ötən il və bu ilin ilk aylarına əsasən, ölkəyə daxil olan valyutanın həcmi çoxalıb. Nəticədə idxal ixracı xeyli dərəcədə üstələyib. Yaxın müddətdə milli valyutanın sabitliyi üçün ciddi təhlükə görünmür. Yəni, ilin sonuna qədər devalvasiyanın başvermə ehtimalı yoxdur.

- Milli valyutanın həddən artıq dayanıqlı olması ölkə iqtisadiyyatı üçün nə vəd edir?

- İdxaldan asılılıq yüksək səviyyədədirsə və əsas xarici ticarət tərəfdaşları öz valyutalarını zəiflədirlərsə, bu halda milli valyutanın ifrat dayanıqlılığı real sektora mənfi təsir göstərir. Bu, təhlükədir. Bu gün Rusiya, İran və Gürcüstanın milli valyutaları yumşalmağa doğru gedir. Bu yumşalma onların iqtisadiyyatı üçün rəqabət üstünlükləri yaratsa da, milli valyutamıza təzyiq göstərir. Azərbaycanda pul kütləsi, kreditləşmə və investisiyanın azalması texnoloji baxımdan istehsalın zəifləməsinə səbəb olur. Nəticədə idxaldan asılılıq çoxalır və milli valyuta sıxışdırılır. Bu tendensiya yerli real sektorun rəqabətə dözümlülüyünü aşağı salır. Xarici ticarət tərəfdaşları ilə rəqabət mühitində olmaq üçün milli valyutanın aşağı salınması zəruri olur. Bu isə devalvasiyaya yol açır. Hazırda tədiyyə balansındakı göstəricilər müsbət haldadır. Lakin iqtisadiyyatın idarə edilməsi ilə bağlı müəyyən məsələlərdə effektivlik olmasa, milli valyutaya təzyiqlər ola bilər.

- İqtisadi inkişafa mane olan amillər hansılardır?

- Bank sektorunun əsas funksiyaları emissiyanın həyata keçirilməsi, iqtisadiyyatın lazımi səviyyədə pul kütləsi ilə təmin edilməsi və resursların real sektora keçirilməsindən ibarətdir. Təəssüf  ki, ölkənin bank sektoru hələlik bu mexanizm üzrə işləmir. Bankların kredit portfelinin strukturunda əsas yeri istehlak və ipoteka  kreditləri tutur. İstehlak kreditləri əsasən mobil telefon, texnika və məişət avadanlıqlarına istiqamətlənib və bu məhsullar ölkə ərazisində istehsal olunmadığına görə idxalı stimullaşdırır. İpoteka kreditləri isə əhalinin gəlirlərinin əhəmiyyətli hissəsini təşkil edir. İpoteka kreditinin əsasını tikinti sektoru təşkil edir və burada da idxaldan asılılıq yüksəkdir. Bu amillər real iqtisadiyyatın inkişafına mane olur.

-  Elşad bəy, hazırda bank sektorunda vəziyyət necədir? Hesab etmək olarmı ki, devalvasiyanın vurduğu zərbələr artıq aradan qaldırılıb?

- Bank sektorundakı problemlər bütünlüklə həll olunmayıb. Bu sektorda iri bankların böyük mənfəətlərinin olması heç də iqtisadiyyatın inkişafı sayılmır. Çünki həmin bankların mənfəətinin bir qismi inhisarçılıqla, digər qismi isə bankların kreditlərinin yüksək faizləri nəticəsində əldə olunub. Ölkədə orta depozit 9-10 faizdirsə, kredit faizləri 28-35% təşkil edir. Yəni, bank sektoru 20%-ə yaxın mənfəət götürür. Digər tərəfdən, bank sektoru xarici resurslara söykənir. Xarici ölkələrdən cəlb olunan kreditlər təxminən 7-8 faizlik olsa da, daxili kreditləşmə 28-30% civarındadır. Bu aktiv fəaliyyət əsasən iri banklara aiddir. Halbuki, iqtisadi cəhətdən inkişaf etmiş heç bir dövlətdə bu cür yüksək bank mənfəət faizləri yoxdur. Bank mənfəəti təxminən 1-2% olmalıdır.

