H.Əliyev Vəfa Quluzadəyə niyə irad tutmadı? - E.Namazov: "Daha rus səfir Əliyevdən görüş istəmədi " -MÜSAHİBƏ

 13:00 05.09.2019     8524

Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Prezidentin eks-köməkçisi, politoloq Eldar Namazovun Redaktor.az-a müsahibəsinin II hissəsini təqdim edirik:

- Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyan həmkarı Elmar Məmmədyarovla görüşəcəyini açıqlayıb. Paşinyan isə məlum bəyanatlarından hələ nə imtina edib, nə də o fikirlərini təkzib edib. Sizcə, Azərbaycan tərəfi danışıqları davam etdirməlidirmi?

- Ermənilər danışıqları davam etdirmək istəmirlər. Erməni tərəfi onlara qarşı beynəlxalq ekspertlər, diplomatlar tərəfindən formalaşan mənfi münasibəti bir az düzəltmək istəyirlər. Paşinyan artıq “Miatsum”un baş verdiyini elan edirsə, hansı danışıqlardan söhbət gedə bilər? Diplomatiyada belə bir anlayış var: əvvəlki kimi işləri davam etdirmək. Ancaq hansısa hadisə baş verəndə, tərəflərdən biri kəskin addım atanda, bundan narazı olan qüvvələr həmin siyasəti yürütməkdən imtina edirlər. Bu sözü ruslara Krım hadisələrindən sonra dedilər. Krım Rusiya tərəfindən ilhaq olunandan sonra rəsmi Moskva çox çalışdı ki, Avropa və ABŞ-la bütün mövzularda danışıqlara hazır olduğunu göstərsin. Ancaq bu, qəbul edilmədi. Rusiyaya atdığı addımlardan imtina etmək, yanlış yoldan geri çəkilmək mesajı verildi. İndi Paşinyanın da “Miatsum baş verib, Qarabağ Ermənistana birləşdirilib” şüarından sonra ermənilərlə əvvəlki kimi danışıqlar aparmağın heç bir mənası yoxdur. Bu, çox ciddi məsələdir. Rəsmi Bakı reaksiya verməli, bu bəyanatı verən adamlarla danışıqlar aparmağın mümkün olmadığını Minsk Qrupuna və digər beynəlxalq qurumlara çatdırmalıdır. Bu məsələni qabartmalıyıq. Sabah Azərbaycan torpaqlarını müharibə yolu ilə azad edəndə, bütün dünya ictimaiyyəti barmağını Ermənistana tuşlamalıdır. Bu vəziyyətdə bizim XİN rəhbəri yenə də erməni həmkarı ilə çay içib, şəkil çəkdirsə, eyni bəyanatları davam etdirsə, Aprel döyüşlərində yaranmış vəziyyətə qayıdacağıq.

- Necə düşünürsünüz, bu görüş baş tutacaqmı?

- Görüş baş tutsa, biz erməniləri çətin durumdan çıxaracağıq. Necə ki, vaxtı ilə Aprel döyüşlərindən sonra Mnatsakanyanla şəkillər çəkdirib, mülayim bəyanatlar səsləndirməklə Ermənistana bir qapı açdıq ki, təzyiqlərin altından çıxa bilsin. Bütün dünya artıq ermənilərə təzyiq göstərməyə hazırlaşırdı. Ermənistana təzyiq prosesinə başlanılanda Azərbaycan diplomatiyası proseslərin üstündən xətt çəkdi. İndi Paşinyanın bu biabrçı bəyanatlarından sonra Azərbaycan diplomatiyası yenə də onlara bu şansı versə, çox böyük səhvə yol vermiş olacaq.

- Hakimiyyətdə bəzi qüvvələr açıq şəkildə Ermənistana qarşı sərt addımlar atmağın tərəfdarıdır. Bu halda parlamentdə Məmmədyarovun Mnatsakanyanla görüşə göndərilib-göndərilməməsi məsələsi müzakiə oluna bilərmi?

- Heç kimin Qarabağ məsələsi ilə bağlı monopoliyası yoxdur. Nə iqtidarın, nə də müxalifətin. Bu bizim ümummilli məsələmizdir. Hər kəsin yaranmış durumda öz mövqeyini ortaya qoyub hansısa təkliflər verməsi, mövqe nümayiş etdirməsi çox vacibdir. Qərarı hakimiyyət verir. Ancaq həm millət vəkillərinin, həm ekspertlərin, həm də ictimaiyyətin də mövqeyi nəzərə alınmalıdır.  

- Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan erməni xarici siyasətinin 3 əsas prinsipini açıqladı. Maraqlıdır ki, bunlardan biri də panermənizm idi. İrəvanın bu yolu seçməkdə məqsədi nədir?

- Bu elə Ermənistanın futbol yığmasının 30 il ərzində dünya və UEFA çempionu olması ilə bağlı “strategiya”ya bənzər bir şeydir. Digər tərəfdən, onlar diaspora ilə işi gücləndirmək istəyirlər. Paşinyan və onun komandası hesab edir ki, Qərbdə yerləşən erməni diasporu onlara daha çox kömək edə bilər. Bu, Rusiyada yaşayan ermənilərdən gələn yardımın azalması ilə də bağlıdır. Yeni ideyalar axtarışındadırlar. Rusiyanın İrəvandakı hakimiyyətə münasibəti nə qədər soyuqdursa, Rusiyada yaşayan erməni diasporasının da yardımları ona görə dəyişir... Bu yaxınlarda ermənilər Dağlıq Qarabağda guya Panarmeniya adı altında idman yarışları keçirirdi. Ancaq erməni mətbuatında çıxan məqalələrdən bu yarışların iflasa uğradığı, biabrçı şəkildə keçdiyi məlum oldu. Təsəvvür edin ki, orada müxtəlif ölkələrdən gələn idmançılar öz pulu ilə maşın tutub stadionlara getməli olmuşdular. Çünki onları qaldığı yerlərdən stadiona aparmaq üçün nəqliyyat vasitəsi də ayrılmamışdı. Elə erməni mətbuatında gedən məqalə başlıqlarını oxusaq, bu oyunlarının iflasa uğramasının şahidi olarıq. Ona görə də Paşinyanın özünün də, onun XİN rəhbərinin də bəyanatları sərsəm, reallıqdan uzaq olacaq. Artıq erməni mətbuatı da bu bəyanatlara ciddi yanaşmır. Necə ki, Qarabağa 150 km uzunluğunda yol çəkiləcəyi ilə bağlı bəyanatlar, elə erməni mətbuatında gülüşlə qarşılandı. Təsadüfi deyil ki, Ermənistanda bu sahəyə cavabdeh olan şəxslər bu bəyanata dərhal reaksiya verdi və büdcədə bu yolun çəkilməsi üçün vəsaitin olmadığını dedilər. Digər tərəfdən, işğal edilmiş ərazilərə heç bir beynəlxalq fond və təşkilat pul ayıra bilməz. Çünki bu ərazilər Ermənistanın tərkibinə daxil deyil. Paşinyanın da, Mnatsakanyanın da verdiyi bəyanatlar sadəcə sabun köpüyünü xatırladır. Vaxt udmaq, cəmiyyətin başını qatmaq lazımdır...

- Paşinyan bir müddət öncə 3 müşavirini istefaya göndərdi. Maraqlısı budur ki, onların hər biri Qərblə yaxşı əlaqələri olan şəxslər idi. Putinin səfəri ərəfəsində Pşainyanın bu cür gediş etməsi nədən xəbər verir? Paşinyan da Sarkisyan kimi Putinin vassalı olmağı öz üzərinə götürəcəkmi?

