Ağdərə azad olunandan sonra baş verən TALANLARIN ARXASINDA KİMLƏR DURMUŞDU? - Polkovnikdən ŞOK

 15:00 12.07.2019     3717

1988-1989-cu illərdə Şuşa rayon polis idarəsinin rəisi, 1989-1991-ci illərdə isə Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini kimi çalışmış, ehtiyatda olan polkovnik Sadir Məmmədovun Redaktor.az-a müsahibəsinin ikinci hissəsini təqdim edirik:

-  Vertolyot qəzasından sonra Dağlıq Qarabağ vilayətində nələr baş verdi?

-  1991-ci ilin 27 noyabr tarixində Dağlıq Qarabağ Vilayəti ləğv edildi. Yəni mənim işim də ləğv edildi və sərəncama göndərildim. Daha sonra Qarabağ üzrə idarə yaradıldı. Əvvəl məni həmin idarəyə rəhbər göndərmək istəyirdilər. Sonra nədənsə Tahir Əliyevi göndərdilər o vəzifəyə. İndi məni ora göndərmədiklərinə çox sevinirəm. Çünki mən həmin idarədə rəhbər ola-ola Qarabağı itirsəydik, bu günahkar qismində mənim üstümdə qala bilərdi. Həmin vaxt Bakıda hakimiyyət üstündə qırğın gedirdi, vəzifə bölürdülər. Gah ona istefa deyirdilər, gah buna... Bu proseslər 1992-ci ildə də davam edirdi. Nəhayət iyunun 17-də məni Ağdərə rayonuna rəis göndərdilər.

- Deməli, siz Ağdərənin təmizlənmə əməliyyatında da iştirak etmisiz. O zaman rayonda vəziyyət necə idi? 

- 25 nəfər işçimlə Ağdərəyə getdik. Yer olmadığı üçün Tərtər rayonunda Marquşovanda yerləşdik. O vaxt orada komandir briqada Nəcməddin Sadıkov, icra başçısı Sərdar Həmidov, prezidentin səlahiyyətli nümayəndəsi Surət Hüseynov idi. Ağdərə Qarabağda ən böyük rayon, strateji bölgələrdən biridir. 3 iyul 1992-ci ildə gündüz saatlarında  komandanlıq  Azərbaycan polisinin təhlükəsizlik və asayişin təmin edilməsi üçün Ağdərə şəhərinə daxil olması barədə göstəriş verdi.  Ağdərəyə daxil olmağımızla bağlı  epizodların çoxu o zaman tanınmış telejurnalist Allahverdi Əsədov tərəfindən lentə alınıb, AzTV-də nümaiş olunub. Həmin mənzərə hələ də gözümün qarşısındadır. Hər tərəf meyidlərlə dolu idi. Bəzi evlərdə ocağın üstündə olan yemek qazanına, çaydana əl vuranda onların isti olduğu hiss olunurdu...

Həm polis şöbəsi, həm icra hakimiyyətinin binasına daxil olub, üzərinə bayrağımızı sancdıq. Mənim işçilərimdən Adil Süleymanov bunu etdi. İki-üç gündən sonra Rövşən Cavadov da gəldi.  Ancaq biz, bütün işləri görüb qurtarmışdıq....

Ağdərəni alandan sonra özbaşınalıqların, dövlət əmlakının talan edilməsinin qarşısını almaq üçün işlərə başladıq. Bu işlərdə Sərdar Həmidovun, Nəcməddin Sadıkovun fəaliyyətini xüsusi qiymətləndirmək lazımdır. O vaxtlar Ağdərə tamamilə boşaldılmışdı. İyulun 7-də artıq Ağdərənin alındığı elan olundu. Bu vaxta qədər biz orada təmizlik işləri aparırdıq.

- Ağdərənin azad edilməsindən sonra yalnız 20 gün öz vəzifənizi icra edə bilmisiniz. Buna səbəb nədir?

- Burada mən öz işimlə çoxlarına mane olurdum. Belə ki, əraziyə girib-çıxan şəxslərin, maşınların siyahısını tutur, onların gəlişlərinin səbəbini və məqsədini öyrənirdik. Axı sabah bizdən haqq-hesab soruşacaqdılar. Ağdərə rayonunun balansında olan avtobuslar, taksilər təcili surətdə yığılmalıydı. Müharibə dövrünün belə xoşagəlməz halları da olur. Bu cür qətiyyətli hərəkətlərim cinayətkar, əliəyri ünsürlərin xoşuna gəlmirdi. Çünki onların qarət-talançılıq planlarına mane olurdum. Qarətçilərdən alınan mallar Tərtərdəki hərbi qərargaha təhvil verilirdi. Rayonlardan gələn maşınları Ağdərəyə buraxırdılar. Buna görə də mübahisələr, atışmalar olurdu. Ağdərəyə icra başçısı təyin etmələrini təklif etmişdim. Lakin qəfildən, heç xəbərim olmadan 1992-ci il iyulun 24-də daxili işlər nazirinin əmri ilə (heç bir ciddi səbəb göstərilmədən) Ağdərə rayon polis şöbəsinin rəisi vəzifəsindən azad edildim. Bundan sonra heç məni niyə çıxartmaları ilə maraqlanmadım da... Çünki 1988-ci ildən hadisələrin içindəydim, artıq bezmişdim. 1988-ci ildən səngər rəisi kimi çalışırdım. Ancaq fəaliyyətimə qiymət verilmirdi. Bundan sonra yenidən Özbəkistana qayıtdım. 1992-ci ildə Özbəkistan Respublikası DİN-nin Ali Milis Məktəbində xüsusi fənlər üzrə baş müəllim vəzifəsində işlədim. 1993-ci ilin may ayında Özbəkistan Respublikası DİN-nin Baş Cinayət Axtarışı İdarəsinin rəis müavini vəzifəsinə təyin edildim. Beləliklə, Qarabağdakı hadisələrdən uzağlaşmalı oldum.

