C. Musaoğlu: “Dəqiqliyi operativliyə qurban vermək olmaz” - “Qarşı tərəfin mövqeyini öyrənmək prinsipi pozulub”

 18:41 27.09.2019     2335

Jurnalist Ekspert Mərkəzinin sədri, jurnalist Ceyhun Musaoğlu ilə reket mətbuat mövzusunda qısa müsahibəmiz oldu. Həmin müsahibəni diqqətinizə çatdırırıq.

Jurnalist Ceyhun Musaoğlu reketliklə məşğul olan mətbuat orqanları haqqında suallarını cavablandırıb:

- Səhv etmirəmsə, Azərbaycan Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı Mübarizə Komissiyasının üzvüsünüz. Deyə bilərsinizmi, adı "Qara siyahı"ya düşən neçə mətbu orqanı var?

- Azərbaycan Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı Mübarizə Komissiyası mütəmadi olaarq toplanır. Şuranın idarə heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru hörmətli Vüqar Rəhimzadənin rəhbərliyi ilə tanınmış jurnalistlər komissiyaya daxil olan şikayətləri araşdırırlar. Jurnalistikanın prinsipləri, “KİV Haqqında” Qanunun tələbləri, Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları pozulubsa, haqqında yazılan şəxsə böhtan atılıbsa, şərəf və ləyaqəti, ağır şəkildə alçaldılıbsa, işgüzar nüfuzauna zərbə vurulubsa, həmin mətbu orqanın “Qara siyahı”ya düşmək ehtimalı çoxalır. “Qara siyahı”ya daxil olan mətbuat orqanların sayı həm arta, həm də azala bilir. Bir müddətdən sonra nöqsanlarını aradan qaldırdığı təqdirdə, həmin mətbuat orqanlaırı adlarının siyahıdan çıxarılması mümkündür. Bu cür hallar bir neçə dəfə baş verib. Biz monitorinq aparırıq, məlum olur ki, onlar həqiqətən də jurnalistika prinsiplərinə hörmətlə yanaşmağa, jurnalistikanın prinsiplərinə əməl etməyə başlayıblar, el dilində desək, düz yola qayıdıblar. Belə nəşrlərin adları "Qara siyahı”dan çıxarılır. Səhv eləmirəmsə, hazırda 91 mətbu orqanının adı “Qara siyahı”ya düşüb.

- Komissiyaya reket jurnalistlərin hansı əməlləri ilə bağlı daha çox şikayət daxil olur?

- Məqalənin müəllifi haqqında yazdığı şəxsə daha çox böhtan atır, qarşı tərəfin münasibətini öyrənmir, birtərəfli qaydada yazı hazırıayır, onun şərəf və ləyaqəti alçaldılır. Şərəf və ləyaqətin alçaldılması, böhtan atılması artıq məhkəmə predmeti ola bilər. Peşə Davranış Qaydalarında müəyyənləşən prinsiplər bir neçə dəfə pozulanda, bununla bağlı komissiyaya bir neçə dəfə kəskin müraciətlər daxil olanda o saytın, qəzetin vəziyyətinin düzəldilməsi üçün onlara vaxt verilir. Şikayət olunan şəxs Mətbuat Şurasına dəvət edilir. Komissiyanın iclasında onunla söhbətlər aparılır, səhv yolda olduğu izah edilir. Peşəkar jurnalistikanın tələbləri çərçivəsində yaza bilməsi üçün hətta həmin şəxsə kömək əlimizi uzadırıq, ona ətraflı izahlar veririk, rəhbərlik etdiyi mətbu orqanın saflaşmasının yollarını göstəririk. Səhvlərini düzəldəndən sonra jurnalistikanın prinsiplərinə uyğun davramaqda davam edəcəksə, bu zaman həmin mətbu orqan yoluna davam edə bilər. Amma komissiya üzvləri ilə razılaşmayanlar, düz yolda olduğunu deyənlər, haqlı və dürüst yazdığını bildirənlər də olur. Əlbəttə onlara nə qədər yanlı olduqları sübut edilir, Azərbaycan jurnalistikasının nüfuzuna xələl gətirdikləri faktlarla diqqətlərinə çatdırılır. Onu da qeyd edim ki, "Qara siyahı"ya düşən KİV orqanlarının çoxu fəaliyətini dayandırmaq məcburiyyətində qalırlar. Birincisi, savadları və düşüncələri onlara düzəlməyə imkan vermir, ikincisi, yazdıqlarını heç kim oxunur və ictimaiyyət nümayəndələri belə mətbu orqanların suallarını cavablandırmır.

- Rastlaşdığınız faktlar sırasında peşəkar, yoxsa qeyri-peşəkar reketçilik üstünlük təşkil edir?

- Peşəkarlıqda reketlik olmur. Peşəkar jurnalistika nəyi tələb edir? Qarşı tərəfin mövqeyini öyrən, böhtan atma, yalan yazma, kimsəni alçaltma, ictimaiyəti doğru xəbərlə dolğun məlumatlandır. Bu gün Azərbaycan jurnalistikasında qarşı tərəfin mövqeyini öyrənmək prinsipi pozulub. Yazını dərc edirlər, sonra da yazırlar ki, qarşı tərəfə zəng etdik, telefonumuza cavab vermədi. Cavab vermədisə, həmin adamın özüylə görüş, məlumatı dəqiqləşdir. Başa düşürəm, operativlik məsələsi də var, ancaq o məlumat yalnız səndər axı, sizin redaksiyaya daxil olub. Daha niyə tələsirsən? Dəqiqliyi operativliyə qurban vermək olmaz. Sən operativ yayarasan, dəqiq olmaz, ancaq həmkarın iki saatdan sonra yayar, dəqiq və dolğun olar. Belədə oxucu kimi oxuyacaq? Əlbəttə, ikincisni. Birincinin nüfuzuna xələl gələcəkmi? Əlbəttə, gələcək. Peşəkar mütləq qarşı tərəfin mövqeyini öyrənməlidir. Peşəkar böhtan atmaz, kiminsə şərəf və ləyaqətini alçatmaz. Hələ bu günə qədər bir nəfər peşəkar jurnalist sadaladığım prinsipləri pozmayıb. Azərbaycanda kəskin şəkildə yazılar yazan peşəkar mətbu orqanlar çoxdur. Amma onların heç biri "Qara siyahı"ya düşmür, çünki jurnalistikanın prinsiplərinə əməl edirlər. Jurnalist hansı bir məsələdə yazı yazacaqsa, neqativ halları işıqlandıracaqsa, o qarşı tərəfin xətrinə dəyəcək, çünki onun haqqında yazılıb. Yazı peşəkar yazılıbsa, qarşı tərəf yazarla bağlı şikayət etməyəcək. “Qara siyahı”ya həm də o nəşrlər salınır ki,o nəşrin jurnalisti bir obyekti, bir nəfəri hədəfə alıb. Təkrar həmin obyektdən yazacaqsa, deməli, burada jurnalistin maddi və şəxsi marağı var. Jurnalistikada isə yalnız ümumi maraq olmalıdır.

Nihadə Eyyubova / Redaktor.az