-  Mən bir hadisəni xatırlayıram. Biz rəhmətlik Vəfa Quluzadə ilə çox yaxın dost idik. Dostluğumuz hakimiyyətdə bir yerdə çalışdığımız dövrdə də, ondan sonra da davam edirdi. Bir dəfə Vəfa Quluzadə Rusiya siyasəti ilə bağlı çox sərt müsahibə verdi. O, qeyd etmişdi ki: “Yeltsin Administrasiyasının siyasəti Azərbaycanı NATO-ya doğru inteqrasiya olmağa məcbur edir. Azərbaycan öz milli maraqlarını müdafiə etməlidir. Bu vəziyyətdən çıxış yolu Avroatlantik məkana inteqrasiya ilə bağlıdır”. Həmin bəyanat Azərbaycan Prezidentinin dövlət müşaviri adından səslənmişdi. Ona görə də bu bəyanata reaksiyalar çox ciddi oldu. Bu bəyanatın üstündən bir neçə həftə keçəndən sonra, Rusiyanın səfiri Azərbaycan Prezidentindən görüş istədi. Bu görüşdə Vəfa Quluzadənin bəyanatını tənqid edərək, Rusiyanın narazılığını ifadə etdi. Prezidentin bu haqda Vəfa Quluzadə ilə söhbəti oldu, ancaq heç bir iradı olmadı. Həmin söhbətdə mən də iştirak edirdim. Hətta Prezident baş verənləri Vəfaya gülməli hadisə kimi danışdı. Həmin söhbətdə mən bir məsələni tutdum. Vəfa Quluzadənin sözündən də başa düşdüm ki, ruslar bir müddət gözlədi və gördü ki, bu bəyanatı yalnız Vəfa Quluzadə verib. Nə Xarici İşlər nazirliyində, nə də digər dövlət qurumlarında kimsə belə bir açıq bəyanat verdi... Ona görə də o qənaətə gəldilər ki, bəyanatı sadəcə Vəfa Quluzadə verirsə, deməli onun mövqeyi əsas deyil. Ona görə də cürət edib, Heydər Əliyevə narazılıq etməyə başlayıblar. Sizə səmimi deyirəm, Heydər Əliyev və Vəfa Quluzadə ilə müzakirə aparmadan, səhəri gün mətbuatı yanıma çağıraraq, Azərbaycanın NATO ilə əməkdaşlığının tərəfdarı olduğumu bəyan etdim və bu məsələyə çox ciddi yanaşmağın vacibliyi bildirdim. Eyni zamanda Rusiyanın Azərbaycana qarşı siyasətini ciddi şəkildə tənqid etdim. Yəni Rusiyanın siyasəti Azərbaycana qarşı yönəlibsə, çıxış yolunu NATO-ya üzvlükdə və Avropaya inteqrasiyada gördüyümü prezidentin köməkçisi və onun katibliyinin rəhbəri kimi səsləndirdim. Açıqlama mətbuatda çıxanda prezident mənə bununla bağlı heç nə demədi. Mən işimlə əlaqədar prezidentin yanına hər gün ən azı 10 dəfə girib-çıxmalı olurdum. Həmin gün Heydər Əliyev mənə baxıb gülümsədi və başqa söhbət etmədi. Ancaq Moskva ondan sonra bu məsələ ilə bağlı Heydər Əliyevdən görüş istəmədi. Kremldə artıq Azərbaycanla bağlı məsələlərdə ciddi düşünməyə başladılar və özlərini yığışdırdılar. Bu, Yeltsinin dövründə olan hadisə idi. İndi Paşinyan Putini bir az yumşaltmaq, Rusiyanın qəzəbindən canını qurtarmaq üçün özü ilə gətirdiyi komandanı uzaqlaşdırmağa başlayıb. Bu da İrəvandakı hakimiyyətin nə qədər zəif, aciz olduğunu göstərir.

- Köçəryanın da bundan öncə payızda müqavimət hərəkatının başlaması ilə bağlı bəyanatı olmuşdu. Maraqlıdır ki, onun elan etdiyi tarix də Putinin İrəvana səfəri ərəfəsinə düşür. Bu tarixin seçilməsi təsadüfdür, yoxsa Köçəryanın hansısa planı var?

- Putin açıq-aydın Ermənistanın indiki hakimiyyətinə keçmiş prezidentinlərin həbsi, təqib etdirilməsi ilə bağlı narazılıq mesajını vermişdi. Putinin adından  Sergey Lavrov da bunu bəyan etmişdi. Lavrov Ermənistan hakimiyyətini razılaşmanı pozmaqda ittiham etmişdi. Ermənistanın Konstitusiyasında da prezidentin toxunulmazlığı prinsipi var. Hətta Avropa strukturlarından da bu məsələdə Paşinyana dəstək gəlmir. Əksinə, Köçəryanı müdafiə edən hakimlər Paşinyandan xəbərsiz Venesiya Komissiyasına rəsmi müraciət edirlər. Həmin hakimlər əvvəlcədən Venesiya Komissiyasının qərarını bilirlər. Çünki bu prinsip konstitusiyada əksini tapıbsa, Paşinyan özündən əvvəlki prezidentləri həbs etdirə bilməz. Paşinyanın özünü hansı çətinliklərə saldığına fikir verin. O, iki addım qabağını görmür və bu cür sərsəm addımlar atır. Ona görə də Putinin bu səfəri ikitərəfli münasibətlərlə bağlı deyil. Bu Avrasiya İqtisadi Birliyinin növbəti iclasıdır. Bütün hallarda, bu günə kimi Rusiya rəhbərliyinin Ermənistan cəmiyyətinə göndərdiyi mesajlar, adətən Paşinyan hakimiyyətinin xeyrinə işləməyib. Ona görə də bu istiqamətdə yeni mesajların vriləcəyini də gözləyirəm.