- Qayıdaq Ağdərəyə. Burada çox az işləsəniz də hər halda, bu müddət rayonu normal tanımağınıza bəs eləyərdi.  Ağdərə kimi strateji rayonun işğal olunmasının əsas səbəbi nə oldu, sizcə? 

- Artıq 1993-cü ildə ermənilər yenidən Ağdərəni almaq üçün rayona girmişdilər.1992-ci ildə Xalq Cəbhəsi hakimiyyətə gələndən sonra kadrları düzgün qiymətləndirməyi bilmirdilər. Professionallıqdan uzaq siyasət yürüdürdülər, özbaşınalıq hökm sürürdü. Onlar idarəetməni, könüllü dəstələri birləşdirməyi bacarmırdılar. Bu səbəbdən torpaqlarımız işğal olundu. Birlik yaratmağı bacarsaydılar, 24 rayonun qüvvəsi bəs edərdi. Amma hakimiyyətdəkilər hər ay bir rayonu verirdilər. Ağdam bu hadisələrin gedişində var gücü ilə ermənilərin qarşısında durmağı bacarırdı. Təkcə Ağdam bu proseslərdə 7000 min şəhid verdi. Hələ bu rəqəm həqiqəti tam əks etdirmir. Çünki bu rəqəm qeydiyyatda olan ağdamlılara aiddir. Rusiyada, digər yerlərdə işləyən çox sayda ağdamlı həmin vaxt geri qayıtmışdı. Yəni bütün bunları nəzərə alsaq, Ağdamın 10 mindən çox şəhid verdiyini deyə bilərik. Bütün rayonların sakinləri hamısı Ağdama tökülmüşdü.

- O vaxtlar Bakıda- mərkəzi aparatda vəziyyət necə idi, hadisələrə nəzarət baxımından soruşuram? 

- Təsəvvür edin ki, Xalq Cəbhəsi hakimiyyətdə olduğu dövrdə 10 ayda 8 müdafiə naziri, 5 daxili işlər naziri dəyişmişdi. Bununla dövlət qurmaq olardı?! Məsələnin kökü burdadır. Yəni hakimiyyətdə olanlar xalqı birləşdirməyi bacarmadı. O vaxt “Ədalət” qəzetində “Qələbəmiz birliyimizdədir” başlıqlı məqaləm çıxmışdı. Bu gün də qələbəmiz birliyimizdədir.

Hakimiyyət davası, səriştəsizlik, peşəkar əməkdşaların uzaqlaşdırılması nəticədə torpaqların itirilməsinə gətirib çıxartdı.

- İstər Azərbaycanda, istərsə də Ermənistanda müharibənin yaratdığı aqressiya qalmaqdadır. Həm erməni, həm də bizim tərəfdə olan bu problem, xalqlar arasında illərdir formalaşdırılan nifaq necə həll ediləcək? Problem həllini tapsa, azərbaycanlılar və ermənilər birlikdə yaşaya biləcəkmi?

- Buna vaxt lazımdır. Tarix boyu bu xalqlar birlikdə yaşayıb. Zamanla yenə də birlikdə yaşayacaqlar. Yəni burada unudulma prosesini keçmək lazımdır. Açıq danışaq ki, bu münaqişədə hayların da övladları qırılıb. Bütün bunların unudulması üçün zaman lazımdır. Əsas məsələ torpaqlarımızın işğalçılardan təmizlənməsidir. Bu olandan sonra digər prosesləri tənzimləmək mümkün olacaq. Çünki biz qonşu xalqlarıq. Baxmayaraq ki, onlar gəlib bizim torpaqlarımızı zəbt ediblər.

- Sizcə, münaqişənin sülh yolu ilə həlli mümkündür?

- Sülh yolu ilə bu problemin həll olunacağını düşünmürəm. Sülh yolu ilə ermənilər yalnız 2-3 rayonu qaytararlar. Amma bununla Azərbaycanın ərazi bütövlüyü təmin olunmaz. Cənab prezident isə bütün çıxışlarında ərazi bütövlüyümüzün təmin olunmasının vacibliyini vurğulayır. Ermənilərin xislətində əclaflıq var. Onlar sülh deyə-deyə bizi aldadır, vaxt udmağa çalışırlar. Onlar sülh yolu ilə torpaq qaytaran deyil.

- Ordumuzun güclü olmasından bəhs etdik. Müharibə yolu ilə torpaqlarımızı azad etməyə mane olanlar varmı?

- ABŞ, Rusiya, İran kimi regional güclərin bu münaqişədə öz maraqları var. Vaxt var idi, Azərbaycanı Müslüm Moqamayevə, Rəşid Behbudova görə tanıyırdılar. Bu gün artıq bütün dünya Qarabağ probleminə görə Azərbaycanı tanıyır. Dünyanın hər yerində Qarabağla bağlı tədbirlər keçirilir, Ermənistanın işğalçı olmasından bəhs edilir. BMT-nin Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi ilə bağlı icra edilməmiş 4 qətnaməsi var. Bu qətnamələrin icra edilməməsinin əsas səbəbi, böyük dövlətlərin bu işdə maraqlı olmamasıdır. Mən əminəm ki, prezidentimizin apardığı siyasət münaqişənin həllinə doğru gedir. Sadəcə biz tələsməliyik. Artıq səbr tükənib. Biz müharibəyə hər an hazır olmalıyıq.

Firuzə Vahid / REDAKTOR.AZ

FOTO : Müzəffər İsmayılov