2002-2019-cu illərin Türkiyəsində eyni ssenari... - BU ÖLKƏDƏ DƏHŞƏTLİ PROSESLƏR BAŞ VERİR?

 11:57 13.07.2019     2881

Türkiyə daxili siyasətində 2002-2019-cu illər arasında çox böyük proseslər və dəyişikliklər baş verib. Ancaq 2002-ci il və 2019-cu il Türkiyəsinin daxili və xarici siyasətində bəzi oxşar məqamların olduğunu deyə bilərik.

Məsələn, 2002-ci ildə də Türkiyə iqtisadi böhranın sarsınıtılarını yaşayırdı, 2019-cu ildə də eyni proses təkrarlanır. Strateji analizdə “geriyə doğru düşünmək” adlı təhlil metodu var.

Hər şeyin 2002-ci ildə olduğu kimi cərəyan edib-etməyəcəyini dəqiqləşdirmək üçün QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoyun Redaktor.az-a müsahibəsini təqdim edirik:

- 2002-ci ildə iqtidar partiyası DSP-də Hüsaməddin Özkan, Kamal Dərviş və İsmail Cem yeni siyasi hərəkat axtarışında idilər. 2019-cu ildə də eyni proseslər təkrarlanır. Əli Babacanın AKP-dən getməsi, yeni partiya qurması, onun gələcəkdə Türkiyə siyasətini müəyyənləşdirən aktora çevrilməsi ilə nəticələnəcəkmi?

- 2019-cu ildə iqtidar partiyasından Abdullah Gül, Əli Babacan və Əhməd Davudoğlu yeni siyasi hərəkat axtarışındadırlar. Əli Babacan və Kamal Dərviş arasında paralellik qurula bilər. Çünki ikisi də iqtisadçıdır, baxışları qərbyönümlüdür, ölkəni iqtisadi böhrandan çıxaracağını vəd edirlər. Digər tərəfdən hər ikisinin də xarici iqtisadi dairələrdə əhəmiyyətli imkanları və nüfuzu var. İsmayıl Cem 2000-ci illərdə Xarici İşlər naziri idi, Əhməd Davudoğlu da xarici işlər naziri konteksindən gələn biridir.

Ancaq AKP daxilində gedən proseslərdə iki məqam diqqət çəkir. Belə ki, Əhməd Davudoğlu daha çox tənqidi fikirlər səsləndirsə də, Əli Babacan heç danışmırdı. Ancaq partiyadan Əli Babacan istefa etdi. Davudoğlu açıq danışır və AKP-yə əhəmiyyətli tənqidlər yönəldir. Ancaq buna baxmayaraq, hələ də partiyanın içərisindədir. Onun yeni partiya quracağı ilə bağlı iddiaların özünü doğruldub-doğrultmayacağını bilmək olmur. Çünki proseslərin hansı yöndə inkişaf edəcəyi sual altındadır. Məsələn, 2002-ci ildə Hüsaməddin Özkan, Kamal Dərviş, İsmayıl Cem iqtidar partiyasından ayrılıb, yeni siyasi hərəkat partiyası quracaqlarını deyirdilər. Hüsaməddin Özkan və İsmayıl Cem partiyadan ayrılaraq belə bir təşkilat qurdu. Kamal Dərviş isə iqtidar partiyasından ayrılsa da, yeni yaradılan partiyaya qoşulmadı. Başqa partiyada davam etdi. O, qısa müddət daxili siyasətdə qaldı və daha sonra fəaliyyətini xaricdə davam etdirdi. Türkiyə siyasətində isə uğur əldə etmədi. Halbuki, 2002-ci ildə müxalifətdən ayrılan başqa bir qüvvə Ədalət Və İnkişaf Partiyası kimi yaradıldı və iqtidara gəldi. Bu baxımdan yeni hərəkatçıları ilə bağlı müəyyən suallar var.

- Bəs, onda necə düşünürsüz, Əhməd Davudoğlu müxalifətçilik edəcək yoxsa yeni partiya quraraq siyasi proseslərdə yer alacaq?