- Ermənistan xarici işlər naziri başda olmaqla, erməni rəsmiləri və ekspertlər tərəfindən son zamanlar Türkiyənin Azərbaycana artan hərbi dəstəyindən narazılıq ifadə olunur. Türkiyənin Naxçıvanda hərbi baza yaratması ilə bağlı həyəcan təbili çalınır. Azərbaycan bu məsələdə niyə susqunluq ifadə edir?

- Elə məqamlar var ki, Azərbaycan diplomatiyası daha fəal və aktiv olmalıdır. Ancaq elə məsələlər var ki, orada müəyyən mənada susqunluq nümayiş etdirmək özü bir diplomatiyadır. Bir misal gətirim: II Dünya müharibəsi gedirdi. Cavan fizik alim Filerov orduya çağırılmışdı. Onun qulluq etdiyi hərbi hissə Rusiya şəhərlərinin birində yerləşirdi. Xidmətdə olduğu dövrdə, fürsətdən istifadə edib yeni nüvə fizikası ilə məşqul olurdu. Yeni elmi əsərlərlə tanış olmaq üçün həmin şəhərdəki kitabxanaya gedir. Orada Almaniyada bu sahəyə aid nəşr olunan jurnallarla tanış olandan sonra, çox narahat olur. Jurnallarda bu sahə ilə bağlı bir dənə də olsa məqalə yox idi. Təcili, Stalinə məktub yazır. Məktubda qeyd edir ki, son dövrlərdə Almaniyada çıxan elmi jurnallarda nüvə tədqiqatları ilə bağlı bir dənə də olsun məqalə yoxdur, tam susqunluqdur. Bu o deməkdir ki, almanlar nüvə silahının istehsalı ilə bağlı ciddi işlər aparırlar. Ona görə də bu sahədə bütün informasiyanı bağlayıblar. Bu susqunluq məhz ona dəlalət edir. Məktub Stalinə çatır. O, məktubu oxuyan kimi akademik Kurçatovu yanına çağırır. Stalin tapşırır ki, Kurçatov üçün şərait yaradılsın və təcili olaraq ordu nüvə silahının hazırlanması işlərini sürətlə qursun. Yəni alman jurnallarının bu sahədəki susqunluğu Moskvaya mesaj idi ki, bu sahədə çox ciddi işlər görülür. Mənə elə gəlir ki, Naxçıvan məsələsində də Azərbaycan tərəfinin susqunluğu düzgün yanaşmadır. Gələcək işlərdə, o cümlədən Zəngəzurun Azərbaycana qaytarılmasında Naxçıvanda yeni formalaşmış ordunun böyük rolu olacaq. Ümumiyyətlə, Naxçıvanı Azərbaycandan ayıran, işğal altında olan Zəngəzurun xəritəsinə baxsaq, oradakı cənub rayonlarımızın sərhədlərini hərbi əməliyyatlarla bərpa edə bilsək, Muxtar respublika ilə Azərbaycanın arasındakı işğal olunmuş Mehri rayonunu bizdən ayıran məsafə cəmi 30-40 km-dir. Azərbaycan ordusu üçün cənub rayonları işğaldan azad olunandan sonra tarixi yanlışlığı (Zəngəzurun itirilməsini) aradan qaldırmaq üçün çox yaxşı strateji imkanlar var. Ermənilərin narahatlığı da məhz bununla bağlıdır. Azərbaycanın bu sahədə fəal açıqlamalar verməsinə ehtiyac da yoxdur. Əsas, görülən işləri yüksək səviyyədə həyata keçirməkdir.

Firuzə Vahid / REDAKTOR.AZ