- Mövcud vəziyyətdə ipoteka kreditlərinə maraq hansı səviyyədədir? İpoteka krediti şərtləri vətəndaşları qane edirmi?

- İpoteka şərtlərinin sadələşdirilməsi vacibdir. Bugünkü faiz göstəriciləri əhalinin böyük hissəsi üçün əlçatan deyil. Dünya ölkələrində ipoteka göstəriciləri təxmini 4% təşkil edir. Azərbaycanda isə bu göstəricilər 7-8% civarındadır.

- Mərkəzi Bankın pul-kredit siyasətini qənaətbəxş hesab edirsiniz?

- Mərkəzi Bank bu istiqamət üzrə müəyyən işlər görür. Məsələn, faiz dərəcələri müəyyən qədər aşağı salınır. Lakin bu addım davamlı olmalıdır. Eyni zamanda faiz dərəcələri əlaqələndirilməlidir. Yəni, iqtisadiyyatın hər sektorunun rentabellik səviyyəsinə uyğun müvafiq faiz dərəcələri üzrə maliyyələşdirilməlidir. Qanunvericilikdə Mərkəzi Bank haqqında dəyişiklik edilməsinə ehtiyac var. Mərkəzi Bank mühüm universal makroiqtisadi göstəricilərə cavabdeh olmalıdır. İqtisadiyyatın inkişafı, işsizlik, Ümumi Daxili Məhsulun artımı kimi məsələlər də Mərkəzi Bankın məsuliyyət sferalarına aid edilməlidir. Prezident İlham Əliyev sosial və iqtisadi sferanın inkişafı, büdcə siyasətinin qurulması ilə bağlı ciddi addımlar atsa da, yenə də bank sektorunda ciddi islahatlara ehtiyac var.

- Ümumilikdə Mərkəzi Bank öz vəzifələrinin öhdəsindən gələ bilirmi?

- Mərkəzi Bankın fəaliyyətində müsbət və mənfi məqamlar var. Müsbət məqam son 3 il müddətində milli valyutanın dayanıqlığı ilə bağlıdır. Mərkəzi Bank Azərbaycanda üzən məzənnə rejiminə keçidin baş verdiyini bildirsə də, bu, reallığı əks etdirmir. Milli valyuta Mərkəzi Bank və dövlət tərəfindən birgə  tənzimlənir. Bu gedişat  Mərkəzi Bankın bəlkə də ən böyük nailiyyətidir. Çünki tam şəkildə üzən məzənnəyə keçid ölkə iqtisadiyyatında xaosa səbəb ola bilər.

Mərkəzi Bankın fəaliyyətindəki mənfi məqam isə pul kütləsinin ardıcıl olaraq sıxılması, kreditləşmənin azalması və daxili investisiyanın aşağı olmasıdır. Mərkəzi Bank kommersiya banklarını maliyyə resursları ilə lazımi səviyyədə təmin etsəydi, banklar dollarlaşmaya meylli olmazdı. Çünki xaricdən kreditlərin cəlb edilməsi riskli halları həmişə artırır. Devalvasiyaların əsas səbəblərindən biri də məhz bu oldu. Nəticədə banklar və vətəndaşlar ciddi problemlərlə üzləşdi.

- Bu il Prezident İlham Əliyev problemli kreditlərin həlli ilə bağlı fərman imzaladı. Fərmanın icrasından sonra, hazırda problemli kreditlərlə bağlı vəziyyət necədir? Problemli kreditlərin ümumi kredit qoyuluşunda payı nə qədərdir?

Ardı var...

Gülşən Şərif / Redaktor.az