- Bu maraqlı məqamdır. Çünki Ərdoğan partiyadaxili siyasətini ciddi ölçə bilən adamdır. Ona görə də Davudoğlunun istefa etməsi yaxud partiyadan xaric olunması məsələsi hələ açıqdır. Bunu zaman göstərəcək. Hətta daha fərqli bir tendensiya da gündəmə gələ bilər. Ərdoğan Davudoğlunu müzakirəyə də çağıra bilər. Çünki Davudoğlu partiya içində olan müəyyən həssasiyyəti, etiraz dalğasını təmsil edir. Bu dalğa AKP-nin gələcəyi, Berat Albayrağın liderliyi ilə bağlı qurulan planlara etirazı, AKP-nin qurucularının islami idealist dəyərlər üzərindən yozlaşmaya qarşı duruşu ifadə edir. Digər tərəfdən MHP ilə ittifaqı tənqid edən dalğanın etirazını da təmsil edir. Bu mənada Davudoğlunun hansı siyasi kursu izləyəcəyi və ya onun AKP ilə münasibətlərinin necə olacağı ilə bağlı proqnoz vermək çətindir. Davudoğlunun siyasətdəki, xalq arasındakı dəstəyi ilə bağlı da ciddi şübhələrim var. Çünki onun gələcəkdə nə qədər səs ala biləcəyi bəlli deyil. Doğrudur, o əvvəllər baş nazir seçiləndə 50 %-dən çox səs yığmışdı. Ancaq indi vəziyyət dəyişib. O, AKP-nin nümayəndəsi kimi bu səsi toplaya bilmişdi. Artıq həmin dövrdəki konyuktura keçərli deyil. Çox fərqli məsələlər var.

- Əli Babacanın quracağı yeni partiyanın xalqdan dəstək almaq ehtimalı nə qədərdir?

- Eyni şəkildə Əli Babacan, Abdulla Gülün quracağı yeni partiyanın da siyasətdə hansısa yerə sahib olması məsələsi qarışıqdır. Çünki bu partiya CHP-dən səs ala bilməyəcək. Onların CHP-nin tabanına xitab etmək şansı yoxdur. Digər tərəfdən CHP artıq Əkrəm İmamoğlu ilə yeni bir lider ümidi qazanıb. Son bələdiyyə seçkilərində də CHP böyük şəhərlərdə qazandığı qələbə ilə ciddi uğurlar əldə etdi. İYİ partiyası da yeni qurulub. Bu partiyadan da Əli Babacanın partiyasının səs alma ehtimalının çox az olduğunu düşünürəm. MHP-nin özündə qalmayan səsi də İYİ Partiyaya gedir. Yəni Əli Babacanın bu istiqamətdə də şansı yoxdur. HDP-nin də öz tabanı var. Əli Babacanın partiyasının onların siyasətinə dəstək verəcəyini düşünmürəm. Yəni sadəcə, AKP-dən səs almaq şansları var.

- Əli Babacanın partiyasının yalnız AKP-dən səs ala biləcəyini deyirsiz. Bir az əvvəl isə, Ərdoğanın partiyasına nəzarətindən danışmışdınız. Belə olan təqdirdə, bu mümkün olacaqmı?

- AKP-ni dəstəkləyənlər 3 kateqoriyada təmsil olunur. Birincisi, hər vəchlə AKP-nin siyasətini dəstəkləyənlərdir ki, bunlar 50 %-dən çoxdur. AKP tərəfdarlarının yarıdan çoxu yürüdülən siyasəti dəstəkləməsələr də, partiya liderinin addımlarını müzakirəyə çıxarmadan dəstəkləyirlər. İkinci qrupda təmsil olunanlar isə, partiyanın siyasətindən narazı olsalar da, ən pis halda sandığa getmirlər. Əli Babacana bu qrupdan da çox səs gedəcəyini düşünmürəm. Üçüncü qrup isə, çox az hissəni təmsil edir. Bəzi hesablamalara görə, AKP seçicisinin 10%-i başqa partiyaya getmə potensialına sahibdir. Yəni hazırda sağ mərkəzdə iki fərqli partiya mövcuddur. AKP-dən narazı olanların bir hissəsi MHP-yə gedə bilər. Son bələdiyyə seçkilərində də AKP-dən səslərin bir qisminin MHP-yə getməsi müşahidə edildi. Digər tərəfdən  AKP-dən narazı olanların çox az hissəsi İYİ Partiyasına gedir. Kürd əsilli seçicilərin də AKP-dən narazı olanların da HDP-yə getmələri müşahidə edilib. Bu konyukturada Əli Babacanın quracağı partiyanın AKP-dən səs alma şansı mətbuatda şişirdildiyi qədər deyil. Bunlardan əlavə, partiyanı quranların şəxsi ilə bağlı da müəyyən qaranlıq məqamlar var. Əvvəla, Əli Babacan və Abdulla Gülün yeni partiyanı hansı ideoloji çərçivədə quracağı bəlli deyil (mərkəz sağ, yoxsa mərkəz sol kimi). Mərkəz sağ qüvvələri arasında müəyyən boşluqlar var, amma mərkəz solun zatən sahibi var. CHP İmamoğlu ilə mərkəz sola rəhbərliyini daha da gücləndirdi. Mərkəz sağda Əli Babacanın, Abdulla Gülün ciddi rol oynaması potensialı da o qədər də güclü deyil. Çünki Türkiyə siyasəti xarizmatik lider üzərində formalaşır.

- Sizcə, Əli Babacan kritik məqamlarda siyasi lider olmağı bacaracaqmı?

- Onun cəmiyyətdə siyasi lider kimi qəbul olunub-olunmaması sual altındadır. Əli Babacan iqtisadiyyatı yaxşı bilən texnoqraf kimi xarakterizə edilə bilər. Abdulla Gül isə kritik anlarda risk almağı sevməyən lider kimi tanınır. Digər tərəfdən yeni partiyanın quracağı komanda da o qədər uğurlu deyil. Komandada Bəşir Atalay, Sadullah Ərgin, Nihat Ərgün, Mehmet Şimşek və s. adı keçir. Onların da Türkiyə siyasətində təsir imkanları minimum səviyyədədir. Çünki onlar AKP içərisində tənqid etdikləri siyasətin, proseslərin bir parçası olub. Yəni dolayısı ilə yeni partiyanın xalqa yeni nəsə verməsi inandırıcı görünmür. Əli Babacan xaric hamısı yaş etibarı ilə Türkiyənin getdikcə gəncləşən və dəyişiməyə daha çox açıq olan siyasi quruluşuna o qədər də uyğun gəlmir. Həm Əhməd Davudoğlunun, həm Əli Babacanın, həm də Abdulla Gülün AKP dönəmi ilə bağlı xalqın unutmadığı siyasi səhvləri var. Əhməd Davudoğlu hazırda davam edən Suriya böhranının əsas məsul şəxslərindən biridir. Belə şəxs siyasətə geri döndüyü zaman hər kəs Suriya böhranını, hadisələrini yada salacaq. Abdulla Gül, Əli Babacan və partiyada təmsil olunacaq digər üzvlərin də tərcümeyi hallarında kifayət qədər mənfi çalarlar var. Türkiyə xalqı siyasi proseslərdə kifayət qədər ayıq, keçmişi dəyərləndirməyi bacaran mövqe ortaya qoymağı bacarır. AKP-dən ayrılan Əli Babacan və komandasının və Əhməd Davudoğlunun AKP-yə alternativ, yeni bir siyasi ümid hərəkatı olmasından daha çox, iqtidarın zəifləməsinə xidmət edəcəyini deyə bilərik. Onların Türkiyə siyasətini müəyyən edəcək aktora çevriləcəklərini düşünmürəm.

- Bəs Türkiyə siyasətini müəyyənləşdirəcək aktorlar hansı qruplar olacaq?

- Türkiyədəki qurucu siyasi dəyərləri özündə əks etdirməyi bacaran, daha yumşaq siyasət dili mənimsəyən, demokratiyaya açıq qrupun qələbə qazanma şansı var. Bunun üçün də siyasətin 2 cizgi üzərində güc qazanacağını düşünürəm. Bunlardan birincisi, klassik CHP siyasəti aparmayan, Əkrəm İmamoğlu üzərindən yüksələ biləcək xəttdir. CHP-nin digər bələdiyyələrinin də regionlarda uğurlu fəaliyyəti gələcəkdə Əkrəm İmamoğlunun CHP-nin lider namizədi olma ehtimalını yüksəldəcək. İkincisi, Türkiyə siyasətində milliyyətçiliyin yüksəlmə trendi açıq şəkildə hiss olunur. Bununla bağlı həssaslıq var. Bu cəbhədən yeni lider namizədin çıxma ehtimalı yüksəkdir. Bunun əslində müxtəlif potensial nümayəndələri var. Məsələn, AKP-də milliyyətçi siyasət yürütmək istəyən, önə çıxmağa çalışan Süleyman Soylu, MHP-də müxalif qanaddan Sinan Oğan və s. xalq arasında müəyyən nüfuzu və perspektivi olan şəxslərdəndir. Türkiyə siyasəti bu xətt üzərindən də inkişaf edə bilər.

- 2002-ci ildə MHP iqtidarın rəsmi ortağı idi, 2019-cu ildə də qeyri rəsmi ortağıdır. O zaman da iqtidar partiyasındakı siyasi fiqurlar MHP-ni iqtidar ortaqlığından çıxartmaq istəyirdilər, indi də AKP daxilində bunu istəyən yetərincə güclu qanad var. Qarşıdakı dönəmdə AKP-MHP ittifaqının taleyi necə olacaq?

- Türkiyə siyasətindəki konyuktura çox sürətli dəyişir. Qarşıdakı dönəmdə Türkiyə siyasətində mövcud hərəkətlilik davam etsə, AKP və MHP arasındakı münasibətdə məsafənin daha da çoxalacağını görmək mümkün olacaq. Yəni MHP-nin siyasi proseslərdən kənarlaşdırılması da mümkündür. Bu da yeni bir erkən seçim mövzusunun gündəmə gəlməsi ilə nəticələnər. Buna təsir edən ən önəmli amillərindən biri Türkiyə iqtisadiyyatının vəziyyəti olacaq. Bu sahədə ciddi problemlər mövcuddur. Siyasətdə olduğu kimi iqtisadiyyatda  olan problemlər də artaraq davam etsə, Türkiyə siyasəti buna 4 il dözə bilməz.

- Xatırlayırsınızsa, 2002-ci ildə ABŞ İraqı vurmağa hazırlaşırdı, Ecevit höküməti buna qarşı çıxırdı. 2019-cu ildə isə ABŞ İranı vurmağa çalışır, Türkiyə iqtidarı buna qarşı çıxır. İran ətrafında gedən proseslərin Türkiyə iqtidarı üçün hansı nəticələri olacaq?

- İran məsələsi ilə bağlı aktivliyin artaraq davam edəcəyini düşünürəm. Dünyadakı ictimai rəy Trampın yenidən prezident seçilməməsi üzərinə qurulsa da, 2020-ci ildə onun yenidən prezident seçilmə ehtimalını istisna etmirəm. Hətta bu ehtimal çox yüksəkdir. O zaman İran məsələsindəki proseslərin getdikcə daha ciddi şəkil alacağını müşahidə edəcəyik. Hələlik proseslərdə İrana yönəlik dünya, bölgə ictimai rəyinin hazırlanması prosesi gedir. ABŞ-da İrana müdaxilə etmək istəyən güclər hazırlıq aparırlar. Onlar həm də diplomatik mənada aktiv işlər görür. İranın bölgədəki imicini, nüfuzunu aşağı salmaq üçün görülən işlər rəsmi Tehranı sərt ritorikaya getməyə məcbur etmək üçün aparılır. Bununla onlar qarşıdakı günlərdə İrana hərbi müdaxilə imkanlarını daha da artırmaq istəyirlər. Bu da Türkiyə-ABŞ münasibətlərinin gələcəyi baxımından əhəmiyyəti olan hadisələrdən biridir.

Firuzə Vahid / REDAKTOR.AZ